AZ

TDT ölkələrinin “Nazirlər Bəyannaməsi”

Təşkilata üzv ölkələr iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəylik nümayiş etdirir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)türk dövlətləri də fəal təmsil olunur. Bu da təsadüfi deyil. Son illər türk dövlətləri arasında bütün sahələr üzrə əlaqələr əhəmiyyətli dərəcədə genişlənib.

Ümumiyyətlə, tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək hazırkı inkişaf səviyyəsinə çatıb. Dünyanın ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir.

Xalqımız böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir.Cari ilin sentyabrında isə Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcək. Həmin ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları elmdən iqtisadiyyata, siyasətdən mədəniyyətə qədər bir çox sahələrdə daha da yaxınlaşacaq.

Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.TDT-yə üzv olan ölkələr iqlim dəyişikliklərinə qarşı mübarizədə də həmrəylik nümayiş etdirir. Belə ki, Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 14-də Özbəkistan Respublikasının pavilyonunda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin ekologiya və ətraf mühit üzrə nazirlərinin görüşü baş tutub. Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın müvafiq nazirliklərinin rəhbərləri və TDT-nin Baş katibi iştirak ediblər. Nazirlər və TDT-nin Baş katibi BMT-nin hazırkı iqlim gündəliyinə tam dəstəyini ifadə ediblər və COP29-un ilk günlərində qeyd olunan məqsədlərə əməl olunmasına dair öhdəliklərini təsdiqləyiblər.

TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atıblar.İştirakçılar təşkilata üzv dövlətlərin nazirlərinin Bəyannaməsini imzalayıblar.2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində birgə ekoloji problemlərin həlli və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Görüşdə ətraf mühit sahəsində ortaq çağırışların həllinə nail olmaq üçün fikir mübadiləsi aparılıb, dayanaqlı inkişafı təşviq edən önəmli addımların vacibliyi, regional və beynəlxalq ekoloji problemlərin həllində birgə yanaşmanın əhəmiyyəti vurğulanıb.Eyni zamanda, TDT-yə üzv dövlətlər birgə mövqe və ortaq fəaliyyət planı yaratmaq istiqamətində perspektivləri müəyyənləşdiriblər.Tərəflər dayanıqlı və davamlı gələcək naminə aktiv əməkdaşlığın davam etdirilməsi niyyətlərini ifadə ediblər.

Ətraf mühit və dayanıqlı inkişaf sahəsində COP29-da səslənən planetar çağırışların və təşəbbüslərin həlli istiqamətində TDT tərəfindən birgə fəaliyyət haqqında “Nazirlər Bəyannaməsi”nin Bakıda imzalanması COP29-a ev sahibliyi edən Azərbaycanın beynəlxalq və regional səviyyədəki liderliyini daha da möhkəmləndirir.

Nardar BAYRAMLI

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr