AZ

İlham Əliyevin COP29-dakı çıxışı gələcək üçün bir yol xəritəsi hesab oluna bilər -Deputat

“Dünyada baş verən iqlim dəyişiklikləri, savaşlar, münaqişələr bəşəriyyəti çox ciddi problemlərlə üzləşdirib. Quraqlıq, səhralaşma, aclıq və yanğınlar səmərəli yollar axtarılmasını və insanları çətin vəziyyətə salacaq problemlərin həlli üçün vasitələrin araşdırılmasını tələb edir. Mütərəqqi dövlətlər bu gün həmin problemlərə çox ciddi münasibət göstərməkdədirlər. Azərbaycan da belə ölkələr sırasındadır və dünyada baş verən hadisələrə özünün ciddi münasibətilə seçilir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.
Parlamentari söyləyib ki, COP29-un Azərbaycanda keçirilməsi məhz sözügedən problemlərin həllinə yönəldilib:

“Təxminən 200 dövlətin bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək göstərməsi dövlətimizin beynəlxalq aləmdə qazandığı nüfuzun və Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Hesab edirəm ki, COP29-un açılış mərasimində cənab İlham Əliyevin çıxışı bu gün dünya dövlətləri tərəfindən çox yüksək rəğbətlə qarşılanır. Bu gələcək üçün bir yol xəritəsi hesab oluna bilər. Çünki bilavasitə COP29 iqlim dəyişikliklərinin yaratdığı fəsadların, insanların üzləşəcəyi çətinliklərin aradan qaldırılmasına qarşı tədbirlərin görülməsinə hesablanıb”.

Deputat qeyd edib ki, bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verənlər daha sonra onun baykot edilməsi üçün bütün səylərini birləşdirdilər:
“Sözsüz ki, Qərb və Avropanın bəzi dövlətləri başda Fransa olmaqla özlərinin çirkin məqsədlərini siyasiləşdirməyə, COP29-un əhəmiyyətini azaltmağa və belə bir tədbirin Azərbaycanda keçirilməsinin mükünsüzlüyünə diqqəti cəlb etməyə çalışdılar. Ən mötəbər tədbirlərin keçirilməsi zamanı Qərb ölkələri, Avropa dövlətləri belə təsir mexanizmlərinə əl atıblar və Azərbaycanın nüfuzuna kölgə salmağa səylər göstəriblər. Azərbaycanın müstəqil siyasət yürütməsi, heç kimin diqtəsi ilə hərəkət etməməsi həmin dövlətləri ciddi şəkildə narahat edir. Onlar belə vacib tədbirlərdən bir təsir mexanizmi kimi istifadə etməyə çalışırlar. Ancaq bunun heç bir faydası olmadı. Cənab prezidentin səsləndirdiyi fikirlər və tədbirdə 80 ölkənin prezident,vitse-prezident, baş nazirlərin olması göstərdi ki, dövlətmizinə qarşı yönəldilən istənilən cəhdlərin qarşının alınması mümkündür. Azərbaycan bu mümkünlüyü özünün demokratik, sivil məqsədləri ilə təmin edir. Belə məkirli niyyətlər beynəlxalq normalara və insanlığa tamamilə ziddir. Öz torpaqlarını azğın düşməndən xilas edən, suverenliyi tam bərpa edən dövlətə qarşı yönəldilən çirkin hərəkətlər ermənipərəst qüvvələrin bir məqsəd üçün birləşməsidir. Ancaq Azərbaycan COP29-u çox uğurla keçirir, görüşlər yüksək səviyyədə təşkil olunub və təşkilatçılıq özünün yaxnı nəticələrini göstərir. Dünya ölkələri bu tədbirin keçirilməsinə çox böyük önəm verirlər. Bu qiymət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu bir daha artırır və ona yeni dividentlər qazandırır”.
Seçilən
35
sherg.az

1Mənbələr