AZ

Bakı və Tbilisinin xeyrinə olan məqam – ABŞ-nin regiona münasibəti nədən asılıdır?

ABŞ-nin yeni seçilmiş prezidenti Trampın əsas vəzifələrə təyinatları ilə bağlı xəbərlər bu günlərdə əsas müzakirə mövzusuna çevrilib. Bu başa düşüləndir, bütün dünyada rəsmilər kiminlə çalışacaqları ilə maraqlanırlar. Münaqişə bölgələrində nisbi sakitlik hökm sürür, ölkələr öz mövqelərini formalaşdıraraq “yeni dövrə” hazırlaşır, hər kəs öz addımlarını hesablamağa çalışır. 2025-ci ilin yanvarında Trampın andiçmə mərasimi ilə ABŞ-da hakimiyyətin ötürülməsi prosesi başa çatana qədər ölkələr artıq müvafiq hazırlıqlarını görəcəklər. Trampın təyin etdiyi məmurlar Konqresdə və Senatda nisbətən tez təsdiqlənəcəklər, çünki respublikaçılar hər iki strukturda çoxluğa malikdirlər.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi vurğulayır ki, təyin olunanlar arasında Respublikaçılar Partiyasında müxtəlif qrup və fraksiyaların nümayəndələri də var. Məqsəd bütün qrupların ümidlərini doğrultmaq, bir tərəfdən partiyanın konsolidasiyasını təmin etmək, digər tərəfdən isə bütün idarəetməni öz üzərinə götürməkdir. Bununla belə, prosesin heç də rəvan getməyəcəyi gözlənilir. Məsələn, Milli Kəşfiyyatın direktoru vəzifəsinə namizədliyi irəli sürülən Tulsi Qabbarda hər iki tərəfin sualları olacaq. Təyin edilmiş şəxslərlə Tramp arasında fikir ayrılıqları mümkündür ki, bu da istefalara səbəb ola bilər. Yeni administrasiyanın xarici siyasət üzrə prioritet mövzuları Rusiya ilə Ukrayna arasında müharibə, Çin, Yaxın Şərq böhranı, Avropa ilə münasibətlərdir. İlk addımların cəsarətlə həyata keçiriləcəyini güman etmək olar. Hər kəsin və hər işin yerindən tərpənəcəyi vaxt hardasa yazın əvvəlinə təsadüf edəcək. Ona görə də “yerdə” vəziyyəti dəyişmək, vacib istiqamətlərdə mümkün qədər irəliləmək və gələn ilin əvvəli üçün dəyişikliklərə hazırlaşmaq cəhdləri edilir.

Təyin olunanlar arasında Türkiyəyə qarşı çıxan çoxlu siyasətçilər var. Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizəd Rubio özünü ermənipərəst siyasətçi kimi göstərib. Bununla belə, Rubio eyni zamanda həm də anti-Rusiya mövqeyindədir… və ermənipərəstlik heç də həmişə Paşinyanyönümlü demək deyil, burada daha çox diasporun təsiri var. Əgər Azərbaycanla Ermənistan arasında vəziyyət indiki faktiki sülh səviyyəsində qalsa, ABŞ-nin regiona marağı ilk vaxtlar o qədər də yüksək olmayacaq. Yeni Administrasiyanın bölgə ilə bağlı istifadə edəcəyi meyar önəmli olacaq. Mümkün meyarları və prioritetləri nəzərdən keçirək:

Rusiyanı regiondan sıxışdırmaq:

Bu meyar Bayden administrasiyası tərəfindən açıqlanıb, lakin nəticədə Rusiyanın bölgədəki hərbi mövcudluğunu məhdudlaşdırmaq üçün real addımlar atan Azərbaycan kənarda qalıb. ABŞ bütün dəstəyini 2022-ci ildə Putinin bölgədə Rusiyanın hərbi mövcudluğunu uzatmaq planlarına tərəfdar çıxan İrəvana verib, Ermənistanın KTMT-yə üzvlüyü Bayden administrasiyası tərəfindən hərbi əməkdaşlığın dərinləşməsinə maneə kimi qiymətləndirilməyib. Güman etmək olar ki, yeni administrasiyada ermənipərəst siyasətçilər vəziyyəti olduğu kimi saxlayacaqlar, lakin Ermənistan hakimiyyətinə ən azı iqtisadi baxımdan Rusiyadan uzaqlaşmaq üçün yeni şərtlərin irəli sürüləcəyi istisna deyil.

İran mövzusu:

Əgər Tramp administrasiyasının Rusiya mövzusunda dialoq imkanı varsa, İranla bağlı praktiki olaraq heç bir şans yoxdur. Prinsipcə, Azərbaycanda İran çox azdır, yalnız Naxçıvana nəqliyyat kommunikasiyası layihəsi var. Ermənistanda isə İran getdikcə çoxalır. Baydenin dövründə buna göz yumdular, görək Tramp zamanında necə davranacaqlar.

ABŞ və müttəfiqləri ilə münasibətlər:

Trampın dövründə regiona münasibət birbaşa ABŞ və müttəfiqlərinin maraqları çərçivəsində nəzərdən keçiriləcək. Burada İsrailin mövqeyi böyük əhəmiyyət kəsb edəcək. Əgər Bayden dövründə Brüssel və Vaşinqton arasında daha çox koordinasiya var idisə, Trampın Avropadakı müttəfiqləri Böyük Britaniya və Macarıstandır. Üstəlik, regiona qarşı praqmatizm də artacaq ki, bu da Bakı və Tbilisinin xeyrinədir. Bir sözlə, əsas mövzular üzrə ilk addımların necə olacağı vacibdir. ABŞ-nin Cənubi Qafqazla bağlı mövqeyi məhz bu addımlardan asılı olaraq formalaşacaq.

Məlik,
KONKRET.az

Seçilən
50
1
konkret.az

2Mənbələr