AZ

Ailədə valideynləri səhvləri: Uşaqlar nə vaxt yalan danışmağa başlayır?

"Uşaqlar valideynlərə baxır və onları yamsılamağa çalışır. Valideyn nə qədər çox səmimi və dürüst olursa, uşaq da onun bu davranışını müşahidə edirsə, bu uşaqların dürüst davranışına səbəb olur. Bu isə uşaqların bizim adət edib, eşitdiyimiz "uşaq yalanlarını" danışmamasına gətirib çıxarır".

Bu sözləri News24.az-a açıqlamasında psixoloq Elşən Ələsgərli deyib.

Psixoloqun sözlərinə görə, uşaq o zaman yalan danışmağa başlayır ki, sıxılır və ya özünü olduğu kimi yox, olmaq istədiyi, yaxud ətrafdakıların ondan tələb etdiyi formada göstərməyə çalışır. 

"Nəticədə səmimi və dürüst olmaq valideynlərə imkan verəcək ki, bu nümunə uşaqlara da sirayət etsin. Bundan əlavə, valideynlər məsuliyyətli olmalı və başa düşməlidirlər ki, təkcə özlərinə qarşı yox, həm də övladları üçün də məsuliyyət daşıyırlar. Bu məsuliyyət valideyndə hərtərəfli, yəni, həm özünə, həm işinə, həm ailəsinə, həm də uşaqlarına olmalıdır. Onlar dərk etməlidirlər ki, bu gün baş verən hər şey onun davranışının, fəaliyyətinin nəticəsidir", - deyə o bildirib.

E.Ələsgərli qeyd edib ki, valideynlər empatik olmalıdır.

"Ümumiyyətlə, empatiklik başqalarına həm hörmətlə yanaşmaq, həm də onların qayğısına qalmaq, canıyananlıq etməkdir. İnsan təkcə özünü, öz eqosunu təmin etməli deyil, eyni zamanda, öz hiss və ehtiyaclarını da qabartmalı deyil. Digərlərinin hiss və ehtiyaclarına qarşı qayğı ilə yanaşmalıdır. Valideyn belə davranış nümayiş etdirdikdə uşaq qayğıkeş olur, yaxşılığın nə olduğunu başa düşür, mərhəmət hissini dərk edir. Həmçinin, valideynlər bir-biriləri ilə, uşaqları ilə səbrli və nəzakətli olmalıdır. İstənilən çətin halda valideyn səbr göstərib, nəzakətli davranırsa, uşaq da bu keyfiyyətləri özündə əxs edir. Yox, əgər valideyn isterik davranış nümayiş etdirirsə, qışqırıb-bağırırsa, hay-haray qoparırsa, bu həm uşaqda qorxu yaradır, həm də psixi vəziyyətinin gərginləşməsinə səbəb olur. 

Ən əsası isə valideynlər övladlarına, yaxınlarına qarşı münasibətdə sevgi və dəstək göstərməyə borcludurlar. Bu sevgi və dəstəyi görməyən uşaqlar gələcəkdə mənfi xarakterli, pis davranışlı, eyni zamanda sonu pis tamamlanan həyat tərzinə malik olan böyüklərə çevriləcək", - deyə o bildirib.

Günel MəlikzadəNews24.az

 

Seçilən
31
36
turanpress.com

10Mənbələr