AZ

Azərbaycan arağının qələbədə rolu - “Tamamilə məxfi” sənədlər

Kulis.az Müsəllim Həsənovun "Döyüşən əsgər üçün yüz qram" yazısını təqdim edir.

Qələbənin "tamamilə məxfi" səhifələrindən

Sovet radiosu Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatması barədə məlumatı 1945-ci il mayın 9-da Moskva vaxtı ilə saat 14.10-da səsləndirib.

Moskvanın Qızıl meydanında qələbə paradı iyunun 24-də təşkil olunub. Deyilənə görə, ilk vaxtlar paradı İ.Stalin özü qəbul etmək istəyib. Hətta bu məqsədlə at sürməyi öyrənməyə başlayıb. Amma atdan yıxıldığı üçün fikrindən daşınıb və... paradı marşal G.Jukov qəbul etməli olub...

Bu qələbənin qazanılmasında təbii ki, saysız-hesabsız amillərin rolu olub. Və bu barədə kifayət qədər filmlər çəkilib, çoxlu kitablar yazılıb, dissertasiyalar işıq üzü görüb. Amma bu qələbənin qazanılmasında bir amil - rus arağının rolu barədə bir qayda olaraq ancaq mətbəxlərdə, qeyri-rəsmi yerlərdə, Azərbaycanda isə daha çox çayxanalarda danışılıb.

Halbuki bu məsələdə qeyri-adi və kriminal heç nə yoxdur.

Müharibə illərində əsgər və zabitlərə araq şəxsən İosif Stalinin əmrlərinə əsasən verilib. Sadəcə, bu əmrlərin üstündə mütləq “tamamilə məxfi” qrifi olub. Bu qərarlar niyə məxfi saxlanılıb, bu, başqa məsələdir.

Bu vaxta qədər arxivlərdə üstündə "məxfi", "tamamilə məxfi", "surətini çıxarmaq olmaz", "dərhal geri qaytarılmalıdır2 və s. tipli qeydlər olan çoxlu sənəd görmüşəm. Bütün bunlarla yanaşı arxivlərdə bir də "xüsusi qovluq"lar (“osobaya papka”) olur. O qovluqların çoxu hələ də "xüsusi" olaraq gözdən könüldən uzaq saxlanılır.

Amma müharibə illərində əsgər və zabitlərə araq verilməsi ilə bağlı sənədlərin üstündən məxfilik qrifi artıq götürülüb.

İlk dəfə belə bir sənədi bir neçə il əvvəl Bakı arxivlərindən birində görmüşdüm.

Uzun illər "Tamamilə məxfi" qrifindən əlavə, "Xüsusi qovluq" adı altında gizlədilən həmin sənəddə Zaqafqaziya Cəbhəsi Hərbi Şurasının 0088 nömrəli qərarı "gizlənir".

1942-ci il sentyabrın 20-də Tbilisidə qəbul olunmuş həmin qərarda deyilir: "...Hərbi Şura qərara alır: Azərbaycan SSR Xalq Komissarları Sovetinə tapşırılsın ki, bu il sentyabrın 22-ə qədər cəbhənin ərzaq idarəsinə 5 min dekalitr araq göndərilməsini təmin etsin!"

Bir dekalitrin 10 litr maye demək olduğunu nəzərə alsaq, 5 min dekalitr 100 min yarımlitrlik araq şüşəsi deməkdir. Əgər nəzərə alsaq ki, təkcə bir həmin qərarla Gürcüstan SSR-dən Azərbaycandan daha çox – 40 min dekalitr araq tələb edilmişdi, onda müharibədə spirtli içkinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini təsəvvür etmək çətin olmaz.

Sən demə, ilk dəfə döyüşən ordudakı əsgər və zabitlərə araq verilməsi təcrübəsi hələ 1940-cı ildə - sovet-fin müharibəsində tətbiq edilib.

Mənfi 40 dərəcəyə qədər şaxta olan Kareliya yarımadasında yüz qram araq Xalq Müdafiə Komissarı K.Voroşilovun adından verilib və tezliklə bu hədiyyə "narkom yüz qramı" kimi məşhurlaşıb.



Böyük Vətən Müharibəsi illərində isə döyüşən əsgər və zabitlərə araq verilməsi barədə “tamamilə məxfi” qrifli əmri İ.Stalin ilk dəfə 1941-ci il avqustun 22-də imzalayıb:

"1941-ci il sentyabrın 1-dən başlayaraq döyüşən ordunun ön xəttində olan qızıl əsgərlərin və rəis heyətinin hər birinə gündə 100 qram 40 dərəcəli araq verilməsi qaydası müəyyən edilsin".

Həmin il avqustun 25-də bu qərara bir qədər düzəliş də edilir: "Bu, əmr döyüşə göndərilən təyyarəçilərə və hərbi aerodrom işçilərinə də şamil olunsun..."

Görünür, hamıya kütləvi şəkildə araq verilməsi hansısa neqativ hallara gətirib çıxarır və Stalin fikrini dəyişir.
1942-ci il mayın 11-də Dövlət Müdafiə Komitəsinin yeni əmri imzalanır: "1942-ci il mayın 15-dən döyüşən ordunun şəxsi heyətinə kütləvi şəkildə gündəlik araq verilməsi dayandırılsın".

Amma tamamilə yox...

Əmrin ikinci bəndində qeyd olunur ki, gündəlik araq verilməsi praktikası yalnız ön xətdə vuruşan və alman işğalçılarına qarşı döyüşlərdə uğur qazanan hərbi qulluqçulara şamil edilsin. Bu hissələrin hərbi qulluqçularına araq verilməsi norması adambaşına 200 qrama qaldırılsın. Ön cəbhənin qalan hərbi qulluqçularına 100 qram araq norması yalnız bayram günlərində tətbiq olunsun...

Görünür, bu qərar da "dahi rəhbər"in gözlədiyi effekti vermir və aradan heç bir ay keçməmiş – iyunun 6-da Stalin imzaladığı əmrin üstündə qırmızı karandaşla düzəliş edir.

Stalin yeni əmrdə "döyüşlərdə uğur qazanan" ifadəsinin üstündən xətt çəkir və "200" rəqəmini "100"-lə əvəz edir: "Gündəlik 100 qram araq norması yalnız hücum əməliyyatlarında iştirak edən ön cəbhə hissələrinin hərbi qulluqçularına verilsin".

Yəqin Stalin hiss edib ki, 200 qram bir az çoxdur...

Təxminən, il yarım sonra, Stalinqrad uğrunda döyüşlər ərəfəsində Stalin yenidən araq məsələsinə qayıdır.

1942-ci il noyabrın 12-də imzalanmış əmrlə artıq bilavasitə ön cəbhədə və səngərdə olan hər kəsə sutkada 100 qram verilir. Ehtiyatda olan döyüşçülər, tikinti-quraşdırma işində çalışanlar, habelə yaralanıb hərbi hissələrdə müalicə alanlar üçün norma 50 qram müəyyən edilir.

Bütün əsgər və zabitlərə bayram günlərində 100 qram vermək qaydası isə dəyişmir.

Zaqafqaziya cəbhəsində məsələyə bir qədər fərqli yanaşılır. Adambaşına 100 qramlıq araq norması 200 qram spirt qatılmış şərab və ya 300 qram süfrə şərabı ilə əvəz olunur. Görünür, bu da Qafqaz zonasında havaların mülayim keçməsi ilə bağlı olub...

1943-cü il aprelin 30-da Stalin "Döyüşən ordu hissələrinə araq verilməsi qaydası haqqında" daha bir əmri bu dəfə... göy karandaşla imzalayır: "1943-cü il mayın 3-dən döyüşən ordu hissələrində şəxsi heyətə gündəlik kütləvi araq verilməsi dayandırılsın".

Amma həmişəlik yox...

Əmrin ikinci bəndində nəzərdə tutulur ki, yalnız ön cəbhədə vuruşan və yalnız hücum əməliyyatlarında iştirak edən hərbi qulluqçulara 100 qram verilsin.

Yenə də Stalinin düzəlişi ilə: "Hansı ordu və birləşmələrdə araq verilməsinin vacib olduğunu cəbhələrin və ayrı-ayrı orduların hərbi şuraları müəyyən edir".

Sovet ordusunda əsgər və zabitlərə araq vermək praktikasına yalnız 1945-ci il mayın 9-dan – qələbə günündən sonra son qoyulur.

Məlumat üçün deyim ki, bütün bu əmrlərin orijinalı Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivinin 644-cü fondunda saxlanılır...

Seçilən
26
kulis.az

1Mənbələr