AZ

Nüfuzlu regional aktor ŞƏRH

İlk növbədə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın COP 29-a ev sahibliyi etməsi ölkəmizin dünyanın ictimai-siyasi arenasında artan nüfuzundan və nüfuzlu regional aktor olmasından xəbər verir.

Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu inamın göstəricisidir.

Noyabrın 12-də Bakı şəhərində keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı bir sıra mühüm məqamları əhatə edirdi.

Dövlət Başçısı çıxışı zamanı bildirdi ki, "Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik."

Dövlət başçısı çıxışında, həmçinin Azərbaycanın yaşıl enerji layihələrinə və bu istiqamətdə gələcək planlarına geniş yer ayırıb. Ölkə, külək və günəş enerjisi kimi bərpa olunan mənbələrdən istifadə etməklə, regionda enerji təhlükəsizliyinin təminatçısı olmağı hədəfləyir. Bu, Azərbaycanın davamlı inkişaf məqsədlərinə verdiyi önəmi göstərir və dünya üzrə bərpa olunan enerji sahəsindəki səylərə dəstək olur. İqlim dəyişikliyi ilə mübarizənin yalnız bir dövlətin səyi ilə deyil, beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilə biləcəyini vurğulayan Azərbaycan Prezidenti, bu cür sammitlərin, ölkələr arasında fikir mübadiləsi aparmağa və təcrübə mübadiləsinə şərait yaratmağa xidmət etdiyini bildirib.

Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda, ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.

Mansur QULIYEV,

YAP Ağdam rayon təşkilatının sədri

Seçilən
43
1
sesqazeti.az

2Mənbələr