AZ

Beqlaryanın ortaqları kimlər olublar? – gizli faktlar üzə çıxdı

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qondarma rejimi necə soyduğu barədə dəhşətli faktlar üzə çıxıb.

Medianews.az Baku TV-yə istinadən xəbər verir ki,  Ermənistanın DOK Partiyasının təsisçisi, bloqer Vardan Qukasyanın açıqlamasına görə, “Fleş” şirkətinin rəhbəri Barseq Beqlaryan keçmiş qondarma rejimdən 600 milyon dram, təxminən 2,6 milyon manat təzminat alıb.

B.Beqlaryan iddia edib ki, 44 günlük müharibə dövründə guya Füzuli rayonunda ona məxsus yanacaqdoldurma məntəqəsi olub və həmin məntəqə Azərbaycan Ordusu tərəfindən məhv edilib. Buna görə də, özünə dəymiş zərərə görə Araikdən nə az, nə çox, düz 600 milyon dram qopara bilib. Partiya lideri bildirib ki, həmin yerdə, ümumiyyətlə, yanacaqdoldurma məntəqəsi olmayıb və o bunu sübut edəcək faktlar ortaya qoyur.

Müharibədən sonra separatçı rejimdə ciddi sosial böhran yaranmışdı. Faktiki olaraq çöküş ərəfəsində olan, insanların ən adi tibb və yemək ehtiyaclarını qarşılamaq imkanından məhrum olan bir rejimin iş adamının uydurma iddiası əsasında bu qədər vəsait verməsi məsələnin məğzinin tamamilə başqa cür olduğunu göstərir. Əvvəla, Barseq Beqlaryan müstəqil iş adamı deyil. Onun idarə etdiyi biznes, xüsusilə də “Fleş” şirkəti ölkənin keçmiş prezidenti Serj Sarqsyan və ailə üzvlərinə məxsusdur.

Hansı ki, B.Beqlaryan pul qoparmaq üçün bəhanə etdiyi yanacaqdoldurma məntəqəsinin məhz bu şirkətə aid olduğunu iddia edirdi. “Fleş”in Ermənistanda yanacaqdoldurma məntəqələri var və sadə ermənilər belə onların, əslində, S.Sarqsyana məxsus olduğunu bilir. Arxasında Nikol Paşinyanın dayandığı Araik Arutyunyan heç vaxt Barseq Beqlaryana bu pulu özbaşına verməz. Demək ki, onu buna kimsə məcbur edib. Şübhəsiz ki, bu şəxs Serj Sarqsyandır.

Serj Ermənistanın müdafiə naziri olduğu dövrdə separatçı rejimdəki qanunsuz silahlı dəstəyə edilən kadr təyinatları birbaşa onun iradəsi əsasında formalaşmışdı. B.Beqlaryanın rəhbərlik etdiyi “Fleş” şirkəti təkcə qondarma rejim daxilində deyil, həm də Ermənistanın özündə də kifayət qədər maliyyə cinayətlərinə yol verib. S.Sarqsyan hakimiyyətdə olduğu müddətdə həyata keçirilən dövlət tenderləri onun sifarişi ilə “Fleş” şirkətinə verilib və bu şirkət tender əməliyyatlarından milyonlar qazanıb. Nəticədə B.Beqlaryan ölkənin ən zəngin iş adamı ünvanını qazanıb.

Bu kimi faktlarla bağlı Ermənistan Xüsusi İstintaq Xidməti Serj Sarqsyan və Barseq Beqlaryanın əmlakına həbs qoyub. Keçmiş prezident və iş adamı 2013-cü ildə bir qrup vəzifəli şəxslə birlikdə dövlətə məxsus 489 milyon 160 min 310 dram pulu mənimsəməkdə ittiham ediliblər.

Seçilən
19
2
medianews.az

10Mənbələr