AZ

Tramp Qərbi qorxuya salıb – “Zaman-zaman dəyişikliklərin şahidi olacağıq”

Məlum olduğu kimi, ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp komandasını formalaşdırmaq yolunda addımlar atmağa başlayıb. Məsələn, o, Florida ştatından investor Steven Vitkoffu Yaxın Şərq üzrə xüsusi elçi təyin edəcəyini bildirib. Respublikaçı prezident ölkənin müdafiə naziri vəzifəsinə “Fox News” telekanalının aparıcısı və ABŞ ordusunun veteranı Pit Heqsetin namizədliyini irəli sürüb. Bundan başqa, amerikalı senator Marko Rubio da dövlət katibi vəzifəsinə əsas namizəd kimi göstərilib.

Trampın təyinatları ölkə daxilində olduğu kimi, bəzi Qərb dövlətləri tərəfindən də narahatlıqla qarşılanır. Hətta Fransa Prezidenti Emanuel Makron Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı zamanı “suveren Avropa” ideyasının reallaşdırılmasının vacibliyindən danışıb.

Görəsən, Trampın birinci prezidentlik dönəmi ilə hazırkı arasında hansı ciddi fərqlər ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Ramiyyə Məmmədova bildirdi ki, Tramp kabinetini artıq özü müstəqil şəkildə formalaşdırır:

Ramiyyə Məmmədova

“Trampın birinci prezidentlik dönəmi ilə hazırkı arasında ciddi fərqlər var. O zaman komandasını partiyası ilə birlikdə formalaşdıran prezident indi müstəqil şəkildə bu qərarı verir. Özünə, siyasətinə və düşüncəsinə uyğun insanlar Trampın administrasiyasında yer almaqdadır. Respublikaçı bununla da komandasını çevik hala gətirəcək. Həmçinin bunu da qeyd etmək yerinə düşər ki, onun təyin etdiyi insanlar qatı baxışları ilə seçilir. Məsələn, müdafiə naziri keçmiş hərbçi və jurnalistdir. O, orduda gender məsələsinə diqqəti ilə seçilir. Həmçinin Yaxın Şərq və BMT-yə təyin olunan səfirlər də İsrailə dəstəyi ilə tanınır. Bunun da nəticəsidir ki, indi İsrail xalqı revanş çağırışları edir”.

Ekspert vurğulayıb ki, Trampın hakimiyyətə gəlməsini bəzi Avropa ölkələri istəmirdi:

“Fransa da daxil olmaqla, bəzi Qərb dövlətləri Trampın prezident olmasını istəmirdilər. O, birinci prezidentlik dönəmində Aİ üzvlərini Avropanın ABŞ-yə olan borcu ilə hədələyirdi. Həmçinin NATO-dan çıxma məsələsi də gündəmdə idi. Lakin ABŞ-nin bu addımı atması mümkün deyil. Ümumiyyətlə, Tramp hakimiyyəti dönəmində Yaxın Şərqdə və digər proseslərdə vəziyyət fərqli olacaq. Rusiya – Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən addımlar atılır. Trampın rusiyalı həmkarı ilə telefon danışığı aparması ilə bağlı iddialar var. Mümkündür ki, bu məsələdə hansısa yenilikləri görəcəyik. O, məcburi şəkildə olsa da, Ukraynanı masaya oturdacaq. Baydenin vaxtında Ukrayna nəsə edə bilməyibsə, Trampın dövründə bu çətin görünür. Donald biznesmendir. O, iqtisadi baxımdan ölkəsini irəli aparmaq istəyir. Həmçinin Çinin genişlənməsinin də qarşısını almaq əsas planlar arasındadır. Odur ki, Tramp adminstrasiyası dövründə birdən-birə olmasa da, zaman-zaman dəyişikliklərin şahidi olacağıq”.

Məlik Məlikov,
KONKRET.az

Seçilən
96
konkret.az

1Mənbələr