AZ

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır

Odlar yurdu—Azərbaycan tarixi ipək yolu üstündə müxtəlif sivilizasiyaların qovuşduğu, millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı məmləkətdir. Burada multikulturalizm alternativi olmayan həyat tərzi yaşanır. Azərbaycanın paytaxtı Bakıda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində çox iş görmüşdür.

Bəşəri dəyərlərə , bütün xalqların milli- mənəvi sərvətlərinə hörmətlə yanaşan, bunu beynəlxalq səviyyədə təbliğ edən Azərbaycan xalqı multikulturalizm ənənələrinə sadiqliyi ilə də seçilir. Sivilizasiyalar, Asiya ilə Avropa arasında coğrafi, mədəni, siyasi baxımdan körpü rolunuoynayan, heç zaman dini, milli zəmində münaqişə yaşanmayan respublikamız əbəs yerə nadir sabit ölkə adlandırılmır. Ölkəmizdə yaşayan millətlər, müxtəlif dinlərin nümayəndələri ən ağır zamanlarda belə Azərbaycanın ümumi inkişafı naminə birgə çalışmışlar. Azərbaycanın illərdən bəri humanitar platforma adlandırılması da xalqımızın birgəyaşayış qaydalarına hörmətinin ifadəsidir.

Bu günlərdə ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycan olaraq COP29 kimi son dərəcə möhtəşəm beynəlxalq tədbirə  ev sahibliyi edir. İki həftə ərzində dünyanın mərkəzinə çevrilmək Azərbaycanın bu günə qədər keçdiyi yolun, eyni zamanda, tədbirdən sonrakı dövrün  reallıqları barədə aydın təsəvvür yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki tarixi çıxışında mühüm məqamlara toxunub. Ölkə başçısı deyib ki, əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, – dövlət başçısı bildirib.

Bu gün Bakıda öz işini uğurla davam etdirən COP29 yeni əlaqələrin qurulmasında, yeni körpülərin  salınmasında əhəmiyyətli rol oynayacaq. Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin say tərkibinə, müzakirə olunan məsələlərin əhatə dairəsinə  diqqət yetirsək Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, söz sahibliyini aydın şəkildə görə bilərik. Liderlər Sammitindəki çıxışlarda səsləndirilən fikirlər də  bir daha bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar,  müxtəlif sahələrdə zəngin təcrübəsi ilə sivil dünyanın diqqətində olduğunu təsdiqləyir. BMT-nin Baş katibi Antonio Quterreş  bu real qiymətləndirmənin təsdiqi olaraq  bildirdi ki, Prezidentlər  əməkdaşlığımıza etibar edə bilərlər. Həqiqətən də Prezident cənab İlham Əliyevin  səyi nəticəsində uğurlu bir COP-a imza atacağıq.  Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif isə  COP29-a Azərbaycanın, Bakının ev sahibliyi etdiyinə  görə dövlət başçısı İlham Əliyevə  təşəkkür etdi. Bildirdi ki,  həqiqətən də Siz  rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan isə biz sülhü yarada bilmərik.  Liderlər Sammitində Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələr təqdir edildi. NASA astronavtları xanım Sunita Vilyams və Nik Heyqin  Beynəlxalq Kosmik Stansiyadan xüsusi video müraciətlərində vurğuladılar ki,   beynəlxalq komanda olaraq Azərbaycana, eyni zamanda, COP29-da iştirak edən bütün tərəflərə planetimizin gözəlliyini və təhlükəsizliyini qoruduqlarına görə təşəkkür edirik. Göründüyü kimi, Azərbaycanın qlobal çağırışları yüksək səviyyədə cavablandırması, bu problemlərin həlli üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyini bildirməklə yanaşı, bu məsələlərin reallaşmasına verdiyi davamlı töhfələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. COP29-un iştirakçılarının çoxluğu, ən əsası böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaradacaq. Tarixi Zəfərimizdən sonra hazırda işğaldan azad edilmiş  ərazilər genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Liderlər Sammitindəki çıxışlarda da qeyd olunduğu kimi, dağılmış şəhərlərimiz, kənd və qəsəbələrimiz Prezident cənab İlham Əliyevin fəaliyyəti nəticəsində yenidən bərpa edilir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. Qonaqlar ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı qazanırlar. Prezident İlham Əliyev Liderlər Sammitindəki  çıxışında diqqəti bir daha  30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq.

Azərbaycan növbəti uğur hekayəsini yazır. COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq. Yeni əlaqələr, yeni körpülər qurulacaq. Azərbaycan bu əlaqələrin təşəbbüsçüsü və iştirakçısı olaraq beynəlxalq arenada söz sahibliyini daha da artıracaq. Dünyanın Bakıya toplaşması, qlobal məsələlərin məhz Azərbaycanda müzakirə olunaraq ümumi mövqeyin ortaya qoyulması ölkəmizin sabitləşdirici, birləşdirici aktor kimi  artan roluna işıq salır.

Bu gün COP29-un boykot edilməsinin Azərbaycana heç bir mənfi təsiri yoxdur. Bu BMT-nin tədbiridir və edilən boykot BMT-yə edilir. Bundan başqa bu boykot həm də planetar məsələlərin müzakirəsinə edilir. Yəni göründüyü kimi Azərbaycanı hədəf gətirənlər etdikləri məsuliyyətsiz hərəkətin fəsadını görə bilmir.

Mönsüm Alışov, Pedaqoji elmlər doktoru, professor

Seçilən
392
50
azerforum.com

10Mənbələr