AZ

Aviasiyanın təmiz enerji axtarışı

Noyabrın 20-də COP29-un Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə nazirlər, hökumət rəsmilər, sənaye liderləri və maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək. Panel müzakirəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “xalis sıfır” (net zero) karbon emissiyasına nail olmaq məqsədini özündə ehtiva edir.

Xatırladaq ki, beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının, təxminən, 2 faizini təşkil edir. Bu, digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə həmin göstəricinin artacağı proqnozlaşdırılır. Ekspertlər isə hesab edirlər ki, hava nəqliyyatına tələbatın yüksəldiyi indiki şəraitdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının, aşağı karbonlu aviasiya yanacağının, eləcə də digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var.

Seçilən
47
xalqqazeti.az

1Mənbələr