Rusiya kəşfiyyatı Ukraynanın Xarkov vilayətinin Kupyansk ərazisi yaxınlığında ingilisdilli və polyak muzdluları aşkar edib. Bu barədə Rusiya mediası məlumat yayıb. Hərbi ekspert Andrey Maroçko öz mənbələrinə istinad edərək deyib ki, son bir neçə gün ərzində Kupyansk ərazisində Rusiyanın elektron kəşfiyyat avadanlığı ingilis, polyak və digər xarici dillərdə aparılan danışıqlara müdaxilə edib. O qeyd edib ki, əcnəbilər həm təmas xəttinə yaxın, həm də arxa cəbhədə yerləşdiriliblər.
Maroçko əlavə edib ki, ələ keçirilən danışıqların əksəriyyəti hərbi mövzularda aparılıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.