AZ

Deputat: "Azərbaycanı "petrostate" adlandırması məhz ikili yanaşmanın təzahürüdür"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanı "petrostate" adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə Prezident İlham Əliyev tutarlı cavab versə də, hələ də bir sıra xarici mətbuat orqanları özfəaliyyətlərini davam etdirirlər".
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov özünün sosial media hesabında bildirib:
"Əvvəla, Azərbaycan uzun müddət Avropa İttifaqının və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və töhfə hələ də davam etdirilir. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra soyuq qış günlərində Avropaya mavi qaz ixracatını artıran da məhz Azərbaycan idi.
İkincisi, ölkəmizi "petrostate" adlandıran mətbuat orqanlarının nəşr olunduğu dövlətlərin, demək olar ki, hamısının neft hasilatı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Paradoksun da digər üzü məhz budur. Neft hasilatının həcminə görə Azərbaycan dünyada sadəcə 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir".
Deputat bildirib ki, göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəinki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb:
"Gündəlik beş milyon barel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barel olan Azərbaycanı "petrostate" adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür.
Mavi qaz hasilatının həcminə görə də Azərbaycan dünyada ilk iyirmilikdə yer almır. Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə də ABŞ birincidir. Kanada isə yenə də ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m3 olan ölkəmiz ilə müqayisədə Kanada 5.5 dəfə (188 milyard m3), ABŞ 30.3 dəfə (1.029 trilyon m3), Norveç 3.7 dəfə çox (124 milyard m3) qaz hasil edir.
Yaşıl iqtisadiyyatın formalaşmasına gəldikdə isə, hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur, 2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək. Karbon emissiyası isə 40 faiz azaldılacaq. Yer gəlmişkən, qlobal karbon emissiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda bu rəqəm ABŞ-da 12.6 faiz, Hindistanda 7.6 faiz, Avropa İttifaqında 6.4 faiz, Kanadada 1.52 faizdir.
Yəqin ki, əlavə rəqəmlərə ehtiyac yoxdur. Reallığa qərəzsiz və açıq gözlə baxmaq lazımdır".
Seçilən
48
oxu.az

1Mənbələr