AZ

BU GÜNÜN VƏ GƏLƏCƏYİN SUMQAYITI...- 1-Cİ YAZI

Noyabrın 22-də sənaye şəhəri Sumqayıtın yaranmasının 75 illiyidir...

Əməkdar incəsənət xadimi, yazıçı-rejissor, publisist, ictimai xadim, SSRİ dramaturqları laureatı, “Qızıl Dərviş”, Osman Mirzəyev adına mükafatlar laureatı, Prezidentin mükafatçısı,  Əməkdar incəsənət xadimi  Ağalar İdrisoğlu Sumqayıt şəhərinin həyatı və onun insanlarına həsr etdiyi “Əfsanələrdən yaranan şəhər və onun insanları” adlı kitabı üzərində son tamamla işlərini görür.  Bu barədə o "Təzadlar"a açıqlamasında bildirdi. Sumqayıt şəhərinin 75 illik yubileyi  ərəfəsində həmin kitabdan kiçik bir hissəni çoxminli oxucularımızın ixtiyarına veririk:  

Sumqayıtın  keçmiş tarixinə bir nəzər                                                          

 "Sumqayıt xoşbəxtlərin, gözəl insanların, ayrı-ayrı millətlərdən olan xalqların birlik, həmrəylik şəhərdir. Sumqayıt kiçik bir Azərbayandır".

                                                                                    Heydər Əliyev

 Sumqayıt şəhərinin yaranmasının 75 illiyi ərəfəsində bu şəhərdə yaşadığım 48 illik həyatım bir kino lenti kimi gözlərimin qarşısından keçir... nBu şəhər mənim kimi, minlərlə həmyaşıdlarımın, bizdən böyüklər və kiçiklərçün ikinci Vətəni, tale şəhəri sayılır. Bu həmin şəhərdir ki, vaxtı ilə əhalisinin sayına, sənaye müəssisələrinin istehsalına, potensial gücünə, gözəlliyinə, səliqə-sahmanına görə, Zaqafqaziyada dördüncü şəhər sayılırdı. İndi isə ikinci şəhər sayılır.  Bu həmin şəhərdir ki, adına əfsanələr qoşulub,  romanlar, pyeslər, şeirlər, dastanlar, mahnılar yazılıb. Ssenarilər əsasında sənədli, bədii kinofilmlər çəkilib. Buradakı xarüqələri, gözəllikləri görməkçün dünyanın hər yerindən minlərlə insanlar gəlib və bu gözəlliklərdən məmnun olublar.  Hətta elələri olub və  heyrətə gəliblər  ki, bu qumsallığın üzərində belə bir gözəl, yaraşıqlı  şəhəri necə salıblar...

                               Keçmiş tarixə kiçik bir nəzər

Bu gənclər şəhərində gecə yarısına, bəzən də səhərə kimi  insanlar kinoteatrlarda, klublarda, konsertlərdə və başqa maraqlı tədbirlərdə böyük həvəslə iştirak edir, qayğısız ömür sürür, böyük istək və həvəslə zavodlarda, fabriklərdə, tikinti meydançalarında işləyir, yorulmaq nə olduğunu belə  bilmirdilər. Axşamlar işdən sonra sumqayıtlılar bayramsayağı bəzənib, gül-çiçəklə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, “Ümid” Teatr-Studiyasının,  Sumqayıt Gənclərinin  Tənqid- Təbliğ Xalq Teatrının, Cəfər Cabbarlı, Səməd Vurğun, Nəriman Nərimanov, 28 may ( keçmiş Oktyabr), İnşaatçılar adına Mədəniyyət  evlərindəki, Dostluq, Veteran, Gənclik və başqa klubların  bədii özfəaliyyət kollektivlərinin, xalq teatrlarının və eləcə də bu şəhərə qastrola  gələn məşhur kollektivlərin, tanınmış  incəsənət, ədəbiyyat xadimlərinin çıxışlarına, biri-birindən maraqlı kinofilmlərə baxmaqçün böyük həvəslə gəlirdilər. Həmin vaxtlar sumqayıtlılar öz istirahət saatlarını çox mənalı keçirirdilər. O vaxtlar şəhərdə yaşayan insanların sifətində bir doğmalıq, sevinc, xoş  əhval-ruhiyyə vardı. Həmin vaxtı Sumqayıtda millət söhbəti yox idi. Bütün millətlər bir-birilə doğma, dost idi. Hətta bədnam erməniləri  də  biz özümzə dost bilib, kirvə də edirdik. Bütün bunlar da azərbaycanlıların ürəyigenişliyindən, sadəlövlülüyündən irəli gəlirdi.... Açığı elə bu ürəygenişlik, qan yaddaşımızın olmaması və sadəlövlülük də  tarixlər boyu bizə pislik edənlərin əlində tutatrlı bir silah olub...

***

Sumqayıtlılar  bahar, yay, payız aylarında, istarahət və bayram günlərində ellilikcə, kollektivlə dəniz kənarındakı parka gəlir, hər kollektiv bir tərəfdə süfrə açıb, ailəlikcə, dostlarla, tanışlarla bir qismət çörək kəsir, Nəsimi adına parkdakı Yay Estrada səhnəsində və özlərinin həyət meydançalarındakı səhnələrdə göstərilən konsertlərə, əyləncəli proqramlara maraqla tamaşa edirdilər. Sumqayıtlılar öz şəhərlərini çox sevirdikləri üçün tez-tez iməciliklər keçirib, parklarda, meydançalarda, həyətlərdə ağaclar, gül kolları əkir və hər birini də göz bəbəyi kimi qoruyurdular ki, bu yaşıllıqlar qumsallıq şəraitdə boy atsın, inkişaf etsin, şəhəri gözəlləşdirsin. Axı burada, qumsallıqda ağac, gül  əkib, onu ərsəyə gətirmək, bu ağalara qol-qanad vermək o qədər də asan deyildi. Bu, insanlardan böyük səbr, hünər tələb eləyirdi. Bir vaxtlar Sumqayıt, burada yaşayan millətlərin  hamısının şəhəri olduğuna görə,  əkilən, min bir zəhmətlə böyüdülən ağacları  kəsmək heç kimin ağlına  belə  gəlmirdi. Bunu həmin adam özü üçün ən böyük təhqir və şərəfsizlik bilirdi.

1

Bu şəhər, sevənlər, sevgililər, qayğısız, mehriban, xoş güzəranda yaşayan insanların şəhəri idi. Deməli, bu “ölü şəhər” deyildi. Bu həqiqətən diri, qaynar  şəhər idi.  “Ölü şəhər” adı isə həmin vaxt düşmənlərimizin dəyirmanına su tökənlər tərəfindən ona bir damğa kimi vurulmuşdu. Çünki bu şəhərin inkişafı, sözün həqiqi mənasında xarüqələr yaratması, dünyada tanınması, istehsal etdiyi yüksək keyfiyyətli məhsulların dünya bazarında baha qiymətə satılması, düşmənlərimizin ürəyincə deyildi. Ona görə də düşmənlərimiz bu şəhəri həmişə gözdən salmağa, ona damğa vurmağa çalışırdılar. O vaxtlar biz, bütün bunların nə məqsədlə edildiyini başa düşmürdük. Sumqayıt haqqında deyilən tənqidi fikirlərə adi bir söhbət kimi baxırdıq. Hərdən bəzi dönüklərimiz də bu şəhəri “top” atəşinə tuttrdu. Amma bilmirdik ki, bu tənqidlərin altında böyük qara fikirlər yatırmış… 1988-ci ilin fevral ayında bütün bunlar üzə çıxdı. Bizi “erməni genasidində” suçlayan erməni vandalları Sumqayıtda öz millətlərinə qarşı görünməmiş böyük cinayətlər törədərək, bunu azərbaycanlıların üstünə yıxmaq istəslər də amma bu iyrənc oyunları alınmadı və özləri dünyada xar oldular...

Artıq 2024-cü ilin noyabr ayının 22-də Sumqayıtın şəhər statusu almasının 75 ili tamam olur. Bütün bu illərdə Sumqayıta  çirkab atanlar çox olduğuna görə, bəzən əsl həqiqət yaddan çıxıb və ya ikinci plana keçib. Hətta həyatını bu şəhərin inkişafı yolunda şam kimi əridən, bu şəhərdə əvəzsiz xdmətləri olan insanlardan elələri var ki,  onlar da  yaddan çıxıb və unudulublar. Onların adları əbədiləşməyib. Haqqlarında lazımi səviyyədə yazılar yazılmayıb.  Bu şəhərin inkişafında böyük xidmətləri olanların yaşadıqları binalara xatirə lövhələri  belə  vurulmayıb. Adlarına küçə, məktəb, sosial obyektlər verilməyib. Onların bəziləri hətta sağlığında da özlərinin layiqli qiymətlərini almayıblar. Ona görə də bu kitabda həmin yaddan çıxan, qiymətləri layiqinə verilməyən insanlar haqqında daha geniş yazmağı, həmin insanları tanıyanların qiymətli fikirlərini yazmağı planlaşdırmışam. Çünki həmin insanlar heç vaxt unudulmamalıdırlar. Ümumiyyətlə, mənim fikrimcə, təbirimcə  nəcib əməllərlə yaşayan insanlar  unudulmamalıdırlar. Amma çox sevindirici haldır ki, artıq bu şəhərə doqquz ildir ki, rəhbərlik edən Zakir Fərəcov bir vaxtlar layiqili qiyməti verilməyən insanların çoxuna layiqi qiymətini verib. Onlardan bəzilərinin adına küçələr verilib. Bəzilərinin yaşadığı evlərə xatirə lövhələri vurulub. Bəzilərinin adına məktəblər verilib. Bu, əlbəttə, çox böyük təqdirlə layiq bir işdir... Bunu keşmiş rəhbərlər də edə bilərdilər. Bəs niyə etməyiblər?.. Belə sualların sayı həddindən artıq çoxdur...

 Sumqayıt niyə bir şəhər kimi salındı

Ona görə də ilk öcnə  Sumqayıtın nə məqsədlə yaranması haqqında oxuculara qısa məlumat vermək istəyirəm.

1922- ci ildə Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyi, Sovet  Sosialist Respublikaları İttifaqı  hökumətinin  rəhbərliyinə belə bir teleqramla müraciət edib: “Azərbaycanda neft sənayesini inkişaf etdirməkçün boru istehsal edən zavod tikintisinə icazə verilməyinizi və  həmin zavodun inşası üçün maliyyə köməkliyi etməyinizi  Sizdən  xahiş  edirik”. Bu teleqrama həmin vaxt müsbət cavab alınsa  da, Azərbaycan rəhbərliyində əsas aparıcı vəzifələrdə qeyri azərbaycanlılar daha çox işlədiyinə görə, məsələnin müsbət həll olunmasına imkan verilməyib.

Artıq  1935- ci ildə də belə qərar qəbul olunub ki, Bakı ətrafında İstilik Elektrik Stansiyası, alüminium, metallurgiya və kimya zavodları tikilsin. Bununla bağlı iyun ayının 28-də Bakıdan Moskvaya dəvət olunan mütəsəxəssilərin iştirakı ilə SSRİ Sənaye Xalq Komissarlığının müşavirəsində mühüm danışıqlar aparılıb. Həmin müşavirə iştirakçılarına dövlət tapşırığı olaraq, Abşeron yarımadasında İstilik Elektrik Stansiyasının və digər sənaye kombinatlarının tikilməsi üçün ərazinin seçilməsi tapşırığı verilib. Həmin komissiya belə qənaətə gəlib ki, Bakının şimalında, Sumqayıt dəmiryol stansiyası yaxınlığında yeni şəhərin  və sənaye kombinatlarının salınması mümkündür. Amma çox maraqlıdır ki, bu qərar  da altı ay kağız üzərində qalıb.  Çünki Moskvada əsas vəzifədə olan və Azərbaycan milləinə qarşı həmişə düşmən mövqeyində olanlar buna imkan verməyiblər...

1936- cı ilin əvvəlində, artıq Mir Cəfər Bağırov məktubla İosif Vssarionoviç Stalinə müraciət edərək, Azərbaycanda boru istehsal edən zavodun tkilməsinin  çox labüd və vacib olduğunu, məntiqi dəlillərlə həmin məktubda yazıb. Stalin də həmin məktuba müsbət  cavab verib.

Beləliklə, Azərbayan rəhbərliyi boru istehsal edən zavodu tikməkçün yer axtarmağa başlayıb. Və belə qərara gəliblər ki, Bakıdan 40 kilometr şimalda, Xəzər dənizinin sahilində və əvvəlki komissiyanının müəyyyənləşdirdiyi yerdə bu zavodu tikmək olar. Həm də bu zavodda işləyəcək insanlarçün kiçik bir yaşayış massivi, on iki min nəfərlik peyk şəhərciyi də salmaq olar. Amma heç kimin ağlına gəlməzdi və təsəvvür eləməzdi ki, bu kiçik peyk şəhəriyi sonralar böyüyüb, 400-500 min əhali yaşayan bir gözəl şəhər olacaq. Adı dünyada tanınacaq. Adına mahnılar, şeirlər, dastanlar, bədii, sənədli əsərlər qoşulacaq. Haqqında bədii, sənədli kinofilmlər çəkiləcək. Rəssamlar bu şəhərin insanlarını və gözəl mənzərələrini  özlərinin rəsm əsərinə köçürəcəklər. Bu şəhərdə yaşayan insanlar öz şəhərlərini dünyanın ən gözəl şəhərlərindən üstün tutacaqlar. Bu şəhər dünya elminə çoxlu alimlər, məşhur mütəxəssislər, elm, təhsil, mədəniyyət işçiləri, məşhur həkimlər, tanınmış yazıçılar, idmançılar  bəxş edəcək...

1-sum-3

Artıq elə 1936- cı ilin sonuna kimi bu ərazidə indiki Sumqayıt Elektrik Stansiyasını tikməkçün ilk taxta baraklar və istilik mərkəzinin inşaatçılarının yaşaması məqsədi ilə qəsəbə salındı. Balaca qəsəbə salındıqca, məlum oldu ki, burada böyük şəhər salmaqçün hər  cürə imkanlar var. Çünki bu yerin bir tərəfindən dəmir yolu, bir tərəfindən şosse yolu keçir. Həm də bura dəniz sahilində yerləşdiyinə görə,  gələcəkdə burada dəniz yolu da salmaq mümkündür. Amma  çox əfsus ki, bu günə qədər həmin dəniz yolunun salınmasını sumqayıtlılar səbirsizliklə gözləyirlər... Eləcə  də Sumqayıta metrio çəkilişi də planlaşdırlsa da əfsus ki, bu gözəl ideya hələ ki, reallaşmayıb. Əfsus. Çox əfsus...

Beləliklə, gələcək şəhəri salmaqçün sənədlər, layihələr, smeta xərcləri hazırlandı. Hətta 1939- cu ildə Boruyayma zavodunu tikməkçün də qərar qəbul olundu və qısa bir vaxta işlərə başlanıldı...

1941- ci ilin fevral ayının 13- də Sumqayıt 1 nömrəli İstilik Elektrik Stansiyası ilk cərəyan verməyə başladı. Bu da artıq ilk qələbə idi. Özü də təkcə yerli camaatın dili ilə “Suqayıt”  adlanan bu yerdə çalışan insanlarçün yox, həm də respublika üçün bir qələbə  idi. Bu müəssisənin də əsas məqsədi, Bakıda olan neftçıxarma müəssisələrinə əlavə işıq vermək idi.

Lakin Böyük Vətən Müharibəsinin başlanması, azərbaycanda bütün işlər kimi, Sumqayıt qəsəbəsinin və Boruyayma zavodunun da tikintisini yarımçıq qoydu. Burada çalışan inanların çoxu müharibəyə getdi. O vaxtlar Sumqayıt qəsəbəsinin salınmasında iştirak edən və bu yerlərdə ilk binaların özülünü qoyanlardan biri Mikayıl  Məmməl oğlu Ələkbərovun adı qısa vaxtda məşhur oldu. Belə ki, 1943- cü ilin oktyabr ayının 26- da SSRİ Ali Sovetinin fərmanı ilə Mikayıl Ələkbərova döyüşlərdə göstərdiyi böyük qəhramanlığa, igidliyə  görə, ölümündən sonra Sovet İttifaqı Qəhramanı adı verildi. Sumqayıtlılar belə bir qəhraman oğlu ilə fəxr etməyə başladılar. Bundan ruhlanan Sumqayıt 1 nömrəli İstilik Elektrik Sansiyasının işçiləri öz əmək haqlarından və müəssisənin gəliri hesabına təyyarə alıb, müharibəyə göndərdilər. İ. V. Stalinin həmin vaxtlar onlara göndərdiyi təbrik teleqramı da  SSRİ-nin bütün aparıcı qəzetlərdə çap olundu.

1944-cü ildə artıq qələbənin yaxınlaşdığını görən SSRİ Müdafiə Komitəsinin rəhbərliyi yanvarın 17- də Zaqafqaziya Sənaye Tikinti Trestini ( “Zaqpromstroy”) yaratmaqçün qərar verdi. Bu təşkilatın da əsas işi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada nəhəng tikililər aparmaq,  yeni zavodlar, fabriklər, yaşayış massviləri tikmək və köhnə, yarımçıq qalmış tikililəri bərpa etmək idi. Bu nəhəng təşkilata da Moskvada Polad və Ərintilər İstitutunu bitirmiş, mühəndis ixtisasına yiyələnmiş, Şimali Uralda yerləşən Metallurgiya zavodunda təcrübə keçmiş, Dneprovestin, Baykal-Amur kanalının tikintisində iştirak edən, 1938- ci ildən isə  Azərbaycan Xalq Toxuculuq komissarı vəzifəsində işləyən Mehbalı Əmiraslanov rəhbər təyin olundu. Mehbalı Əmiraslanov özünün  yazdığı xatirələrində həmin illəri xatırlayaraq, belə yazırdı: “ Mir Cəfər Bağırov məni bu vəzifəyə təyin edəndən sonra, yanına çağırdı və dedi ki, bu gündən  “Zaqpromstoy”  təşkilatının bütün qüvvəsini Boruyayma zavodunun tikintisinə və orada yaşayış massivi salmağa cəmləşdirməlisən. İdarəni də köçür Sumqayıta. Elə həmin gündən də texnikanı Sumqayıta daşınmağa başladıq. O vaxtlar belə nəzərdə tutulmuşdu ki, bura Bakının peyk şəhərciyi olacaq. Ən çoxu da burada 12 min insan yaşayacaq”.

Bəli. O zaman Azərbayan rəhbərliyi belə fikirləşirdi. Amma indi artıq Sumqayıt şəhərinin əhalisi qaçqın və köçkünlərlə birlikdə 500 min nəfərdən çoxdur. Və əhalinin sayı günü-gündən artır.  Şəhərdə yeni mini zavodlar və fabriklər tikilir. Yaşayış massivləri salınır. Sumqayıt və onun rəhbərləri bu şəhərin əvvəliki şöhrətini geri qaytarmaq istəyirlər… İnanıram ki, bu müqəddəs arzu tezliklə reallaşacaq.

Beləliklə, 1944-cü ilin əvvəllərindən Zaqafqaziya Sənaye Tikinti Trestinin rəhbərliyi artıq Sumqayıtda öz işlərinə başladı. Mehbalı Əmiraslanov həm də arıq bu peyk şəhərciyində  gedən bütün işlərə də rəhbərlik edirdi. Bir növ tikilən şəhərin ilk rəhbəri sayılırdı. Çünki respublika rəhbərliyi məhz  onunla məsləhətləşir və onunla hesablaşırdı. Artıq 1944- cü ildə Sumqayıtda 1 nömərəli Dəmir-Beton Məhsulları zavodu yaradıldı. Deməli, artıq Sumqayıtda böyük işlər görmək, buranı sənaye şəhərinə çevirməkçün ilk realllıqlar yarandı. Artıq işlər çoxaldıqca Mehbalı Əmiraslanovçün bütün bu işləri görmək çətin olduğundan, 1944- cü ildən Sumqayıt qəsəbəsinə çox böyük təşkilatçı insan, dəyərli ziyalı Yəhya  Məmmədovu partiya komitəsinin katibi təyin etdilər. Həmin vaxtı isə bu şəhər Bakının bir rayonu sayılırdı. Yəni Bakı şəhərinin tabeliyində  olan rayon idi. Yəhya Məmmədov da Moskvada Polad və Ərintilər İnstitutunda təhsil almışdı. Bir müddət Ukranyna  Respublikasının Zaporojye şəhərində Metallurgiya Kombinatında mühəndis-konstruktor vəzifəsində çalışmışdi. 1932- ci ildə Bakıya gəlib, “Bakı fəhləsi” zavodunda baş mühəndis və Azərbayan Metallurgiya İstitutunun direktoru işləmişdi. Həddindən artıq təşkilatçı insan idi. Bütövlükdə qanı və canı ilə azərbaycanlı idi...

Ağalar  İDRİSOĞLU,

yazıçı-rejissor,  jurnalist,

Əməkdar incəsənət xadimi

(Davamı var)

 

"Təzadlar"

 

 

Seçilən
29
50
tezadlar.az

10Mənbələr