AZ

Psixoloji baxımdan uşaqlarınneçə yaşında məktəbə getməsi daha düzgündür Psixoloq bildirdi

“Bu suala qəti, birmənalı şəkildə cavab vermək olmaz. Çünki bu, uşağın sağlamlıq vəziyyətindən, psixi inkişaf səviyyəsindən, ünsiyyət vərdişlərindən asılıdır. Fiziki cəhətdən zəif, müxtəlif somatik problemləri olan, tez-tez xəstələnən, yorulan uşaqların 7 yaşından tez məktəbə getməsi məqsədəuyğun deyildir. Əlavə əldə edilən bir ildə valideynlər bütün diqqətini uşağın sağlamlığının möhkəmləndirilməsinə, ehtiyac olarsa, loqopedə, psixoloqa müraciət etməklə nitqinin inkişafına, onun psixoloji cəhətdən məktəbə hazırlığına yönəltməlidirlər”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Günəş Əfəndiyeva bildirib.

Onun sözlərinə görə, hazırda respublikada məktəbə hazırlıq üzrə ixtisaslaşmış müxtəlif dərnəklər, klublar fəaliyyət göstərir ki, həftədə bir neçə dəfə uşaqların burada iştirakı gələcəkdə onların məktəbə adaptasiyasında çox faydalı ola bilər. Bəzən belə fikirlərə rast gəlinir ki, uşaqların məktəbəqədər hazırlığının aparılmasına, ona həftənin, rəqəmlərin və s. öyrədilməsinə ehtiyac yoxdur. Onsuz da, uşaq bütün bunları məktəbdə öyrənəcək və onun erkən belə şeylərə öyrədilməsi gələcəkdə dəsrə marağının zəifləməsinə, “uşaqlığının əlindən alınmasına” gətirib çıxaracaq. Lakin qeyd etməliyəm ki, hazırda mövcud ibtidai təhsil proqramı uşaqların minimum səviyyədə də olsa müəyyən biliklərə malik olmasını tələb edir. Hətta bəzi məktəb-liseylərdə tədris proqramlarının xüsusiyyətlərini nəzərə alaraq, uşaqları xüsusi testlərdən keçirərək qəbul edirlər. “Buna görə də, istənilən halda, uşaqların məktəbə hazırlığı məsələləsinə diqqət yetirilməsi zəruridir. Lakin uşağa hansısa biliklər aşılanarkən onun yaş və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, məktəbəqədər yaşlı uşaqlara istənilən biliklərin aşılanması əsasən oyun formasında həyata keçirilməli və hər dəfə 10-15 dəqiqədən artıq davam etməməlidir. 6 yaşından məktəbə gedən uşaqların məktəbəqədər hazırlıq proqramlarını keçməsi zəruridir. Yəni burada söhbət yalnız təlim proqramlarından deyil, eyni zamanda sosial-psixoloji hazırlıq məsələlərindən də gedir”, - deyə psixoloq sözlərinə əlavə edib. Psixoloqun həmçinin bildirdiyinə görə, uşaqların uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələrinə getməsi çox əhəmiyyətlidir. Burada uşaq həm kollektivdə fəaliyyət göstərməyi öyrənir, həm də sosial rolların, cəmiyyətdə mövcud qayda-qanunların mənimsənilməsi baxımından da ilkin biliklərini, vərdişlərini mənimsəyir. “Müşahidələr göstərir ki, uşaq bağçalarından məktəbə gələn uşaqlar, evdə ana, nənə, dayə tərbiyəsindən məktəbə qədəm qoyan uşaqlara nisbətən məktəb mühitinə, qayda-qanunlarına və kollektivə daha yaxşı adaptasiya olunurlar. Valideynlərə tövsiyə olunur ki, uşağın hansı yaşdan məktəbə getməsi ilə bağlı psixoloqla uşağın hazırlıq səviyyəsini müəyyənləşdirdikdən və onun məsləhətini aldıqdan sonra müvafiq qərar qəbul etsinlər. Lakin ümumiyyətlə, valideynlər əgər uşaqlarında erkən yaşlarından oxumağa, yazmağa, xarici dillərə və s. marağı müşahidə edirlərsə, öz övladını fiziki və psixoloji cəhətdən məktəbə hazırlıqlı hesab edirlərsə, onların 6 yaşından məktəbə getməsi məsləhətdir”, - deyə psixoloqGünəş Əfəndiyeva bildirib bildirib.

Seçilən
26
sia.az

1Mənbələr