AZ

"Soyuq qış günlərində Avropaya qaz ixracatını artıran Azərbaycan idi" - Deputat

"Azərbaycanı "petrostate" adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə Prezident İlham Əliyev tutarlı cavab versə də, bir sıra xarici mətbu orqanlar öz fəaliyyətlərini davam etdirirlər".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan uzun müddət Avropa İttifaqının, eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və töhfə hələ də davam etdirilir:

"Rusiya-Ukrayna müharibəsi başlanandan sonra soyuq qış günlərində Avropaya mavi qaz ixracatını artıran məhz Azərbaycan idi. Ölkəmizi "petrostate" adlandıran mətbu orqanlarının nəşr olunduğu dövlətlərin demək olar hamısının neft hasilatı Azərbaycan ilə müqayisədə dəfələrlə çoxdur. Paradoksun da digər üzü məhz budur. Neft hasilatının həcminə görə Azərbaycan dünyada 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir. Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəniki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb. Gündəlik 5.0 milyon barel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barel olan Azərbaycanı "petrostate" adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür".

Deputat bildirib ki, Azərbaycan mavi qaz hasilatının həcminə görə də dünyada ilk iyirmilikdə yer almır: "Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə ABŞ birincidir. Kanada isə ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m3 olan ölkəmiz ilə müqayisədə Kanada (188 milyard m3 ) 5.5 dəfə, ABŞ (1.029 tirlyon m3 ) 30 dəfə, Norveç (124 milyard m3 ) 3.7 dəfə çox qaz hasil edir. Yaşıl iqtisadiyyatın formalaşmasına gəldikdə, hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur. 2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək. Karbon emissiyası isə 40 faiz azladılacaq. Yer gəlmişkən, qlobal karbon emssiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda, bu rəqəm ABŞ-da 12.6 faiz, Hindistanda 7.6 faiz, Avropa İttifaqında 6.4 faiz, Kanadada isə 1.52 faizdir".

Seçilən
44
5
unikal.az

9Mənbələr