AZ

Aygün Ələkbərova: “Beynəlxalq Loqopedlər Günü bu məqsədilə təsis edilib” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

- Bildiyiniz kimi, 14 noyabr - Beynəlxalq Loqopedlər Günüdür. Beynəlxalq Günün mahiyyəti haqqında qısa məlumat verərdiniz...

- 2004-cü ildən keçirilən Beynəlxalq gün loqopedlərin peşə bayramı hesab olunur.

Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasının səbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim, tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğul olur.

Loqopedlər əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla məşğul olurlar. Lakin onlar həm də yaşlıların nitqində kommunikativliyin, ünsiyyətcilliyin təmin olunmasına çalışırlar.

Beynəlxalq Loqopedlər Günü ictimaiyyətin diqqətini nitq pozulmasının aradılmasına cəlb etmək məqsədilə təsis edilib.

- Aygün xanım, uşaqlarda nitqin inkişafına təsir edən amillər hansılardır?

- Nitqin inkişafına mənfi təsir edən 2 əsas amil var. Burada bioloji və sosial-psixoloji amillər nəzərdə tutulur. Bioloji amillərə genetik, nevrolojı, psixi, immun və somatik xəstəliklər aid edilir. Sosial-psixoloji amillər dedikdə isə mikro və makromühitdə alınan streslər, depressiyalar, qorxular və s. nəzərdə tutulur. Çox vaxt ikidilli (bilinqvizm) və ya tam ünsiyyətdən təcrid olunan uşaqlarda nitqin inkişafının pozuntusu müşahidə olunur.

Problemdən asılı olaraq, loqoped, psixiatr, nevroloq, otolarinqoloq, stomatoloq, cərrah və digər mütəxəssislərin müayinəsi tələb olunur.

- Təxminən neçə yaşında uşaqlar artıq səlis danışmağa başlamalıdılar?

- 3 yaşa kimi uşaqların nitqi səlis olmasa da, rabitəli nitqdən istifadə etməyə başlayırlar. 0-3 yaşa kimi uşağın senso-motor inkişaf dönəmidir. Bu yaş dövründə uşaqlar ətrafda olanları öyrənir, adlandırır, analiz edir.

3 yaşdan sonra artıq rabitəli nitq intensiv inkişaf edir. Uşaqların passiv söz ehtiyatı aktiv söz ehtiyatına çevrilir. 4 yaşlı uşağın 3000 -3500 yaxın söz ehtiyatı olmalıdır. Praktiki isə 1500 söz istifadə edir. Cümlələr sadə və ya mürəkkəb olur. Bu dövürdə uşaqlar bir gün əvvəlki hadisəni xatırlayıb danışmalıdırlar. Qurduqları cümlələr 4-8 söz arası olmalıdır. Sözlər arası əlaqəni analiz etməli və düzgün istifadə etməlidirlər. Əşyaları yaşa uyğun təsvir olunmalıdır. Kiçik şeirləri əzbər danışmalı, öyrəndiyi şeirlərin məzmununu izah etməlidirlər. Situasiyaları nitqə çevirib, nitqin bütün kompanentlərindən istifadəsi tövsiyə olunur.

5 yaşda isə tam şəkildə ətrafdakıları anlayırlar. Bu yaşda söz ehtiyatı təxminən 5000-ə yaxın olur. Gündəlik 800-1000 sözdən istifadə edirlər. Cümlələri 6-8 sözdən ibarət və nitq aydın olur. Bütün səsləri düzgün tələffüz edirlər. Dialoqa daxil olur, sual verir, sualları tam cavablandırlar. Süjetli, kiçik mətnləri danışa bilirlər. Antonim sözləri başa düşür, nitqində istifadə edirlər. Sözlərin ilk səsini düzgün anlayıb, deyə, şeir əzbərləyə bilirlər. Oxunan mətn haqqında obrazlı danışırlar.

5 yaşdan sonra artıq şifahi nitqdən yazlı nitqə keçid olur və beləliklə şifahi nitq daha da zənginləşir.

- Uşaqların uzun müddət telefon, televizor, planşet izləməsi, az ünsiyyətdə olmaları onlarda hansı çətinlikləri yarada bilər?

- Müasir dövrdə texnikanın cəmiyətimizin bir hissəsi olmasına baxmayaraq, istər nitq qüsuru olan, istər nitq əlilliyi olmayan uşaqlarda uzun müddətli televizor, telefon, planşet və s. istifadə onların dil bacarıqlarının inkişafına mənfi təsir edir. 0-3 yaş arası uşaqlara ümumiyyətlə texnikalardan istifadə məsləhət görünmür. 3 yaşdan yuxarı uşaqlarda isə bu texnikalardan istifadə məhdud saatlarda olmalıdır.

Texniki vasitələrdən erkən istifadə nitqin inkişafını ləngidir və ünsiyyət problemlərini ağırlaşdırır. Kiçik yaşlarından bu vasitələrdən istifadə edən bir çox uşaqlar gələcəkdə mətnləri, şeirləri, hekayələri dinləyərkən, sözlərin cümlələrlə əlaqələndirilməsində, mənalarının başa düşülməsində, yaddaşda saxlamaqda çətinlik çəkirlər.

- Həmçinin oğlan və qızlarda nitqin inkişafının xüsusiyyətləri və fərqi haqqında bilmək istərdik...

- Nitqin əsas hissəsi sol yarımkürənin mərkəzində yərləşir. Amma müəyyən fərqlər mövcuddur. İlk öncə oğlan və qızların fizioloji inkişafının xüsusiyyətlərindən asılıdır. Qızlarda baş beyin qabığındakı nevronlar arası əlaqələr nitqə cavabdeh olan bölgələrdə daha sürətli formalaşır. Oğlanlar qızlara nisbətən gec (2,5-3 yaş) danışmağa başlayırlar. 4-6 yaşlı qızlar daha yaxşı danışırlar, şəkil çəkirlər, lakin istisnalar da mövcuddur.
Məktəb dövründə oğlanlar məntiq və təfəkkürdən istifadə edirlər. Onların riyazi qabiliyyətləri daha çox inkişaf edir. Qızlara isə hekayələr, mətnlər danışmaq, şeirlər əzbərləmək daha asan olur. Oğlan uşaqları ilk sözlərini qızlardan daha gec tələffüz edirlər, lakin bu o demək deyil ki, oğlanlar inkşafdan geri qalır.

Oğlan və qızlar arasında nitqin başa düşülməsində də fərqlər müşahidə olunur. Qızlar emosional nitqi, oğlanlar isə qısa və lokanik nitqi daha yaxşı qavrayırlar. Qızlar üçün hisslər və duyğular vacibdir. Onlar böyüklərin nitqində də bunu hiss etməyə çalışırlar. Oğlan uşaqları isə dəqiq və sadə konstruksiyalı nitqə üstünlük verirlər.

- Valideynlər loqopedik məşğələlərə gedən uşaqlara necə dəstək ola bilərlər?

- Nitqin inkişafında emosional kontaktın və münasibətin olması çox önəmli rol oynayır. Əgər valideynlər uşaqları ilə emosional bağlılığı tənzimləyə bilməzsə, bu, uşaqda təkcə onun insanlarla kontaktına yox, həmçinin ünsiyyətin formalaşmasına da maneçilik törədə bilər. Ona görə də, valideynlər uşaqları ilə canlı ünsiyyətə daha çox üstünlük verməlidirlər. Teatr, muzey, kitabxana kimi maraqlı və maarifləndirici yerlərdə birgə vaxt keçirməkləri daha məqsədəuyğundur. Oradan aldıqları təəssüratlarını bölüşərək, valideyn öz uşağının daxilində olan müsbət və mənfi potensiallarını aşkar edə bilər.

Bəzən uşaqların nitqlərində qüsur olmasa da, ünsiyyətdə çətinliklə üzləşirlər. Uşaqların daha ünsiyyətcil olmasında valideynlərin və yaxın qohumlarının rolu vacib və əvəzolunmazdır.

Loqopedik məşğələrə gedən uşaqların valideynləri isə, nitq əlilliyi olan uşaqlarının inkişafına inamlı yanaşmaq və potensialını bilərək inkişafını dəstəkləməlidir. Loqopedik korreksiya zamanı müsbət nəticə tez və ya gec özünü göstərəcək. Valideyn isə bu prosesdə uşağına dəstək verərək, onun inkişafına müsbət təsir etməlidir.

- Loqopedik masaj nədir?

- Loqopedik masaj zamanı artikulyar aparata mexaniki təsir edilir. Masaj nitq aparatının əzələsinə, sinirlərinə, qan damarlarının vəziyyətinə müsbət təsir göstərir. Nitq qüsurlarının korreksiyası zamanı kompleksli işin proqramına önəm verilir. Masajın sayəsində artikulyar aparatın əzələlərinin tonusu, səslərin tələffüzünün normallaşması və düzgün nitqin formalaşmasında mühüm rol oynayır.

Loqopedik masaj 10-20 seans aparılır. İlk seanslarda 5-6 dəqiqədən başlayaraq, tədricən 10-15 dəqiqəyə kimi artırılmaqla yerinə yetirilir. Hər masaj seans arası 2-3 ay fasilə olmalıdır. Masajın fərqli dəqiqələr ilə olması uşağın, yaxud nitq əlilliyi olan şəxsin yaşından, nitq qüsurunun dərəcəsindən asılıdır.

Loqopedik masajın faydaları olduqca çoxdur. İlk öncə uşağın ümumi vəziyyətinə yaxşı təsir edir. Masaj sayəsində üz əzələlərinin qan dövranı yaxşılaşır, əzələlərin elastikliyi artır. Sinir sistemində pozitiv dəyişikliklər müşahidə olunur. Artikulyar aktivlik artır, spazm və parezlər aradan qalxır, nitq aparatının bütün orqanlarının hərəkətliyi bərpa olur. Loqopedik masaj sərin, havalandırılması tez-tez dəyişdirilən otaqda yerinə yetirilməlidir. Masaj zamanı loqopat yarımoturaq, yaxud uzanmış vəziyyətdə olmalıdır.

Sonda qeyd etmək istərdim ki, infeksiyon və virus xəstəlikləri olduğu zaman, üzdə və ağız boşluğunda irinli və dəmirov səpgilər olarkən, qıcolma tutmaları zamanı, yüksək temperatur və hiperhəssaslıq zamanı masaj əks göstəriş hesab edilir.


Seçilən
9
2
adalet.az

3Mənbələr