AZ

Türk dünyasının həmrəyliyi daha da möhkəmlənir

Türkdilli dövlətlərin birliyinin dünyaya təqdimatında öz sözünü deyən Azərbaycan Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımları ilə diqqətdədir. Ölkəmizin quruma sədrliyi dövründə atdığı addımların xronologiyasına diqqət yetirmək kfayətdir. Bu mühüm məqamları da qeyd etməliyik ki, Azərbaycanın sədrliyi dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı dövrə təsadüf etdi. Bütün hallarda Azərbaycan bu birliyi, həmrəyliyi qorumaq və daha da möhkəmləndirmək üçün səylərini əsirgəmədi.

Dünya hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında türk dünyasının birliyini görüb. Noyabrın 6-da Bişkekdə keçirilən “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində də iki qardaş, dost Azərbaycan və Türkiyə Prezidentlərinin görüşü oldu. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
Zirvə görüşündəki çıxışlarda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə bu kimi addımların ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi qeyd olundu. İkitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edildi, əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dövlətimizin başçısı Zirvə görüşündəki çıxışında qeyd etdi ki, son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Bu mühüm məqamı da qeyd edək ki, cari ilin sentyabrında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqları arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcək. Həmin ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları elmdən iqtisadiyyata, siyasətdən humanitariyaya qədər bir çox sahələrdə daha da yaxınlaşacaq, onların birlikdə hərəkət etmək qabiliyyəti artacaq.
Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirdi. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.
Azərbaycan türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Bunu qarşılıqlı səfərlərin dinamikası da təsdiqləyir. Bu səfərlər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində əlaqələrimizin gələcək inkişafında hüquqi baza olan sənədlərin imzalanması mərasimi keçirilir. Hər bir addım münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır.
Ümumilikdə Azərbaycanın tarixi Zəfəri türk dünyasının həmrəyliyinin artmasında stimulverici amil oldu. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərin hər biri Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadı.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Seçilən
39
sesqazeti.az

1Mənbələr