İranda Azərbaycan dili tədris oluna bilər.
Belə ki, İran Parlamentinin Təhsil, tədqiqat və texnologiya Komissiyasının sədri Əlirza Munadi Sefidan rəhbərlik etdiyi komissiyada ölkənin məktəb və universitetlərində yerli, etnik dillərin tədrisi layihəsinə yenidən baxıldığını deyib. O, layihənin təsdiqləndiyini açıqlayıb. Əgər layihə icra olunsa, Azərbaycan dilinin Güney məktəblərində tədrisi başlayacaq.
Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, İran Konstitusiyasının 15-ci maddəsinə görə, ölkədə rəsmi yazışma dili olan fars dili ilə yanaşı, digər dillərin də inkişafına şərait yaradılmalıdır:
"Bu hüquq İran xalqlarına 1979-cu il Konstitusiyası ilə verilib.
Lakin paniranist rejim heç zaman bu hüququ qeyri-fars millətlərinə verməyib. Ölkədə iki inqilab lideri-yəni İranın rəhbəri olub, neçə prezident dəyişib, ancaq hiyləgər rejim hər dəfə bir bəhanə uyduraraq bu qanunun yanından keçib. Hələ Təbrizin millət vəkili olarkən Məsud Pezeşkian dəfələrlə bu məsələni gündəmə gətirib. Lakin heç nəyə nail ola bilməyib. İndi prezidentdir. Seçki kampaniyası dövründə gözqamaşdıran vədlər verdi. Bu vədlərlə türklərin, kürdlərin, ərəblərin, bəluçların səsini aldı. İndi isə vədi yerinə yetirmək zamanıdır".
Ekspert qeyd edib ki, İranda tədris ili sentyabrın 22-dən başlayıb:
"İki aydan sonra belə bir qərar verilib. Mən bu qərarın həyata keçəcəyinə inanmıram. Hansısa dairələr müəyyən missiyaya uyğun olaraq Məsud Pezeşkianı “Yusif Sərrac” obrazında prezident etdilər. Mən başından demişəm ki, onun missiyası Azərbaycanla, Türkiyə ilə soyuq münasibətləri aradan qaldırmaqdır.
İran Parlamentinin Təhsil, tədqiqat və texnologiya Komissiyasının sədri Əlirza Munadi Sefidanın qeyri-fars dillərində məktəb layihəsi başlaya bilər, bu çərçivədə 3-4 kurs da aça bilərlər. Lakin İran rejiminin qeyri-fars dillərinə, özəlliklə türk dilinə münasibəti dəyişməyəcək. Türk dilini sərbəstlik versələr, bu dil İranın ikinci rəsmi dili olacaq.
Çünki ali rəhbər, prezident, XİN rəhbəri, ordu və SEPAH generalları bu dildə danışırlar".
Elman Cəfərlinin sözlərinə görə, türk dilini azadlıq versələr, İran tədricən “məxməri” yolla türkləşəcək:
"Bunu hansı dəli edər? Yuxarıdan islahatla, deyək ki, “Pezeşkian açılımı” ilə türk dilinə veriləcək azadlığın ömrü qısa olacaq.
Üzündən fəqirlik yağan, əlacsız olduğu açıq görünən Pezeşkian bu məsələdə çox dərinə getsə, ona “qırmızı kart” göstərəcəklər. Bir dəfə türk dilində müsahibə verdi, fars şovinistləri ona son helikopter qəzasını xatırlatdılar, son dəfə milli fəallarla görüşündən sonra irançılar onun yadına terrorla öldürülmüş azərbaycanlı prezident Əbülhəsən Bənisədrin aqibətini saldılar.
Belə bir mühitdə hansı dil azadlığından danışmaq olar? Nəticədə, türk dilinə azadlığı yuxarıdan verməyəcəklər. O azadlığı biz özümüz almalıyıq. Güneyi yönləndirməliyik, Güney Azərbaycanda siyasi cəhətdən yetkin toplum, fəallar, liderlər yaratmalıyıq.
Güneydə ana dilinin inkişafının qayğısına qalmalıyıq. Bunun yollarını tapmalıyıq".