AZ

"Son 30 ildə Azərbaycan CAREC ölkələrinə 4,2 milyard ABŞ dolları birbaşa investisiya yatırıb" -

 

Son 30 il ərzində Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələrindən Azərbaycana birbaşa investisiyalar 1,4 milyard ABŞ dolları, Azərbaycanın CAREC ölkələrinə birbaşa investisiyaları isə 4,2 milyard ABŞ dolları təşkil edib.

Missiya.Az report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.

"Azərbaycan CAREC-ə üzv ölkələr ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir. Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla CAREC üzv dövlətləri arasında ticarət dövriyyəsi təxminən 4 milyard ABŞ dolları təşkil edib və həmin dövrdə CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətindəki payı 11,5 % olub. Qarşılıqlı investisiyalarda da eyni müsbət dinamikanı müşahidə edirik", - M. Cabbarov qeyd edib.

CAREC Nazirlər Konfransında İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı təqdim olunacaq. Fəaliyyət Planı CAREC-in təşəbbüslərini şaxələndirəcək, regional iqlimə uyğunlaşma və təsirlərin azaldılması layihələrinin hazırlanmasına, həyata keçirilməsinə dəstək verəcək, tərəfdaşlar arasında koordinasiyanı gücləndirəcək.

Eyni zamanda konfransda regional iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması layihələrinin konseptuallaşdırılması təşəbbüsü irəli sürüləcək, biliklərin mübadiləsi aparılacaq.

Qeyd edək ki, ADB tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir.

Seçilən
18
12
missiya.az

10Mənbələr