AZ

Avrokuboklarda tarix yazan klubun dərdi nədir?

Avrokuboklarda ölkəmizi uğurla təmsil edən, tarixində ilk dəfə pley-of mərhələsinə yüksələn "Zirə"nin Premyer Liqada da rəqiblərə aman verməyəcəyi proqnozlaşdırılırdı.

Amma hər şey gözlənilənlərin əksinə gedir.

"Qartallar"ın daxili arenada işləri yolunda getmir.

Komanda son 5 oyunda cəmi 1 qələbə qazanıb. O da Şamaxı səfərində.

Aktivində 20 xalı olan Rəşad Sadıqovun komandası 4-cü pillədə qərarlaşıb. Hər keçən tur medalçılar sırasında olan rəqiblərlə xal fərqi böyüyür.

Görəsən, paytaxt klubunun dərdi nədir? Niyə bir neçə ay əvvəl əcnəbi klublara əməlli-başlı baş ağrı olan "Zirə"ni indi görmürük? Suallarımıza cavab tapmaq üçün üz tutduq futbol mütəxəssisi Aslan Kərimova:

"Zirə" mövsümə yaxşı başlamışdı. Keçirdikləri oyunlar iddialarına uyğun idi. İlk üçlükdə yer alacaqları ehtimal edilirdi. Amma bu gün heç də xoş günlərini yaşamırlar. Əslində elə məsələdir ki, gərək komandanın içində olasan. Orada nələr baş verdiyini yaxından görəsən. Çünki hansısa xırda detal nəticəyə təsir edə bilər. Komandanın içində olmadan fikir bildirmək düzgün deyil.

Nəyə görə məğlub olduqlarını bilmirəm. Amma oyunlara baxası olsaq, "Qarabağ"la oyunda asan qollar buraxdılar. Zatən bu görüşdə "Zirə"nin qələbəsi gözlənilmirdi. Amma digər oyunlarda şanssızlıq yaşadıqlarını demək lazımdır. Məsələn, "Araz Naxçıvan"la görüşdə son dəqiqələrdə top ələ dəydi, penal oldu və hesab bərabərləşdi. Halbuki qələbə qazanılası oyunlardan biriydi. Belə faktlara baxanda kimdəsə günah axtarmaq düzgün deyil. Təsadüflərə yer olduğu görünür".

O, Rəşad Sadıqovun hazırkı durumdan çıxacağına əminliyini ifadə edib:

"Lakin əminəm ki, "Zirə" bu vəziyyətdən çıxacaq. Heyətlə bağlı problem yoxdur. Bəlkə də bir pauzaya ehtiyac vardı. Milli komandaya görə yaranmış fasilədə başverənləri analiz edib, çıxış yolu tapacaqlar".

XANOĞLAN/ SPORTİNFO.AZ

Seçilən
52
sportinfo.az

1Mənbələr