AZ

Bayrağımız müstəqilliyimizin rəmzidir

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri  

9 noyabr ölkəmizdə Dövlət Bayrağı Gününün rəsmi dövlət bayramı olaraq qeyd edilməsi dövlətçiliyə, dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisidir. Bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul edilib, 1920-ci ilin aprel ayınadək Dövlət Bayrağı statusuna malik olan Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixində imzaladığı müvafiq Sərəncama əsasən noyabrın 9-u bütün dünya azərbaycanlıları üçün müqəddəs bir təqvimə çevrildi. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir.

Suverenliyimizin simvolu olan Dövlət bayrağımızın təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr Qanunu ilə tənzimlənir. Dövlət bayrağı ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilib. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli siyasəti, Şəhidlərimizin və Qazilərimizin canı və qanı bahasına, qəhrəman Əsgər və Zabitlərimizin igidliyi və xalqımızın bir yumruq kimi öz liderinin ətrafında birləşməsi sayəsində torpaqlarımız düşmən işğalından azad edildi. 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiyası proseslərinə də start verildi. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsidir.

Bu gün üçrəngli, hilallı, ulduzlu bayrağımız Şuşada, Xankəndində, qan yaddaşımız olan Xocalıda, Ağdərədə, Qarabağımızın hər yerində dalğalanır. 

Seçilən
68
yeniazerbaycan.com

1Mənbələr