AZ

Beynəlxalq təcrübəli media əməkdaşı Ədəbiyyat Muzeyinin qonağı olub

COP29 çərçivəsində Azərbaycana gəlmiş mətbuat nümayəndələrinin bir çoxu ölkəmizin tarixi, ədəbiyyatı və mədəni irsinə maraq göstərir, COP29 tədbirlərini işıqlandırmaqla yanaşı, bu mövzulara da diqqət ayırırlar.

Şri-Lankadan gəlmiş yazıçı-jurnalist Purnima Verasekara da bu məqsədlə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Bu barədə TƏHSİL.BİZ  -ə muzeydən məlumat verilib. Bildirilib ki, Purnima Verasekara muzeyin elmi işçisi Aymən Həsənovanın təqdimatında Azərbaycanın görkəmli şair və yazıçılarının zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olub. Azərbaycan ədəbiyyatı sərgilənən ekspozisiyada əsas məqamlarla yanaşı, mədəniyyətin, incəsənətin müxtəlif sahələri, əsasən xalq yaradıcılığı nümunələri qonağın diqqətini xüsusi cəlb edib. O, Azərbaycan xalqının keçmişini gələcəyə ötürmək missiyasını daşıyan Ədəbiyyat Muzeyi ilə yaxından tanışlıqdan və ətraflı təqdimatdan məmnun qalıb.

Sonda təəssüratlarını muzeyin “Rəylər və təəssüratlar kitabı”nda bölüşən Purnima Verasekara klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli şairləri haqqında məlumatların önəmli olduğunu bildirib. Qeyd edib ki, xüsusən Nizami Gəncəvinin və Xaqani Şirvaninin yaradıcılığı onu daha çox maraqlandırıb. Qonaq bu ziyarətdən böyük zövq aldığını vurğulayıb.

Purnima Verasekara ABŞ-ın nüfuzlu Stenford Universitetinin məzunu olub. O, irimiqyaslı mühüm tədbirlərdə məlumatların yayımlanmasında beynəlxalq təcrübəyə malik, COP29 media nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiyadan keçmiş təcrübəli media nümayəndəsidir.

 

Seçilən
36
tehsil.biz

1Mənbələr