Soyuq aylarda ən çox qarşılaşdığımız sağlamlıq problemləri boğazın qıcıqlanması və öskürəkdir.
Lakin bundan qısa müddətdə xilas olmaq mümkündür. İstər xalq təbabəti, istərsə də dərmanlarla onların öhdəsindən gəlmək olar.
Hit.az öskürəkdən xilas olmağınıza kömək edəcək 7 yolu təqdim edir:
1. Gün ərzində bol miqdarda su için. Nəzərə alın ki, su, bitki çayları və şorba kimi mayelər bəlğəmin bədəndən daha asan xaric olmasına kömək edir.
2. İsti duş və ya buxar vannası qəbul etmək tənəffüs yollarını rahatlaşdırır.
3. Toz və kir allergenlərin tənəffüs yollarına keçməsi öskürməyə səbəb ola bilər. Ona görə də evinizi mütəmadi olaraq havalandırın.
4. Əgər boğanız ağrasa, duzlu su ilə qarqara edə bilərsiniz. Bu, boğazın qıcıqlanmasını azaldır və infeksiyaya səbəb olan mikrobların təmizlənməsinə kömək edir. Bunu üçün yarım çay qaşığı duzu bir stəkan ilıq su ilə qarışdıraraq qarqara etmək lazımdır.
5. Bal və limondan da istifadə edə bilərsiniz. Belə ki, bal və limonla bir stəkan ilıq su içmək boğazı sakitləşdirir və bəlğəmi aradan qaldırır.
6. Zəncəfil və kəklikotu isə təbii bəlğəmgətiricidir. Bir neçə dilim təzə zəncəfil və ya bir çay qaşığı kəklikotu ilə dəmlənmiş çay içərək öskürəyinizi aradan qaldıra bilərsiniz.
7. Əgər öskürəyiniz çox şiddətlidir və ya uzun müddət keçmirsə, həkim tövsiyəsi ilə öskürək və ya bəlğəmgətirici dərmanlardan da istifadə edə bilərsiniz.
Qeyd: Öskürək 2 həftədən çox davam edər, yüksək hərarət, nəfəs darlığı və ya sinə ağrısı ilə müşayiət olunarsa, həkimə müraciət etməyiniz tövsiyə olunur.
Pərviz