AZ

Paşinyan Bakıda ona veriləcək bu suallardan qorxdu...

Image

İlyas Hüseynov: “Ermənistan nümayəndə heyəti COP29-a təşrif buyursaydı, burada Ermənistan tərəfinə çoxsaylı suallar ünvanlanacaqdı”

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bildiyimiz kimi, COP29-da iştirak etmək üçün dünyanın bir sıra ölkələrindən prezidentlər, hökümət başçıları, siyasilər, müxtəlif sahələr üzrə mütəxəssislər Bakıya gəlib. 

Ermənistanın bu tədbirə dəvət edilməsinə baxmayaraq, bu ölkə COP29-a qatılmayıb. Bundan sonra qatılıb-qatılmayacağı da məlum deyil.

Ermənistan COP29-da iştirak etməməklə özünü nələrdən məhrum etdi? Yaxud bəlkə də tənqidlərə məruz qalacağından qorxduğu üçün Paşinyan Bakıya gəlmədi? 

Nəzərə alaq ki, Ermənistan ekoloji sistemə ən çox ziyan vuran bölgə ölkəsidir, Metsamor AES regionmuz üçün böyük təhlükədir, bölgə üçün ciddi ekoloji problem yaradır. Ermənistanın məlum zavodlarının zəhərli suları Oxçuçaya və sair su mənbələrinə axıdılır. 

Ermənistanın COP29-a gəlməməsi onu nələrdən məhrum etdi? Yaxud nə üçün Ermənistan bu tədbirdə iştirak etmək istəmir? 

“…Bölgənin ekoloji probleminin həlli bu ölkənin siyasi gündəliyinə daxil deyil”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində “Ermənistan nümayəndə heyətinin Bakıda keçirilən COP29 tədbirinə gəlməməsi onun sülhdən boyun qaçırdığının göstəricisidir. Belə görünür ki, Ermənistan sülhdə maraqlı deyil, bölgənin ekoloji problemlərinin həlli bu ölkənin siyasi gündəliyinə daxil deyil. Zatən, 30 illik işğal dövründə Ermənistan bölgəyə milyonlarla piyada və tank əleyhinə mina basdırıb, bu gün də mina təhdidi qalmaqdadır. Hər gün mina partlayışı nəticəsində insanlar xəsarət alır, həyatlarını itirirlər. Bu, Ermənistanın xislətini göstərən amildir” - deyə bildirdi. 

İ.Hüseynovun sözlərinə görə, digər tərəfdən nəzərə almaq lazımdır ki, həm Metsamor atom elektrik stansiyanın tullantılarının çaylara axıdılması, Oxçuçayın ekoloji fəlakət ünvanına çevrilməsi, çayların zəhərlədilməsi və bu kimi insanlıq və bəşəriyyət əleyhinə cinayətləri törədən də Ermənistandır. “Əlbəttə, Ermənistan nümayəndə heyəti COP29-a təşrif buyursaydı burada Ermənistan tərəfinə çoxsaylı suallar ünvanlanacaqdı. Hesab edirəm ki, müxtəlif amillər Ermənistanın burada iştirak etməsinin əleyhinə oldu. İlk növbədə Ermənistanda Paşinyan hakimiyyəti bəlkə də belə zənn edib ki, Azərbaycana gəlsəydilər daxildə hökumət əleyhinə müəyyən hərəkatlar başlaya bilərdi, hökumətin tənqidi daha geniş vüsət alardı. İkinci hesab etdiyim ssenairi bundan ibarətdir ki, bir antiazərbaycan klub fəaliyyət göstərir. Bu klubun başında dayananlar da Ermənistan və onun havadarlarıdır. Belə görünür ki, Fransanın təkidi nəticəsində təzyiqlər geniş olduğu üçün Ermənistan nümayəndə heyəti gəlmədi. Bu və ya digər formada Ermənistanın burda iştirak etməməsi sülh əleyhinə olan bir fəaliyyətin tərkib hissəsidir” - deyə İ.Hüseynov qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
33
baki-xeber.com

1Mənbələr