Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı Estoniya yığması ilə oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.
Musa Qurbanlı bu gün matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “Qarabağ”da forma geyinən hücumçu əvvəlcə bunları dilə gətirib:
– Artıq beş gündür burada təlim-məşq toplanışındayıq. Estoniya yığması ilə matça həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşırıq. Yaxşı oyun göstərmək və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Millimizin D Liqasına yuvarlanmaq təhlükəsi var. Komandanın üzərində bunun təzyiqi hiss edilir?
– Əlbəttə, biz də bunun fərqindəyik. Qarşılaşmanın bizim üçün nə dərəcədə vacib olduğunu dərk edirik. Buna görə də yalnız qələbəyə köklənmişik.
– Bu mövsüm qol vurmamısan. Səbəbi nədir?
– Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacağam.
– Fernando Santos milliyə gələndən nəticələr dəyişmir, komandamız yenə uduzur. Dəyişən nəsə var?
– Baş məşqçimiz isə böyük mütəxəssisdir, nailiyyətləri göz önündədir. Futbolçuların üzərinə düşən onun fəlsəfəsinə öyrəşmək və bunu meydançada yerinə yetirməkdir. Fernando Santosun istəklərini yerinə yetirsək, uğurlu nəticələr qazana bilərik.
– “Yurqorden” karyeran uğurlu alınmadı. Bunun təsiri üzərində qalıb?
– Əlbəttə, bunu normal qarşılayıram. Mental olaraq asan deyildi. Bilirdim ki, məndən gözləntilər böyükdür. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldır. Bunlardan dərs çıxarmalıyam. Hələ gəncəm, karyeramın başlanğıcındayam. Düşünürəm ki, Avropada olmaq mənim üçün yaxşı təcrübə oldu. Gələcəkdə daha yaxşı olmağa çalışacağam.