AZ

Azərbaycan Tekstil Assosiasiyası ilə "Uztextilprom" arasında Memorandum imzalandı

Bu gün COP29 Global forumu zamanı Mavi Zonada təşkil olunan “Daha Yaxşı Pambıq” konfransı zamanı  Azərbaycan Tekstil Assosiasiyası ilə “Uztəxtilprom” Assosiasiyası arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru  Fəridə Axundova və “Uztəxtilprom” Assosiasiyasının Sədri Mirmuxsin Sultanov imza atıblar.

Bu Memorandum iki təşkilat arasında strateji tərəfdaşlığın başlanğıcıdır və davamlı inkişaf, ekoloji məsuliyyət və COP29 prinsiplərinin tətbiqi əsasında tekstil sənayesinin inkişafına yönəlib.

Əməkdaşlığın əsas məqsədləri dayanıqlı tekstil texnologiyaları və ekoloji təmiz istehsal sahəsində təcrübə mübadiləsi, hər iki ölkənin tekstil sənayesində enerji effektivliyi və texnologiyaların tətbiqinə dəstək, həmçinin karbon izinin azaldılması və tullantıların idarə olunmasını əhatə edən COP29 standartlarına uyğun qlobal təşəbbüslərin dəstəklənməsindən ibarətdir.  

"Bu razılaşma, Azərbaycan və Özbəkistan arasında tekstil sənayesində əlaqələrin dərinləşdirilməsi üçün vacib bir addımı təşkil edir," deyə Farida Axundova bildirib. "Birlikdə, regionda  pambıq və tekstil istehsalında dayanıqlı inkişafı təşviq edə  və qlobal ekoloji problemlərin həllində önəmli addımlar ata və bilərik."

"Uztextilprom"un sədri Mirmüxsin Sultanov, Özbəkistanın pambıq sənayesinin qlobal əhəmiyyətini vurğulayaraq bildirib:

"Özbəkistan, tekstil sektorunda zəngin ənənələri və geniş təcrübəsi ilə dünyanın aparıcı pambıq istehsalçılarından biridir. Azərbaycan Tekstil Assosiasiyası ilə bu tərəfdaşlıq, hər iki ölkənin qlobal tekstil və pambıq bazarlarında iştirakını gücləndirmək üçün vacib bir addımdır. Birlikdə, ortaq irsimizi və müasir imkanlarımızı birləşdirərək, beynəlxalq səviyyədə daha güclü və rəqabətqabiliyyətli bir mövqeyə nail ola bilərik."

Memorandum çərçivəsində tərəflər əməkdaşlığın nəticələrini qiymətləndirmək və yeni təşəbbüsləri planlaşdırmaq məqsədilə illik görüşlərin keçirilməsi, həmçinin tekstil sənayesində innovasiyaların təşviqinə yönəlmiş birgə tədbirlərin təşkili barədə razılığa gəliblər.

Memorandumun imzalanması Azərbaycanın və Özbəkistanın tekstil sahəsində əlaqələrinin güclənməsində mühüm addımdır. Bu əməkdaşlıq qlobal ekoloji çağırışların həlli və regionda davamlı inkişafın təşviqi üçün yeni perspektivlər açır.

Azərbaycan Tekstil Assosiasiyası (ATA) ölkənin tekstil sənayesinin inkişafını və qlobal rəqabət qabiliyyətini dəstəkləyir. İstehsalçıları və dizaynerləri bir araya gətirərək, ATA əməkdaşlığı, keyfiyyət standartlarını və dayanıqlı təcrübələri təşviq edir. Assosiasiya, uğurlu təcrübələri paylaşaraq və inkişafı təşviq edərək, tekstil istehsal zəncirinin bütün üzvlərini dəstəkləmək üçün çalışır.

Yeniliklərə və ekoloji cəhətdən təmiz istehsala diqqət yetirən ATA, sənayenin iqtisadi inkişaf və mədəni irsin qorunmasındakı rolunu gücləndirir. Ətraflı məlumat üçün //textile.az/ ziyarət edin.

Özbəkistan Tekstil və Tikiş Sənayesi Assosiasiyası, "Uztekstilprom," 2017-ci ildə yaradılmış və 2000-dən çox tekstil və tikiş şirkətini birləşdirir və dəstəkləyir. Assosiasiya Özbək istehsalçıları ilə beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığı gücləndirir, Tekstil Həftəsi kimi tədbirlər təşkil edərək sənayenin nailiyyətlərini nümayiş etdirir.

Uztekstilprom, təhsil, standartlaşma və beynəlxalq uyğunluğa diqqət yetirərək ITMF və UNECE kimi qlobal təşkilatlarla dayanıqlı inkişafı təşviq edir. Bu təşəbbüslər Özbəkistanın qlobal tekstil sektorunda rəqabətqabiliyyətli və məsuliyyətli bir lider kimi mövqeyini gücləndirməyi hədəfləyir. Ətraflı məlumat üçün uzts.uz ziyarət edin.

Seçilən
42
hit.az

1Mənbələr