AZ

Bakı Limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğunun inşası üçün müqavilə imzalanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Limanı və Malayziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanın günəş enerjisi ilə Batareya Enerji Saxlama Sisteminin (BESS) inteqrasiya olunduğu ilk layihəyə start verib. Bu gün Bakı Limanı ilə “Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçün çərçivə müqaviləsi imzalayıb.

“İki sahil” xəbər verir ki, müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov və “Tiza Green Energy”nin prezidenti və icraçı direktoru Norza Zakari imzalayıblar.

Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, limanda 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun istifadəyə verilməsi Azərbaycanın təmiz enerjiyə keçidində irəliyə doğru mühüm addımdır. Onun sözlərinə görə, “Tiza Green Energy”, “Citaglobal”ın istehsalı olan BESS qurğusunu yerləşdirəcək və bu, limana istehsal olunan günəş enerjisinin bir qisminin liman ehtiyacları üçün istifadə etməyə, qalan hissəsinin isə BESS sistemində saxlanmasını və ehtiyac yarandıqdan sonra istifadə olunmasını mümkün edəcək.

“2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsirimizi minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirmişik. Strategiyamız 2035-ci ilə qədər sıfır karbon emissiyasına (net-zero emission) nail olmaqdır və mən əminəm ki, “Tiza Green Energy” ilə tərəfdaşlığımız bizi dayanıqlı təcrübələrdə lider kimi mövqeləndirəcək və limanda CO2 emissiyalarımızı əhəmiyyətli dərəcədə azaldacaq. Günəş enerjisi və BESS texnologiyasının inteqrasiyası həm iqtisadi, həm də ətraf mühitin mühafizəsi üzrə öhdəliyimizi gücləndirərək, enerji idarəçiliyi üzrə böyük imkanlar yaradacaq. Bu, günəş enerjisi ilə inteqrasiya olunmuş Batareya Enerji Saxlama Sisteminin (BESS) ölkə ərazisində ilk tətbiqi olacaq”, - deyə T.Ziyadov bildirib.

Limanın direktoru əlavə edib ki, layihə tamamlandıqdan sonra limanda karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpaolunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək. Onun sözlərinə görə, bununla də ənənəvi şəbəkə enerjisindən asılılıq azalacaq. Müqaviləyə əsasən liman ərazisində olan binaların damlarında günəş panelləri qurulacaq.

“Tiza Green Energy”nin prezidenti və icraçı direktoru Norza Zakari isə qeyd edib ki, bu müqavilə günəş enerjisi və BESS texnologiyasını mükəmməl şəkildə birləşdirən innovativ həll yolu ilə Azərbaycanın bərpaolunan enerji sahəsinin irəliləyişində mühüm mərhələdir: “Tətbiq etdiyimiz həll, Bakı Limanında təmiz enerji istifadəsini artırmaqla yanaşı davamlı, sərfəli enerji həllərinə də töhfə verəcək”.

Daha sonra tədbir çərçivəsində Bakı Limanı tərəfindən COP29 yazısı və loqosu olan xalça qonaqlara təqdim edilib, “Tiza Green Energy” isə Bakı Limanına solar panel üzərində dəyərli bir rəsm əsəri hədiyyə edib.

Seçilən
6
14
ikisahil.az

10Mənbələr