AZ

İnsanlara zərər yetirən METAFİZİK VARLIQLAR: Vəsvəsə yaradır, fikri başqa yerə yönəldirlər…

Cinçıxarma (Eksadsizm) Şərqdə bir dini peşə növü kimi inkişaf edib. “Qurani-Kərim”də də cinin adı çəkilir. Xristianlıqda isə lənətlənmiş mələklər cin hesab olunur. Belə varlıqlarla qarşılaşdığını, hətta qorxudan rəngi-ruhu saraldığını, çildağ (qorxunu götürən) vasitəsilə özünə gəldiyini iddia edənlər də var.

Əslində cin nədir? Müqəddəs kitablarda onlardan bəhs olunarkən, barələrində nələr qeyd edilir? Cinçıxarma deyilən bir peşə həqiqətən də varmı? Kiminsə bədəninə, ruhuna cinin girməsi, yaxud kiminsə onu çıxarması mümkündürmü? Elmi baxımdan bütün bunları necə izah etmək olar? Yaxud, Azərbaycandan başqa heç bir yerdə olmayan çildağ (qorxunu götürən) vasitəsilə qorxunu, neqativ enerjini çıxarmaq, kimisə müalicə etmək mümkündürmü? Dinimizdə bununla bağlı da hər hansısa məlumat varmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib ki, cinçıxarma hər nə qədər bəzi müsəlman ölkələrində bir peşə kimi inkişaf etsə də peyğəmbərin təcrübəsində belə bir hala rast gəlinməyib.

Onun sözlərinə görə, dini mənbələrdə Həzrəti Məhəmmədin kimdənsə cin çıxarmasına dair fakt yoxdur: “Əksinə, peyğəmbər şeytandan Allaha sığınmağı dualar vasitəsilə, Allahın adını çəkməklə bizə əmr edib. Peyğəmbər təcrübəsində, dövründə belə bir presedentə biz rast gələ bilmirik. Bəli, “Qurani-Kərim”də cinlər haqqında danışılır. Ümumiyyətlə, cinlər İslam nöqteyi-nəzərinə görə, metafizik varlıqları təmsil edirlər. Metafizik varlıqlara Allah, mələklər, cinlər və bizim bilmədiyimiz varlıqlar daxildir. Allah-Taala bunların tüstüsüz oddan yaradıldığını qeyd edir. Onlar metafizik varlıqlardır. Yer üzünü tənzimləyən fizika qanunları onlara şamil edilmir. Üstəlik, cinlərin mövcudluğuna inam İslam etiqadının əsasını əmələ gətirir. Onlara inanmaq lazımdır. Cinlərin zərərinə gəlincə, mötəbər olan mənbələr onların daha çox mənəvi zərər toxundura biləcəyindən söz açır. Onlar insana vəsvəsə verə bilər, insanın fikirlərini fərqli istiqamətə yönəldə bilər. Bu baxımdan biz cinlərin ancaq zərər verməsi haqqında danışırıq”.

İlahiyyatçı-alim qeyd edib ki, cinlərin insan bədəninə daxil olmasını iddia etmək insan oğlunun Allah-Taala tərəfindən onun yer üzündəki nümayəndəsi seçilməsi prinsipinə ziddir: “Yəni, yer üzündə insan allahın varisidir, onun təmsilçisidir. İnsana cin adlanan metafizik varlığın fiziki olaraq hakim kəsilməsi bu nöqteyi-nəzərdən qeyri-mümkündür. Bəli, dediyimiz kimi, şeytan insana vəsvəsə verə bilər, onu yoldan çıxarmağa çalışar. “Qurani-Kərim”də açıq şəkildə göstərilir ki, şeytan zəifdir, onu güclü edən sizsiniz. İnsan nəfsinə uyduqda, nəfsinin tovlamalarına baş əydikdə, şeytanın dediklərini edir. Beləliklə də şeytanı gücləndirir”.

Fəlsəfə doktoru E.Məmmədov vurğulayıb ki, qorxunun müalicəsi kifayət qədər mürəkkəb məslədir: “Tibbi nöqteyi-nəzərdən çildağ qorxunun götürülməsinə xidmət edirmi? Bu mənə məlum deyil. Lakin müəyyən otlar var ki, onları yandırmaqla qorxunu götürürdülər. Bu, əslində həmin otda hansısa fövqəl təbii və yaxud da mistik gücün olmasından xəbər vermir. Əksinə, həmin otların tərkibində sinirləri keyləşdirən maddələr olduğundan, o tüstünü udan şəxsin istər-istəməz sinirləri sakitləşir və qorxu müvəqqəti olaraq götürülür. Qorxu xroniki bir hala gəlibsə, onu sadəcə sinirləri keyləşdirməklə aradan qaldırmaq mümkün deyil. Prosedur davamlı şəkildə olmalıdır, sinirlər sakitləşməlidir. Ümumiyyətlə, İslam dini bu kimi halların müalicəsində mütəxəssis rəyinə etimad göstərməyi bizə əmr edir. Onlar bu barədə nə deyirsə, fikirlərini əsas götürməliyik. Mütəxəssis o şəxs hesab olunur ki, sahib olduğu biliklərlə problemləri həll edə bilir”.

Nailə QASIMOVA

Seçilən
4
medianews.az

1Mənbələr