AZ

İrəvanın ABŞ və Qərbdən ala bilmədikləri: Onların hamısı indi Azərbaycanın əlində cəmləşib

Rəsmi İrəvan Qərbdən ümidini tədricən kəsməyə başlayıb, ABŞ, Avropa Birliyi və Fransanın siyasi dəstəyinə baxmayaraq, Ermənistana real təhlükəsizlik təminatının heç vaxt verilməyəcəyini artıq anlayır... Əgər, Paşinyan hakimiyyəti reallıqdan uzaqlaşmazsa və “xəyali revanşist hədəflər”in girovuna çevrilməzsə, Ermənistan üçün Azərbaycandan təhlükəsizlik və inkişaf təminatları ala bilər...

Ermənistan siyasi dairələrində hazırda müəyyən çaşqınlığın yaşandığı müşahidə olunur. Belə ki, Paşinyan hakimiyyətinin son illərdə israrla yürütdüyü Qərbə inteqrasiya siyasəti iflasa uğramaq təhlükəsi qarşısındadır. Bu siyasi kurs rəsmi İrəvana Rusiyaya xəyanət hesabına başa gəlib. Əvəzindəsə, ABŞ, Avropa Birliyi və Fransadan çoxlu vədlər alınıb. Ancaq indi rəsmi İrəvan çox ciddi tərəddüdlər içərisindədir. Və hələlik sürətlə dəyişməkdə olan mövcud situasiyada necə davranmalı olduğuna qəti qərar verməkdə çətinlik çəkir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Rusiyaya xəyanətin əvəzinə ABŞ və Qərbdən aldığı vədlərin heç birisinə hələlik yetişə bilməyib. Xüsusilə də, Qərb siyasi dairələri tərəfindən Ermənistanın gələcək taleyinə birmənalı təminatın verilməsinə nail olunmayıb. Bu istiqamətdə Paşinyan hakimiyyətinin əldə etdiyi ən önəmli “nəticə” sadəcə, ABŞ və Qərbin Ermənistanı dəstəkləməsi barədə “növbətçi bəyanatlar”dan uzağa getməyib. Və indiki situasiyada rəsmi İrəvanı ən çox narahat edən əsas məqam da məhz bundan ibarətdir.

er-ab-abs.jpg

Məsələ ondadır ki, ABŞ-ın ermənipərəst siyasətini təmin edən Bayden administrasiyası tezliklə Ağ Evi tərk edəcək. Halbuki, Paşinyan hakimiyyəti ermənipərəst Bayden adminitrasiyasının hakimiyyəti dönəmində Ermənistan üçün taleyüklü xarakter daşıyan əsas vədlərin icra olunacağına böyük ümidlər bəsləyirdi. Ancaq göstərilən bütün israrlı cəhdlərə baxmayaraq, bu, baş vermədi. ABŞ, Avropa Birliyi və Fransa siyasi dəstəklə geopolitik müstəmləkəyə çevirdikləri Ermənistanın təhlükəsizliyinə təminat verilməsinə qətiyyən həvəs göstəörmədilər. Və bu baxımdan, Ermənistanı hazırda “geopolitik təhlükəsizlik vakuumu”na düşmək üzrə olduğunu da düşünmək olar.

Maraqlıdır ki, Paşinyan hakimiyyətində Bayden administarsiyasından ala bilmədiyi təhlükəsizlik təminatını yeni prezident Donald Trampın hakimiyyəti dönəmində ABŞ-dan qopara biləcəyinə qətiyyən əminlik yoxdur. Halbuki, prezident Donald Trampın hakimiyyət komandasında ermənipərəstlərin sayı heç də Bayden administrasiyasının tərkibində olduğundan az deyil. Ona görə də, rəsmi İrəvan yeni situasiyaya uyğunlaşmaq üçün müəyyən siyasi manevrlər etmək məcburiyyətində qalıb.

Nə qədər qəribə də olsa, baş nazir Nikol Paşinyan növbəti dəfə Ermənistan cəmiyyətinə Azərbaycanla hərbi-siyasi qarşıdurmanın çox təhlükəli nəticələr verə biləcəyi barədə mesajlar ötürməyə başlayıb. Erməni baş nazir hətta 10 noyabr üçtərəfli anlaşmasına imza atmaqla, ən doğru addımı atdığını, bunun siyasi məsuliyyətini öz üzərinə götürməklə, Ermənistanı xilas etdiyini qabartmağa çalışır. Və bununla da, Ermənistan cəmiyyətində son vaxtlar yenidən müşahidə olunan revanşizm meyllərinin real təhlükə olduğuna eyham vurur.

foto-4.jpg

Təbii ki, baş nazir Nikol Paşinyanın gözlənilmədən yenidən reallığa qayıtması əsasən rəsmi İrəvanın ABŞ və Qərbin yaxın gələcək üçün Cənubi Qafqaz siyasətinin inkişaf istiqmətləri barədə tərəddüdlərindən qaynaqlanır. Erməni baş nazir anlayır ki, zaman itirmək olmaz və bu, tezliklə Ermənistanı fəlakətə sürükləyə bilər. Ona görə də, baş nazir Nikol Paşinyan Ermənistana yönəlik əsas təhlükə mənbəyini məhz erməni toplumunun siyasi-ideoloji düşüncə tərzində axtarmağa üstünlük verir.

Məsələ ondadır ki, Baş nazir Nikol Paşinyan müstəqillik deklorasiyasının məzmun etibarilə Ermənistanın mövcudluğuna ən böyük problem olduğunu vurğulayıb. Erməni baş nazirin fikrincə, həmin “sənəd” və ona bağlı siyasi-ideoloji düşüncə tərzi Ermənistanın faciəsidir: “Bu faciədən yalnız “real Ermənistan” modelinə dönəcəyimiz təqdirdə, xilas ola bilərik. Çünki Ermənistan vətəndaşları öz dövlətlərini mövcud ölkələrinin sərhədlərindən kənarda axtarmamalıdırlar”.

Əslində, baş nazir Nikol Paşinyanın bu açıqlamalarından müəyyən nəticələr çıxartmaq mümkündür. Belə anlaşılır ki, rəsmi İrəvan ABŞ və Qərbdən ümidini tədricən kəsməyə başlayıb. Çünki ABŞ, Avropa Birliyi və Fransanın siyasi dəstəyinə baxmayaraq, Ermənistana real təhlükəsizlik təminatı verməyəcəyini artıq anlayır. Üstəlik, ABŞ və Qərbin Cənubi Qafqazda bunu edəcək hərbi-siyasi imkanları da yoxdur. Və Bayden adminitrasiyasının siyasi kursunu dəyişmək niyyətində olan Trampın komandasının Ermənistana təhlükəsizlik təminatı verilməsi barədə ümumiyyətlə, düşünməyəcəyi də artıq indidən şübhə doğurmur.

f711b80691530f846ecd40a6ab0e02d0.jpg

Ona görə də, rəsmi İrəvan yeni taktikanın seçilməsi ilə bağlı prinsipial qərarların verilməsi barədə düşünmək məcburiyyətində qalmış kimi görünür. Belə ki, Paşinyan hakimiyyətinin yeganə çıxış yolu məhz Azərbaycanla yekun sülh sazişini ən qısa zamanda imzalamağa nail olmaqdan ibarətdir. Çünki yalnız bu halda, Ermənistan öz gələcək taleyinə və təhlükəsizliyinə tam təminat ala bilər. Və eyni zamanda, bu, Ermənistana Azərbaycanla iqtisadi-ticari münasibətlər qurmağa, blokadadan çıxmağa, eləcə də inkişaf perspektivləri qazanmağa geniş imkanlar aça biləcək yeganə variantdır.

Bu baxımdan, hesab etmək olar ki, rəsmi İrəvanın ABŞ, Avropa Birliyi və Fransadan ala bilmədiklərinin hamısı, hətta daha artığı məhz Azərbaycanın əlində cəmləşib. Yəni, əgər, rəsmi İrəvan reallıqdan uzaqlaşmazsa, “xəyali revanşist hədəflər”in girovuna çevrilməzsə, Ermənistan üçün Azərbaycandan təhlükəsizlik və inkişaf təminatları ala bilər. Və bunun üçün ilk növbədə geçikmədən, ən qısa zamanda, Azərbaycanla yekun sülh sazişinin imzalanması vacibdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
92
50
musavat.com

10Mənbələr