AZ

“Dünya bizə əmanətdir” – dedilər

Mən də gedib o etibarı qoruyanlara qoşuldum

“Episentr”də qələbəlik

COP29 konfransının gedişatını 2 gün evdə oturub telekanallardan izlədim. 3-cü gün isə hadisələrin “episentri”ndə” olmaq qərarına gəldim. O möhtəşəm tədbir üçün yaradılmış 2 zonadan birini – “Yaşıl zona”nı gəzib dolaşmaq o qədər də asan iş deyildi. Çünki orada dünya ölkələrinin pavilyonları var və demək olar ki, planetin hər yerindən gəlmiş insanlarla salamlaşmaq mümkündür. Üstəlik, buradakıların hamısı mehriban, gülərüz, səmimi, dostcasına ünsiyyət qurmağa çalışan insanlardır.

Həmsöhbəti olduğum bir türkə dedim ki, Azərbaycan təmsilçilərinin göz qabağındakı mehribanlığını başa düşürəm. Onlar ev sahibi olduğuna görə belə davranmalıdırlar. Asiyanın, Afrikanın uzaq ölkələrindən gəlmiş təmsilçilərin hər addımındakı əminliyi, hər salamlaşmadakı mehribanlığı görmək isə adamı heyran edir. Türkün cavabı maraqlı oldu: “Çünki burada dünyanın bütün xalqlarını narahat edən problemlərin həlli yolları axtarılır”.

“Yaşıl dünya”mızla fəxr elədim

Xatırladım ki, dünən ziyarət etdiyim ünvanda olarkən fikirləşdim ki, Kremlin Qurultaylar Sarayında, Türkiyənin ən böyük mədəni-kütləvi tədbirlər mərkəzi olan Lütfi Kirdar Sarayında (İstanbulda yerləşir), Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Ərəb dünyasının və müsəlman ölkələrinin nəhəng ticarət mərkəzində olarkən bu qədər heyrətlənməmişdim. Çünki Kremlin Qurultaylar Sarayında SSRİ-nin 15 respublikasının, Lütfi Kirdar Sarayında altı türk dövlətinin təmsilçiləri, Dammamdakı ticarət mərkəzində isə Ərəb ölkələrinin turistləri toplaşmışdılar. Bakının Zabrat yolunun sol tərəfindəki möhtəşəm “Yaşıl zona”da isə dünyanın, demək olar ki, bütün ölkələrinin təmsilçiləıri ilə salamlaşmaq xoşbəxtliyi var idi. Sadəcə, fəxr elədim.

Dünya şirkətləri səf-səf düzülmüşdü

Bəli, həqiqətən, dünya ölkələrinin pavilyonları səf-səf düzülmüşdü. Hər pavilyonda da müxtəlif şirkətlərin təmsilçiləri öz təqdimatlarını edirdilər. Ancaq mən əvvəlcə Azərbaycan pavilyonuna – Dağlıq Şirvan kişilərinin geyimində olan bir nəfərə yaxınlaşdım. İsmayıllının Lahıc qəsəbəsindən olan sənətkar Tofiq Rəsulovun əl işləri də maraqlı idi, nümayiş etdirilən misgərlik nümunələri də, ustanın danışığı, səs tonu da. Ancaq ən maraqlısı onun yanındakı dörd-beş gənc qızın tamaşaçıların nəzərləri altında çini çayniklərə rəngli boya ilə bəzək vurması idi.

Tofiq Rəsulov dedi ki, biz lahıclılar həmişə çoxlu turist, əcnəbi gördüyümüzlə, onlarla təmas qurmağımızla fəxr edirdik. Sən demə, bu qədər əcnəbi görəcəyimiz gün qabaqda imiş.

Sahabo Louise dedi ki...

Burundili bu xanımla mənim söhbətimin alınmasına hansısa peşəkar tərcüməçi yox, adi gənc təhlükəsizlik əməkdaşlarından biri kömək elədi.

Öz pavilyonlarında keçiriləcək tədbirə hazırlaşan xanım Sahabo Louise dedi ki, mən Prezident İlham Əliyevin qətiyyətli siyasətçi olduğu barədə çox eşitmişdim. Yəni bu barədə məlumatım var idi. Ancaq Azərbaycan dövlətinin bu qədər qüdrətli, xalqınızın istənilən Avropa ölkəsindən üstün mədəniyyətə malik olması, Bakının gözəlliyi məni heyran qoydu. Neçə gündür buradayam, hələ də gördüklərimə inana bilmirəm.

Həmsöhbətimə dedim ki, sizin ölkənizin ekoloji problemlərindən əlavə digər problemlərinizin də olduğunu bilirik. O isə belə suala cavab vermək istəməyərək Burundidə qovuşan Nil və Konqo çaylarının çoxsaylı ekoloji problemləri olduğunu xatırlatdı.

Əlavə edək ki, onların kənd təsərrüfatı qəhvə, çay, pambıq, banan, şəkər qamışı, qarğıdalı becərilməsindən ibarətdir. Həmin əkin sahələrinin hamısı problemlərlə üz-üzədir. Ona görə də Bakı konfransından çox şey gözləyirlər...

“Çaydı, dəhnəsində xırsız əjdaha”

Braziliya pavilyonunun önündə öz fotomun çəkilməsi üçün telefonu yaşıdım olan bir nəfərə verdim. Sonra məlum oldu ki o, salyanlıdır. Sadəcə, Bakıda qonaq olub və eşidib ki, belə bir tədbir var, yaxınlarının köməyi ilə bilet alaraq gəlib ki, təbiəti, ətraf mühiti qoruyanlara dəstək olsun.

Soruşdum ki, yaşlı adamsınız, sizə nə maraqla əziyyət çəkib bura gəlirsiniz? Dedi ki, axı mənim gözümün qabağında neçə illərdir Kür quruyur, çayda balıqlar, ətraf kəndlərdə bitki örtüyü can verir. Ekologiyanın pozulmasından ən çox əziyyət çəkənlərdən biri mənəm. Niyə gəlməyim? Belə tədbir harada olsaydı, imkan daxilində gedərdim. Öz ölkəsinin, dövlətinin maraqları naminə kimsə dünyanın təbiətinə zərər vurursa, biz ona qarşı çıxanların yanında olmalıyıq. Yadındadır, Məmməd Araz deyirdi ki, “Çaydı, dəhnəsində xırsız əjdaha...” O xırsız əjdahalara qarşı çıxdığına görə İlham Əliyevi Allah qorusun!

Ağ şəhər hamının gözünün qabağında idi

İştirakçılar üçün maraqlı olan məqamlar çox idi. Məsələn, mənim üçün maraqlı olan pavilyonlardan birində okean və dənizlərin problemləri ilə bağlı panel iclası keçirilirdi. Moderator da, onun yanında əyləşmiş 3 mütəxəssisin hamısı da afrikalı, yaxud, qaradərili idi. Zaldakıların isə hamısının Avropa görünüşlü olduğu açıq sezilirdi.

Görünür, Şəhriyar demiş, “İşi işbilənə tapşırıblar”. Mənim üçün maraqlı olan başqa məqam ətrafına daha çox “tamaşaçı” toplamış Ağ şəhərin maketi idi. Aman Allah, əcnəbilər nəzərləri ilə Ağ şəhərin küçələrini necə “ gəzirdilər?”

Görsəm, Prezidentimizi təbrik edəcəyəm...

Təqaüdə çıxandan sonra gündə üç-dörd dəfə həyətdən çıxıb Məhəmməd Əmin Rəsulzadə prospektinədək ( Xırdalanda) gedib qayıdıram. Yəni hamı görür ki, heç yerə getmirəm. Amma hər gün çox adamla salamlaşıram. Dünən, COP29 tədbirinə gedəndə isə küçəmizin ən yaşlı ağsaqqallarından biri olan Siyasət Abdullayev hara getdiyimi soruşdu. Məqsədimi dedim. Sevincdən kişinin gözünə nur gəldi elə bil.

– Çox düz edirsən, ay müəllim. Bu tədbir Azərbaycan kimi coğrafiya baxımından kiçik olan bir ölkə üçün miqyası ölçüyəgəlməz uğurdur. Mən də gedəcəyəm. Mən Qarabağ və Şərqi Zəngəzur işğaldan azad ediləndə cənab Prezidenti təbrik etmək istəyirdim. Övladlarım dedilər ki, onun işi çoxdur, məktub yazıb vaxtını almasaq yaxşıdır. Yazmadım. Amma cənab Prezidenti görsəm, bütün dünyanı Bakıya yığan bu konfransa görə onu təbrik edəcəyəm. O, indiyədək bizə inanılmaz sevinclər bəxş eləmişdi. Bu konfransı isə ayrı aləmdir. Keçmiş SSRİ məkanında hələ heç kəs belə uğur qazana bilməmişdi. Get, o möhtəşəmliyi öz gözünlə gör!

İttifaq MİRZƏBƏYLİ

Seçilən
73
xalqqazeti.az

1Mənbələr