AZ

Xalqımızın milli mövcudluq nişanəsi

Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər uğursuzluğa düçar olmuşdur. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.
Ümummilli Liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı digər bir Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dünyanın gözünü bizə dikildiyi, müzəffər Ordumuzun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyi, düşmən üzərində şanlı qələbə çaldığı bu əlamətdar gündə üçrəngli bayrağımız başımızın üstündə daha qürurla ucalır. İndi Azərbaycanımızın hansı səmtinə, ölkəmizin hansı bucağına, hansı şəhərimizə, hansı kəndimizə baxsaq, orada Azərbaycan bayrağının yeni bir təntənə ilə ucaldığını görərik. Kiçiyindən böyüyünə hər bir Azərbaycan vətəndaşı bu bayrağın altından keçməkdən indi daha böyük şərəf və qürur duyur. İndi hər bir Azərbaycan vətəndaşı öz qəlbinin dərinliklərində yüksəltdiyi bu şanlı bayrağın fərəhini, sevincini yaşayır.
Üçrəngli bayrağımız Azərbaycan dövlətinin müqəddəs rəmzi olmaqla yanaşı, həm də 2020-ci il sentyabrın 27-dən başlayan yeni mənəvi intibahımızın, tarixsəhnəsində yeni yüksəlişimizin ayrılmazmüşayiətçisidir. Azərbaycan milli varlığının ana ocağı, ata qucağı olan Qarabağda yenidən yüksələn bayrağımızın kölgəsində biz bir toplum kimi daha aydın və uğurlu sabaha, daha geniş və parlaq üfüqlərə doğru gedirik.
Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır. Xalqımızın bayrağa sevgisi ildən-ilə daha da artır. Hazırda paytaxtımızın küçə və meydanlarında, binaların eyvanlarında asılan çoxsaylı bayraqlar bunun əyani sübutudur.
Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Seçilən
56
sesqazeti.az

1Mənbələr