AZ

Həyatla fəlsəfənin vəhdəti

(Birinci hissə)

Bir kitabı oxumaq üçün bəzən bir fikir kifayət edir. "Başlanğıc sonda aydınlanır” fikrini irəli sürən filosofun düzxətli düşüncə dedikdə nəyi nəzərdə tutduğunu anlamaq üçün "Vəhdət” kitabını oxumağa başladıqda "ənənəvi fəlsəfi fikirləri kənara qoymaq lazımdır” cümləsi isə razılaşmışdım. Bundan əlavə, xeyli suallarla özüm-özümü üzbəüz qoydum: insan kimi missiyam nədir? Mənim dünyagörüşüm elmin tərkibindədir və ya önündədir? Ölkəmizdə fəlsəfi fikir fəzası varmı? Müəllif universal fəlsəfi sistem yaradılması deyəndə nəyi nəzərdə tutur? Bəs ənənəvi və ya klassik fəlsəfədəki çatışmazlıqlar deyəndə, ilk olaraq ağlımıza nələr gəlir? Min illər ərzində fəlsəfə bütövləşə bildimi? 

Suallar çox maraqlıydı, əlbəttə ki, hər birini müəlliflə müzakirə etmək çox gözəl olardı. Bu olmadığı təqdirdə, bir insan olaraq özüm həmin suallara kitabla dialoq quraraq cavab tapmaq istədim. Bəlkə mükəmməl cavablar verə bilmədim, amma zövq aldığım və günlərlə davam edən şirin fəlsəfi düşüncələrlə dolu zaman keçirdim. Bunun dadını isə yaşayanlar bilər. Nəticədə müəllifin məqsədini  anladım: o, fəlsəfəni elmin qəfəsindən xilas etmək istəyirdi, müasir elmi və riyazi metodları onun xidmətinə verməyə çalışırdı. Klassik fəlsəfəyə nəzər salanda müəllif bildirirdi ki, bu irs vahid, bütöv sistem kimi yox, parakəndə haldadır və dərinə inkişafı çətinləşir. Müəllif çox bəyəndiyim fikri irəli sürərək bildirir ki, çoxdan məlum olan mövzuların fərqli konteksdə "yenidən kəşf olunması”, yəni köhnəliyə yeni don geyindirilməsi, yeni terminlərlə bəzədilməsi lazım deyil. Bu etiraf tələbkar oxucuya obyektiv yazıçının əlamətlərini nişan verirdi. Yanaşma fərqli idi, fikir aydın ifadə olunmuşdu, ən əsası isə mən bunları oxuyanda fəlsəfi zövq, fəlsəfi obyektivlik hiss edirdim. 
 


S. Xəlilovun fikirlərini aydın, dəqiq ifadə etməsi dilimizin söz ehtiyatlarını məharətlə istifadə etməsi, oxucuya aydın dillə izah etməsi həmişə məni heyran edib. Sanki qarşında biri var və o sənin beynini aydın şəkildə oxuyur. Sənin düşünüb, amma yazıya çevirə bilmədiklərini usta şəkildə ifadə edir. Hər cümlənin arxasından səbr, tarazlıq, fikrindən əmin olmaq, dərininə inkişafı sistemli bilən və əməl edən filosof boylanır. Burda vacib məsələ diqqətimi cəlb edir: bizim görə bildiklərimiz və bizi görə bilənlər. Təbii ki, söhbət burda baxmaqdan, nəzər yetirməkdən, gözünə sataşmaqdan getmir. Burda bir mövzu var: aydın şəkildə görə bilmək, ilk baxışda görə bilmək, qarşındakı beyni, qarşındakı düşüncəni bir udum su kimi içə bilmək!

Müəllif cəsarətlə iddia edir: müasir dövrdə fəlsəfə zamandan geri qalır! O fizikaya müraciət edir və bu geriqalmanın izahını verərək deyir ki, müəyyən mərkəzdən yayılan dalğalar divara dirənib geri qayıdır və bu zaman yeni dalğa mərkəzləri yaranır.

Kitabın növbəti hissələrinə nəzər salanda görürük ki, çıxış yolu hər insanın, hər filosofun, hər oxucunun əsas silahıdır. Filosof-yazıçı çıxış yolunu fəlsəfə və elmin münasibətlərinin yenidən qurulmasında görür. Münasibətlər üzrə çoxsaylı mətnlərin müəllifi kiimi qeyd etməliyəm ki, sevgi varsa, çıxış yolu var. 

Harmoniya varsa, yollar olacaq, qarşılıqlı anlaşma başqa sözlə desəm, bütövləşmə varsa çıxış yolu var, inkişaf var. Sözlər hələ böyük məna və əhəmiyyət kəsb edirsə, tənəzzül geridə qalacaq. Bu baxımdan müəllifin dediyi kimi tərəflərdən biri, yəni fəlsəfə əsas yolundan imtina etməməli və elmin çuxasına sığınmamalıdır. Öz simasını qorumalıdır və qarşısına çıxan sədləri elmin imkanlarından, xüsusiylə riyazi aparatdan istifadə etməklə aşmalıdır. Yəni, bir növ münasibətlər kimi, heç bir tərəf digərində yoxa çıxmamalı, onun üçün özünü fəda etməməli, əksinə qarşılıqlı tarazlığı saxlamalıdır. Müəllif yazır ki, elm dərinə getdikcə fəlsəfəyə ehtiyac duyur. Fəlsəfə, bir yaşam fəlsəfəsi kimi məna kəsb edilməsi, gerçək həyatda istifadə edilməsi üçün konkretləşməlidir. Çox gözəl, çox praktik yanaşma deyilmi? Bu günümüzlə səsləşən baxış bucağı deyilmi Bunu nəzərimizə çatdıran, aydın cümlələrlə izah edən filosof alqışa layiq deyilmi? 

Düşüncələrimi aydınlatdığı üçün, fəlsəfənin əsl mahiyhətini mənə izah etdiyi üçün "Vəhdət” kitabı əvəzedilməzdir. Yəni, bir gün bir insan məni danlayaraq "sənin işin-gücün yoxdur ki, fəlsəfə oxuyursan, o sənə çörək verir və ya suyunu əvəz edirmi? kimi dayaz sual verərsə və çox zaman bu tipli suallar verilir - inamla deyəcəyim cavabım var: fəlsəfə oxuyuram, çünki onu sevirəm, çünki dünyaya fəlsəfi düşüncə ilə gəlmişəm. Əslində hər birimizə yaradan fəlsəfi təfəkkür bəxş edib, bizi zəngin olaraq yaradıb. Amma açarı öz əlimizə verib. O açarla kimsə boş işlərə zaman xərcləyir, kimsə öz düşüncələrinin inkişafına vaxtını sərf edir. Kimsə özünü kamilləşdirir, kimsə ətrafı çirkləndirir. Səlahəddin müəllimin yolu isə bizə fəlsəfənin real həyatdakı rolunu başa salmaqdır. O demək istəyir ki, sən fəlsəfi düşüncələrlə düzgün həyat tərzi seçə bilərsən, sən çətinliklərini özün həll edə bilərsən, sən fəlsəfə oxumaqla sadəcə teoriya üzərində qalmayıb, fəlsəfəni gündəlik münasibətlərinə
tətbiq edə bilərsən. Qısası, sən fəlsəfə ilə xoşbəxt, rahat ola bilərsən. Öz varlığından zövq ala bilərsən, mövcud olmağın əzablarına fəlsəfi yanaşa bilərsən, özünün və ətrafındakıların həyatını gülüstana çevirə bilərsən".

Müəllif insan idrakının məhdudluğu və formal məntiqlə sərhədlənən düzxətli düşüncəni qarşılaşdıraraq, insan gözünün görmə qabiliyyəti olmasına baxmayaraq, onun mikriskopdan və tekeskopdan istifadə misalını çəkir. Ali riyaziyyatdan istifadə etməklə nəzəri təfəkkürün sərhədlərini genişləndirmək və sonsuzluğun dərkolunmaz statusunu yumşaltmaq məsələlərinə toxunur. Deməli, daima sonsuz bildiyimiz bir çox məsələlərin naməlumluğunu yumşaltmaq mümkün ola bilər. Deməli, insan idrakının sərhədləri sonsuzluğun sərhədlərini müəyyənləşdirə bilər. Əslində isə elə bu yerdə, bu məqamda yumşalmış sonsuzluq mövzusu insan idrakının səehədlərinə çatanda, yenidən sonsuzluq statusu qazanmırmı? Bu sualı müəllifə vermək istərdim. Dərkolunmazlıq statusunu yumşaltmaq, qeyri-müəyyənliyin dərki, mütləq qaranlığı alatoranla əvəz etmək - bu mövzular həqiqətən də çox maraqlı və əhatəli izahlar tələb edən söhbətlərə səbəb ola bilər.

S. Xəlilov fəlsəfi düşüncəni çoxölçülü fikir fəzasına daşımaq qərarına gəldiyini deyir. Söhbətin riyaziyyatın fəlsəfəsindən getmədiyini, fəlsəfənin riyazi dilə "tərcüməsindən” getdiyini qeyd edən müəllif fəlsəfənin öndə getmək missiyasını unutduğunu bizim diqqətimizə çatdırır. Onun elmlərdən biri olması aqibəti ilə razılaşmasına qarşı çıxan filosof, fəlsəfənin tənəzzül səbəbini Qərblə bağlayır. O, Qərb ruhunun daha fəlsəfəni qidalandıra bilməməsini önə çəkir. Fəlsəfənin yeni yüksəliş səviyyəsini Qərbdən gözləməyin sadəlövhlük olduğunu yazan müəllif, bizi dərin düşüncələrin axarına buraxır. Qarabaqara razılaşmaq təbiətində olmayan bir çox insanlar kimi, biz də yenidən Qərb və Şərq fəlsəfəsinin gedişatına dair ədəbiyyatı bir daha vərəqləməliyik. Bütün hallarda razılaşmağın inkişaf səbəbi olmadığını diqqətimizdə saxlamalıyıq. Axı, ta antik dövrdən başlayaraq iti zehni olanlar, bəsirət gözü açıq olanlar, təslimçi ruha sahib olmayanlar filosof olublar, filosof olmasalar da, fəlsəfi düşünüblər…

Könül Nuriyeva
Seçilən
50
qaynarinfo.az

1Mənbələr