AZ

Jalə Əliyeva: “COP 29 Azərbaycanın beynəlxalq arenada növbət uğurlu özünütəsdiqidir”

Ölkəmiz bugünlərdə bir daha dünyanın diqqət mərkəzinə çevriliib. Dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29, məlum olduğu kimi, 11 noyabr tarixində paytaxt Bakıda öz işinə başladı.
Ötən il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Dekabrın 11-də isə COP28-in Birləşmiş Ərəb Əmirliklərində keçirilən plenar iclasında COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu.
Qərarın qəbulundan bir neçə gün sonra – dekabrın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. “Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək” – deyən dövlətimizin başçısının 2024-cü il yanvarın 13-də imzaladığı sərəncamla Təşkilat Komitəsi yaradıldı. Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəyə malik olması burada da öz sözünü dedi.
Noyabrın 11-də öz işinə start verən COP29 hazırda yüksək səviyyədə keçirilir və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.
COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük beynəlxalq tədbirdir və regionda ilk dəfə məhz bizim ölkədə baş tutur. Bu konfrans siyasi, iqtisadi, turizm, investisiya və regional liderlik də daxil olmaqla, Azərbaycanın bir çox sahələrinə ciddi töhfələr verəcək.
Əvvəla, COP tədbiri keçirən istənilən ölkənin beynəlxalq diqqəti özünə cəlb etdiyini qeyd etmək lazımdır. Əlbəttə, bunun mənfi və müsbət tərəfləri var. Mənfi tərəflərini biz növbəti COP-un Azərbaycanda keçirilməsinə verilən qərardan dərhal sonra hiss etdik. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı az qala qərar qəbul olunan gündən başlayaraq qarayaxma kampaniyasına da start verildi. Bunu konfransın Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev də bildirdi. Bir sıra qüvvələr ölkəmizə qarşı səfərbər olunublar. Bura həm erməni lobbisi, həm də iqtisadi və siyasi lobbi qrupları aiddir. Yəni çoxlu lobbi qrupları belə deyək, anti-Azərbaycan koalisiyasında cəmləşib.
Müsbət tərəflərə gəldikdə isə bu, beynəlxalq diqqəti özünə cəlb etməkdir. Beynəlxalq diqqət isə özü ilə siyasi və iqtisadi dividendlər də gətirir. Belə bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin dünya səhnəsində artan nüfuzunun və liderlik mövqeyinin göstəricisidir. Azərbaycan, geosiyasi cəhətdən strateji mövqeyə malik olmaqla yanaşı, Cənubi Qafqaz regionunda dayanıqlı inkişaf və iqtisadi tərəqqinin aparıcı qüvvəsidir. Son illərdə ölkəmiz iqtisadiyyatın diversifikasiyası və ekoloji davamlılıq sahəsində ciddi islahatlar həyata keçirib və bu sahələrdə uğurlu nəticələr əldə edib. COP29 konfransının Azərbaycanda təşkil olunması, ölkəmizin bu istiqamətdə əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirmək üçün nadir fürsətlərdən biridir.
Azərbaycan uzun müddətdir ki, neft və qaz resursları ilə tanınır, lakin son illərdə dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat strategiyalarına xüsusi diqqət yetirir. COP29 ölkəmizə yaşıl texnologiyaların gətirilməsi və tətbiqi üçün mühüm platforma yaradır. Bu konfrans vasitəsilə Azərbaycan yeni xarici investisiyalar cəlb edə və enerji sektorunda innovativ layihələrə imza ata bilər. Xüsusilə, bərpa olunan enerji mənbələrinə keçid, külək və Günəş enerjisi potensialının inkişaf etdirilməsi sahəsində böyük imkanlar yaradacaq.
Konfransın Azərbaycanda keçirilməsi turizm sektoruna da ciddi təsir göstərəcək. Minlərlə xarici qonağın, o cümlədən hökumət nümayəndələrinin, ekspertlərin və KİV nümayəndələrinin ölkəmizə səfəri turizm gəlirlərinin artmasına və yerli bizneslərin inkişafına səbəb olacaq. Ölkəmiz zəngin mədəni irsi, tarixi abidələri və qonaqpərvərliyi ilə tanınır və COP29 bu üstünlükləri dünya ictimaiyyətinə daha geniş tanıtmaq üçün əla fürsətdir.
Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin qlobal miqyasda mövqeyini gücləndirəcək. Belə bir mötəbər tədbirin təşkili Azərbaycanın iqlim dəyişikliyi məsələlərinə ciddi yanaşdığını və beynəlxalq səviyyədə fəal rol oynadığını nümayiş etdirir. Bu isə Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirəcək və yeni strateji tərəfdaşlıqların qurulmasına təkan verəcək.
Eyni zamanda, ölkəmiz regionda ekoloji liderliyini təsdiqləyərək, digər qonşu ölkələr üçün nümunəyə çevriləcək. Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişaf sahəsində qabaqcıl mövqeyə sahibdir. COP29 çərçivəsində Azərbaycan öz milli strategiyalarını və dayanıqlı inkişaf layihələrini təqdim edərək, regional və beynəlxalq əməkdaşlıq üçün yeni qapılar açacaq. Konfransın Azərbaycanda keçirilməsi, ölkəmizdə iqlim siyasətində islahatların aparılmasına və yeni ekoloji standartların tətbiqinə stimul verəcək. Azərbaycan hökuməti COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə dair yeni qanunlar qəbul etməklə, beynəlxalq dəstəyi daha da artıracaq və yaşıl iqtisadiyyat sahəsində mövqeyini gücləndirəcək.
Nəticədə Azərbaycan təkcə enerji resursları ilə deyil, həm də dayanıqlı inkişaf sahəsində apardığı islahatlar və strateji təşəbbüslərlə dünya miqyasında tanınacaq. Bu konfrans ölkəmizin beynəlxalq arenada imicini daha da gücləndirəcək və Azərbaycanın qlobal məsələlərdə fəal iştirakını təmin edəcək. Beləliklə, COP29 Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq nüfuzuna böyük töhfə verəcək, ölkəmizi iqlim dəyişikliyinə qarşı mübarizədə aparıcı rol oynayan dövlətlərdən biri kimi təsdiqləyəcək. Azərbaycan öz dayanıqlı gələcəyini təmin edərək, dünya ölkələri üçün əsl nümunə olacaq.
Jalə Əliyeva 
Milli Məclisin deputatı 
Seçilən
114
50
xalq.az

10Mənbələr