AZ

COP29: "Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası" mövzusunda panel keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası" mövzusunda panel təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə müharibə nəticəsində dağılmış ərazilərin bərpasına və kənd təsərrüfatı vasitəsilə yerli icmaların canlandırılmasına yol açan mina təmizləmə səylərinin transformativ təsiri, həmçinin, mina fəaliyyətinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 18-ci məqsəd kimi tanınması üçün davam edən qlobal səyləri müzakirə olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev sessiya iştirakçılarını sülhün, torpağın və ekosistemlərin bərpası üçün birgə çalışmağa dəvət edib: "Burada toplaşmağımız münaqişədən zərər çəkmiş torpaqların, təbiətin və ekosistemlərin bərpası üçün birgə addımlar atmağımn nə qədər vacib olduğunu göstərir. Minalarla çirklənmiş ərazilərdə təhlükəsizlik və inkişaf prosesləri əngəllənir. Biz burada yalnız torpaqları minalardan təmizləmək haqqında deyil, o torpaqların gələcək nəsillərə sülh içində ötürülməsi haqqında danışırıq. Torpağın minalardan azad edilməsi, orada həyatın yenidən canlanması, kənd təsərrüfatının inkişafı, əhalinin köçürülməsi, iqtisadi fəaliyyətin bərpası və yeni bir ekosistemin yaradılması deməkdir".

Sonra oktyabrın 31-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin (OHCHR) 2024-cü il Sosial Forum çərçivəsində baş tutan “İnkişaf Naminə Minalardan Azadolma” adlı yan tədbirindən qısa videoçarx nümayiş olunub.

Paneldə çıxış edən QHT Şöbəsinin rəhbəri Vook Cin Çanq “Sülh naminə görülən təşəbbüslərdə QHT-lərin rolu”, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və Zərərçəkənlərlə İş şöbəsinin müdiri Ramil Əzizov “Ekosistemin qorunmasında mina təhlükəsi ilə mübarizənin rolu", "Sülhün Kökləri" təşkilatının baş direktoru və təsisçisi Heidi Kuhn post-konflikt əraziləri məhsuldar kənd təsərrüfatı ərazilərinə çevirmək üçün strategiyalar, iqtisadi imkanlar və davamlı təcrübələr, “Minalardan üzüm bağlarına” təşəbbüsü, mina aksiyası üzrə beynəlxalq ekspert Emil Həsənov "Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş ərazilərdə mina təmizləmə və torpaq bərpasında texniki çətinliklər və bu məsələlərin həllində beynəlxalq əməkdaşlığın rolu", Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Andersson "İqtisadi artımın ətraf mühitin qorunması ilə balanslaşdırılması", Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi isə “Post-konflikt ərazilərdə suvarma, torpağın bərpası və icmaların yaşayış imkanlarını dəstəkləmək üçün bərpa olunan enerjinin praktik tətbiqləri” mövzusunda çıxış ediblər.

Tədbirin sonunda sual-cavab sessiyası keçirilib.

Qeyd edək ki, sessiyanın məqsədi minalardan təmizləmə və kənd təsərrüfatının inkişafı sahəsində uğurlu əməkdaşlığı vurğulamaq, onları münaqişədən sonrakı bərpa prosesini ətraf mühitin dayanıqlılığı ilə inteqrasiyası üçün genişləndirilə bilən modellər kimi təqdim etməkdir.

Seçilən
33
2
ikisahil.az

3Mənbələr