AZ

Ötən il OECD ölkələri rekord sayda miqrant qəbul edib

2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinə daimi miqrant axını rekord sayda - 6,5 milyon nəfər təşkil edib.

Musavat.com xəbər verir ki, bu məlumatı Təşkilat yayıb.

Miqrant axınında rekordlar OECD ölkələrinin təxminən üçdə birində, o cümlədən Kanada, Fransa, Yaponiya, İsveçrə və Böyük Britaniyada qeydə alınıb. Eyni zamanda bəzi ölkələrdə - Danimarka, İsrail, İtaliya və Yeni Zelandiya da daxil olmaqla miqrantların sayında azalma müşahidə olunub.

Təşkilatın baş katibi Matthias Cormann bildirib ki, “işçi qüvvəsinə olan güclü tələbat son bir neçə ildə miqrasiyanın əsas hərəkətverici qüvvəsi olub”: “Bir çox OECD ölkələri işçi çatışmazlığı və gözlənilən demoqrafik dəyişikliklərlə üzləşir və miqrant işçilərin sayının artması sabit iqtisadi artıma töhfə verir”.

Dövlətlər də getdikcə daha çox müvəqqəti iş icazələri verirlər (Polşa istisna olmaqla, İƏİT ölkələrində 2,4 milyondan çox, 16 faiz artım), rekord sayda sığınacaq müraciətləri (2,7 milyon, 30 faiz artım) qeydə alınır.

2023-cü ildə ABŞ-da sığınacaq üçün müraciətlərin sayı ilk dəfə olaraq bütün Avropa OECD ölkələri üzrə ümumi rəqəmi üstələyib və 1 milyon nəfəri keçib. Qaçqın statusu üçün ən çox müraciət edənlər Venesuela (270 min nəfər), Kolumbiya (203 min), Suriya (171 min) və Əfqanıstandandır (150 min).

OECD ölkələri 2023-cü ildə 676 min müraciətçiyə qaçqın statusu verib.

1961-ci ildə yaradılmış İƏİT dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin təşkilatıdır və 38 ölkəni birləşdirir.

 

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr