AZ

COP29-a ev sahibliyi Azərbaycana nə qazandıracaq: Qərbin mane olma çabalarının səbəbi...

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransı, qlobal iqlim dəyişikliyi ilə mübarizədə növbəti addımları müəyyən etmək üçün əsas beynəlxalq tədbirdir. Bu ilki konfransda dövlət və hökumət başçıları, eləcə də müxtəlif sahələrdən gələn ekspertlər iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq və planetin gələcəyini qorumaq üçün daha güclü öhdəliklər götürmək üçün bir araya gəliblər. COP29 konfransında əsas müzakirə mövzuları arasında karbon emissiyalarının azaldılması, təmiz enerji keçidi və dayanıqlı inkişaf sahəsində innovativ həll yolları var. Bu tədbir, həmçinin, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyəsi məsələlərini də gündəmə gətirir. COP29-dan əldə olunacaq nəticələr qlobal iqlim siyasətində mühüm dəyişikliklərə yol aça bilər. Bəs, COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsi bizə nə qazandırır?

Bu mövzuda Sitat.info-ya danışan deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir: "Məlumdur ki,196 dövlətin, eyni zamanda Avropa İttifaqının dəstəyi, ratifikasiyası ilə bu tədbirin Azərbaycanda keçirilməsi nəzərdə tutuldu. COP28-dən sonra 11 ay ərzində bu səviyyədə hazırlıq işlərinin aparılması, böyük miqyaslı tədbirə layiqincə ev sahibliyi etməsi düşünürəm ki, Azərbaycan dövlətinin rəhbərliyinin  düzgün qurduğu daxili və xarixi siyasətin nəticəsidir. Əsas məqam odur ki, açılış mərasimində 72000 iştirakçının qeydiyyatdan keçməsi, eyni zamanda 80-dən çox ölkənin prezident və baş nazirləri, vitse-prezidentləri səviyyəsində təmsil olunması bir daha göstərdi ki, Azərbaycan bu tədbirin keçirilməsində çox mühüm işlər görüb".

Deputat vurğulayıb ki, bir sıra dövlətlər  buna maneə  törətməyə çalışırdılar: "Hətta siyasi baxışları ilə seçilən bir sıra qurumlar öz məkrli xarici siyasətini həyata keçirərək çalışırdılar ki, insan haqqlarını, “siyasi məhbuslar” məsələsini gündəmə atsınlar. Bunlar da alınmadı”.

A.Nağıyev vurğulayıb ki, bütün bunlara baxmayaraq bu tədbir Azərbaycanda baş tutdu və möhtəşəm açılış mərasimi də oldu: ”Onlar dəfələrlə qeyd edirdilər ki, neft və qaz dövləti olan Azərbaycan necə bu tədbiri keçirə bilər? Karbon dioksidin məhz havaya atılması məsələsi nədən ibarətdir? Bunu qabartmağa çalışırdılar. Lakin bundan öncə istər Polşada, istər digər dövlətlərdə, kömür istehsalı, qaz istehsalı daim yüksək səviyyədə olub, onlar haqqında danışmırdılar. Lakin Azərbaycanın apardığı həm daxili, həm xarici siyasət bir daha sübut etdi ki, biz paralel olaraq alternativ enerjidən də istifadə etməyə qadirik. Təbiətin bizə bəxş etdiyi bütün imkanlardan istifadə edirik. Yəni,  həm dəniz, həm su, həm külək enerjisindən- hər birindən istifadə etməyə qadirik. Bu məsələdə də müsbət addımlar atılacaqdır”.

Millət vəkili diqqətə çatdırıb ki,  Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə öndə gedən dövlətlərdən biridir: "Açılış mərasimində həm cənab Prezidentin, həm də BMT-nin baş katibi cənab Quterreşin çıxışından da məlum oldu ki, bu proseslərdə Azərbaycan öndə gedən dövlətlərdən biridir. Ölkəmiz gələcəkdə iqtisadi, siyasi  və digər istiqamətlərdən məhz COP29-un keçirilməsi məsələsindən istifadə etməyə hazırdır. Burada məlumdur ki, əsas məsələ dünyada havanın temperaturunun  azaldılması nəticəsində çox ciddi dəyişikliklər əldə edilməsidir.  Azərbaycan da bunun üçün maddi dəstək verməyə hazırdır. Burada bir sıra dövlətlərin keçirdiyi qarşılıqlı görüşlər vaxtı iqlim maliyyələşməsinin əldə edilməsi ən mühüm məsələlərdən biridir. Düşünürəm ki, belə də olacaq. Fransa başda olmaqla bir sıra dövlətlərin burada iştirak etməməsi o qədər də vacib deyil. Baxmayaraq ki, havaya karbon dioksidi atan və təbiəti zəhərləyən dövlətlərdən biridir. Bunlar da təbii ki, özləri üçün bir nəticə çıxararlar. Avropa Birliyi dəfələrlə Azəybaycanı Qərbin enerji təhlükəsizliyinə olan təhdidin qarşısını alan dövlət kimi tanıyıb. Hətta müqavilələr də imzalamışdır. Bu gün təəssüflə qeyd etmək istəyərdim ki, bəzi özlərini siyasətçi adlandıran və burada iştirakı labüd olan şəxslər iştirak etmədi. Bu da bizim üçün problem deyil. Əsas odur ki, ən yüksək səviyyəli təşkilat olan BMT-nin  mühüm tədbiri məhz Azərbaycanda baş tutdu. Gələcəkdə də bu istiqamətdə ciddi addımlar atılacaq. Düşünürəm ki, gələcəkdə də Azərbaycan üçün çox mühüm məsələlərin həllində bunu biz görəcəyik”.

Aytac Baxış, 

Sitat.info

Seçilən
121
50
sitat.info

10Mənbələr