AZ

COP29 xarici diplomatiyanı gücləndirəcək - Azərbaycan DİASPORU

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün Konfransın 5-ci günüdür. COP29-a evsahibliyi etməsi Azərbaycanın dünyadakı nüfuzunu daha da artırıb. Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. 

Bəs COP29 Azərbaycan diasporunun gələcək fəaliyyətində necə təsir edəcək? 

Modern.az mövzu ilə bağlı xaricdəki diaspor nümayəndələrinin rəyini öyrənib.


Polşa Azərbaycanlıları Şurasının İcraçı Direktoru Yusif Məmmədov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin qlobal nüfuzunu artırmaqla yanaşı, Azərbaycan diasporu üçün də əhəmiyyətli faydalar gətirir, onların təbliğat, əməkdaşlıq və mədəni diplomatiya imkanlarını genişləndirir:

"Azərbaycanın beynəlxalq diqqət mərkəzində olması diaspor üzvlərinə qlobal məsələlərin həllində öz ölkələrinin rolunu vurğulamağa və iqlim dəyişikliyinə qarşı mübarizədə rəsmi Bakının irəli sürdüyü təşəbbüsləri təbliğ etməyə şərait yaradır. Bunlar diasporun təmsilçilik gücünü artırır və Azərbaycanın mütərəqqi mövqeyini əks etdirmək üçün əhəmiyyətli təbliğat imkanları yaradır.

Bu tədbir həmçinin yeni əməkdaşlıq kanallarının açılmasına imkan verir. Yüksək səviyyəli beynəlxalq tədbirlər hökumətlərin, qeyri-hökumət təşkilatlarının və işgüzar dairələrin diqqətini cəlb edir. Bu da diaspor üzvlərinə Azərbaycanla digər ölkələri arasında tərəfdaşlığı təşviq etmək üçün şərait yaradır. Bu əlaqələr ətraf mühit və texnologiya sahələrində birgə layihələrin yaranmasına və ölkələr arasında möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına yol aça bilər".
 

Yusif Məmmədov vurğulayıb ki, təbliğat və əməkdaşlıq imkanları ilə yanaşı, COP29 mədəni diplomatiyanı gücləndirərək Azərbaycanın zəngin ənənələrini və dəyərlərini qlobal auditoriyaya çatdırmağa imkan verir:
 

 “Diaspor üzvləri bu imkandan yararlanaraq ətraf mühitə dair dəyərləri Azərbaycan irsi ilə əlaqələndirə və yaşadıqları cəmiyyətlərdə ölkəmizə qarşı daha dərin anlaşma və rəğbət oyada bilərlər”.
 

“Azərbaycanın iqlim dəyişikliyinə dair liderliyi diaspor üzvlərini yaşadıqları ölkələrdə yaşıl təşəbbüslərə sərmayə qoymağa və ya bu sahədə layihələr həyata keçirməyə təşviq edə bilər ki, bu da həm Azərbaycan, həm də xarici  ölkələr üçün müsbət nəticələr doğuracaq. Beləliklə, diaspor üzvləri davamlı inkişaf məqsədlərinə uyğun fəaliyyət göstərərək, Azərbaycanla dünya ictimaiyyəti arasında möhkəm əlaqələr qurulmasına və ortaq, daha yaşıl bir gələcəyə töhfə verməyə imkan qazanırlar” – deyə diaspor üzvü sonda qeyd edib.


İspaniya Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Kərim Kərimov isə bildirib ki, COP29 tədbirinin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki mövqeyini gücləndirəcək, dünya liderlərinin ölkəmizə gəlməsi, əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradacaq. Bu cür tədbirlər eyni zamanda, diasporumuzun fəaliyyətinə də müsbət yöndə təsir edıcık:

“İspaniya ilə münasibətlərin inkişafı baxımından, bir neçə addım atmağı düşünürük. Belə ki, İspaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarət sərgiləri və biznes forumları təşkil etməyi planlaşdırırıq ki, bu ölkəmizlə İspaniya arasında investisiya axınını artıracaq. Eyni zamanda, iki ölkə arasında mədəni mübadiləni təşviq etmək üçün mədəniyyət festivalları, sərgilər və konfranslar təşkil etməyi düşünürük. İspaniyadakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləmək üçün proqramlar hazırlamaq və diaspor üzvlərinin bu ölkə ilə əlaqələrini gücləndirmək məqsədilə tədbirlər keçirmək niyyətindəyik.

Bu addımlar İspaniya ilə münasibətlərin daha da inkişaf etməsinə və ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin güclənməsinə kömək edəcək".

Seçilən
37
1
modern.az

2Mənbələr