AZ

“Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbir keçirilib - FOTO

Bu gün COP29 çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə bu regionlarda iqlim maliyyəsinin mövcud vəziyyəti və gələcək potensialı müzakirə edilib.

Tədbirdə Dünya Bankı, Beynəlxalq Əməkdaşlıq üçün Yaponiya Bankı, Paşa Bank, Astana Beynəlxalq Maliyyə Mərkəzinin nümayəndələri çıxış ediblər.

Dayanıqlı investisiya, dövlət-özəl tərəfdaşlığı haqqında danışan Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Roland Prays qeyd edib ki, iqlim dəyişikliyi Cənubi Qafqazın hər üç ölkəsinə nəzərəçarpacaq dərəcədə təsir edib. Cənubi Qafqazda ən böyük problemlərdən birinin su qıtlığı olduğunu vurğulayan regional direktor burada əsas məsələnin dövlət və özəl sektorun əməkdaşlığı olduğunu qeyd edib:

"Bəzi çətinliklər, quraqlıq və su qıtlığı, ekstremal temperatur hər 3 Cənubi Qafqaz ölkəsində hər il orta hesabla 100 milyon dollardan çox itkiyə səbəb olur. Dünya Bankı olaraq "Yaşıl enerji"yə keçiddə Cənubi Qafqaz ölkələrinə təhlil və proqramlarla dəstək veririk. Adaptasiya və keçidlə bağlı 75-85 faiz investisiyalar özəl sektor tərəfindən qarşılana bilər. Bunda dövlət və özəl sektor arasında tərəfdaşlıq qaçılmazdır. Dövlət özəl sektorun bu sahəyə daxil ola bilməsinə şərait yaratmalıdır. Maliyyə resursu əldə etmək üçün maliyə mənbəyi alətlərini müəyyənləşdirmək və özəl sektorun qapısını açmaq lazımdır".

Beynəlxalq Əməkdaşlıq üçün Yaponiya Bankının İcraçı Məmuru Hiroko Yano iqlim maliyyəsinin formalaşdırılması üçün əsas məsələnin beynəlxalq əməkdaşlıq olduğunu vurğulayıb.

Dünya Bankının əməkdaşlıq etdiyi ölkələrlə iş zamanı bürokratik əngəllər yaratması barədə danışan Roland Prays Dünya Bankının siyasətində bürokratiyanın olduğunu təsdiqləyib. Qeyd edib ki, bu bürokratiya əməkdaşlığın ilkin mərhələsində, sənədləşmə prosesində nəzərə çarpsa da, sonrakı mərhələlərdə qaydalar yüngülləşir.

Paşa Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin formalaşdırılmasında ən güvənli alətlərdən danışanda bildirib ki, bu məsələ ümumiyyətlə, layihələrin forması, mexanizmlər, iqlim siyasətləri və s. də daxil olmaqla bir çox nüansdan asılıdır.

Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) Yaşıl Maliyyə Mərkəzinin baş direktoru Manas Gizhduaniyev maliyyənin yeni yaşıl dəhlizləri sayılan yaşıl istiqrazlardan danışarkən qeyd edib ki, Qazaxıstan 2020-ci ildə ilk yaşıl istiqrazlarını buraxıb və bu sahədə öhdəliklərini yerinə yetirdiyini bir daha göstərib. Zəmanətə yararlı və bank üçün etibarlı layihələrin azlığını vurğulayan Manas Gizhduaniyev bu sahədə işlər görülməsinin vacibliyini qeyd edib.

Sahilə Cabbar

“Cənubi “Cənubi
Seçilən
48
apa.az

1Mənbələr