AZ

Tahir Budaqov Çində görüşlərini davam etdirir - FOTOLAR

Noyabrın 14-də Çində səfərdə olan YAP nümayəndə heyətinin bu ölkənin Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjou Quançji ilə görüşü keçirilib.

"Unikal" xəbər verir ki, YAP nümayəndə heyətini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Ç.Quançji əvvəlcə Szyansu vilayəti haqqında ətraflı məlumat verib. O, Azərbaycan ilə Çin arasında çoxşaxəli münasibətlərin strateji xarakter daşıdığını və uğurla inkişaf etdiyini bildirib. Azərbaycanın Çin Xalq Respublikasının dostu və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu söyləyən Çjou Quançji hər iki ölkənin bir-birinin maraqlarına hörmətlə yanaşdığını və strateji tərəfdaş kimi əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Parlamentlərarası əlaqələrin inkişafının önəmindən söz açan sədr müavini iki dövlətin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Hakim partiyalar arasındakı məhsuldar dialoq şəraitində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edən Çjou Quançji Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında əməkdaşlıq memorandumunun imzalanmasının dostluq və tərəfdaşlıq əlaqələrinin əsaslarını möhkəmləndirəcəyinə əminliyini ifadə edib. O diqqətə çatdırıb ki, memorandumdan irəli gələn vəzifələrin icra olunması uğurlu nəticələr verməklə qarşılıqlı faydalı işbirliyini daha da gücləndirəcək.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, strateji tərəfdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb.

Asiya ilə Avropanın kəsişməsində olduqca mühüm coğrafi-strateji mövqedə yerləşən, beynəlxalq dialoq və işbirliyi məkanı olan Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yaratdığı yeni reallıqların regionda sülh, sabitlik, təhlükəsizlik, inkişaf və əməkdaşlığa xidmət etməklə yanaşı, həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin qarşısında mühüm perspektivlər açdığını söyləyən YAP Sədrinin müavini respublikamızın dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarı olduğunu bildirib.

Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsində həm hakim partiyalar, həm də parlamentlər arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını bildirən Tahir Budaqov qeyd edib ki, YAP ilə ÇKP-nin fəal dialoqu Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi kimi böyük önəmə malikdir: "Hakim partiyalar arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində görüləcək işlər həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olmaqla müştərək maraqlarımızı təmin edəcək”.

Azərbaycanın regionlarının geniş potensiala və dinamik inkişafa malik olduğunu qeyd edən YAP Sədrinin müavini iki ölkənin bölgələri arasında da əməkdaşlığın perspektivli olduğunu, bu məsələnin xüsusi diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Noyabrın 14-də YAP nümayəndə heyəti “Keyuan” intellektual elm və texnologiya şirkətini də ziyarət edib. Ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.

Seçilən
33
1
unikal.az

10Mənbələr