AZ

Türk Dövlətləri Təşkilatı artıq güc mənbəyinə çevrilmişdir

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı qazandığı parlaq zəfər sayəsində tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyası da bərpa edildi. Yeni türk tarixinin ən parlaq zəfəri türk birliyinin daha da güclənməsi üçün yeni yollar açdı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda da göstərildiyi kimi, Naxçıvanı doğma Azərbaycanla birbaşa əlaqələndirəcək Zəngəzur dəhlizinin açılması ilə  həm də vaxtilə süni əngəllərlə ayrı salınan türk dünyası bir-birinə yenidən bağlanacaq. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Yeni reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir.

Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişaf etdiyi istiqamətlərdən biri də Təhlükəsizlik məsələlərində də əməkdaşlıq sahəsidir. Bu ilin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında Dövlətimizin başçısının dediyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatının ötən illərdəki fəaliyyə­tinin xronologiyasının təsviri nöqte­yi-nəzərindən mühüm istiqamətlərlə zəngin olduğunu aydın şəkildə görə bilərik. Həmin istiqamətlərin hər bi­rində ölkəmizin imzasının olması hər kəsə yaxşı məlumdur. Azərbaycan qu­rumun müxtəlif səviyyəli toplantılarını gerçəkləşdirib, onun stukturlarının for­malaşmasına təşkilati və texniki dəstək göstərib ki, bütün bunlar üzv dövlətlərin cəmiyyətlərinin bir-birinə sıx şəkildə in­teqrasiyasında həlledici missiyadır.

Azərbaycan, Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra maliyyə və praktiki dəstək tədbirləri həyata keçirib. Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişafı, regionda sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb olur. Gələcəkdə daha da çox sahədə birgə layihələrin həyata keçirilməsi, regional inteqrasiyanın dərinləşməsi və yeni iqtisadi dəhlizlərin yaradılması gözlənilir.

Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Əminliklə deyə bilərik ki, türk dövlətləri gələcəkdə də, daha böyük nailiyyətlərə imza ataraq qlobal destabilliyin aradan qaldırılmasına önəmli töhfələr verəcəklər.

Seçilən
41
1
yeniazerbaycan.com

2Mənbələr