Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Bu istiqamətdə Azərbaycanın hazırlıqları birinci növbədə qanunvericilik, hüquqi bazanın yaradılması istiqamətində işlərin başlanğıcından ibarətdir. Yəni illər öncə Azərbaycan həm alternativ enerji, enerji ilə bağlı qanunvericilik bazasının yaradılması istiqamətində addımlar atıb, müvafiq qanunvericilik aktları qəbul olunub. Eyni zamanda, alternativ enerji mənbələrinə keçidlə əlaqəli dövlət strukturlarının yaradılması istiqamətində artıq Azərbaycan müəyyən addımlar atıb və nəhayət, alternativ enerji mənbələrinin yaradılması üçün zəruri material və maliyyə bazasının yaradılması yönümündə işləri var. Bəzi başqa ölkələrdən, yəni neft, qaz ölkələrindən fərqli olaraq Azərbaycanın öndə olan və qabaqlayıcı mövqeyini əsaslandıran amillərdən biri budur ki, hələ illər öncə Azərbaycan alternativ enerji mənbələrinə keçidin dünyanın gələcəyi ilə bağlı olduğuna lazımi dəyəri verib. Yəni bəlkə də başqa ölkələr hələ fərqinə varmayanda ki, qazıntı yanacaqları ilə bağlı problemlər yaranacaq və dünya iqlim dəyişikliklərinin ciddi fəsadları ilə üz-üzə qala bilər, bəlkə başqa ölkələr bunun o qədər fərqinə varmayanda Azərbaycan lazımı qədər fərqinə varmışdı ki, mütləq alternativ enerji mənbələrinə keçid qaçılmaz bir kurs olacaq. Ona görə də hələ illər öncə neftdən, qazdan gələn gəlirin müəyyən hissəsinin biz Azərbaycanda günəş, külək stansiyalarının yaradılmasına və yaşıl hidrogen mənbələrinin yaradılmasına sərf etdiyinin şahidi olmağa başlamışıq. Bu, artıq dünya üçün zəruri olan enerji transferinin Azərbaycanda illər öncə dərk olunmasının bir ifadəsidir. Yəni enerji transferi ilə bağlı addımların aparılması, Azərbaycan üçün hadisələri, dünyəvi prosesləri qabaqlamaq cəhdidir. Mütərəqqi cəhdi və onun nəticələri artıq özünü göstərməyə başlayır. Artıq Azərbaycan alternativ enerji mənbələrinin yaradılması ilə bağlı bir çox ölkələrdən fərqli addımlarla irəliyə doğru gedib. Yəqin ki, COP29 tədbirindən sonra ölkənin yaşıl enerji transferində mühüm dəyişikliklərin şahidi olacağıq. Həm də artıq Azərbaycanın bu sahədə böyük təcrübə və irəliləyiş addımların sahibi olduğunu görən müxtəlif beynəlxalq qurumlardan da lazımi dəstəyi ala biləcəyik. Bir sözlə, Azərbaycan enerji transferi mərhələsinə hazırlıqlı şəkildə gedir, iradəvi şəkildə gedir, həmişəlik seçilmiş bir kurs olaraq gedir və bunun da nəticəsini Azərbaycanın alternativ enerji mənbələrinin yaradılması sahəsində bütün başqa dövlətlərdən üstün nəticələrin, daha böyük nəticələrin ortaya qoyulmasında özünü göstərəcək".