AZ

İqlim dəyişmələri ilə mübarizə böyük maliyyə tələb edir

Yazını böyüt
Yazını kiçilt

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Aparılan tədqiqatlar göstərir ki, 1980-1982-ci illərdən başlayaraq əsas iqlim göstəriciləri sayılan temperatur, yağıntı, külək və s. amillərin illik dinamikasında ciddi dəyişikliklər baş verib və bu dəyişmələr 1995-ci ildən sonra daha intensiv xarakter alıb. 2013-cü ildə iqlim dəyişmələri üzrə hökümətlərarası ekspertlər qrupu belə nəticəyə gəlib ki, qlobal istiləşmə ən azı 95 faiz ehtimalla antropogen təsirlərdən baş verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulan 190-dan çox dövlət  məhz bu proseslərdən əziyyət çəkən ölkələrdir. Həmin dövlətlər müxtəlif konfrans və seminarlar keçirərək "yaşıl enerji"yə keçidin reallaşmasına və atmosferə karbon qazının atılmasının azaldılmasına çalışırlar. Bu tədbirlər arasında konvensiya tərəfdarlarının konfransı (Conference of the Parties (COP) xüsusilə əhəmiyyətlidir. Hazırda sayına görə 29-cu konfrans (COP29) Bakıda keçirilir və bu tədbir ölkəmiz üçün mühüm xarakter daşıyır. Bakının  belə bir möhtəşəm tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. Neft-qaz ölkəsi olan Azərbaycan "yaşıl enerji"yə keçid istiqamətində kifayət qədər addım atıb və atmaqdadır. Azərbaycan iqlim dəyişmələrinin yaratdığı fəsadların qarşısını almaq üçün müəyyən beynəlxalq sazişlərə qoşulub. Bunların sırasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası da var. Ölkəmiz 1995-ci ildə qoşulduğu konvensiya çərçivəsində 2000-ci ildə Kioto protokolunu təsdiq edib. Bu protokol üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi isə 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub və ölkə Prezidenti tərəfindən imzalanıb.

Kioto protokolu çərçivəsində Azərbaycan istilik effekti yaradan qazların emissiyalarının azalması ilə bağlı kəmiyyət öhdəlikləri götürməməsinə baxmayaraq son illərdə ölkədə əhəmiyyətli tədbirlər yerinə yetirilib. Bura bərpa-olunan enerji layihələrinin həyata keçirilməsi, avtomobil bazarında hibrid və elektrik avtomobillərinin sayının artırılması, meşə sahələrinin genişləndirilməsi daxildir. Kioto protokolunu imzalayan ölkələr qlobal istiləşməyə səbəb olan beş qazın miqdarını azaltma öhdəliyini üzərinə götürüb.

Eyni zamanda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris sazişini 22 aprel 2016-cı ildə imzalayıb və həmin ilin oktyabr ayında ratifikasiya edib. BMT-nin konvensiyası qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cu baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.

Qlobal istiləşmənin əsas hərəkətverici qüvvəsi karbon qazı və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Onların əsas mənbəyi enerji istehlakı üçün kömür, neft və qaz kimi təbii yanacaqların yandırılması olsa da, burada digər faktorların da rolu var. İqlim dəyişmələri həmçinin su ehtiyatına, daha çox buxarlanma nəticəsində dəniz səviyyələrinin enməsinə, çaylarda suyun azalmasına, bioloji resursların sayına da təsirsiz ötüşməyib, eyni zamanda dəyişikliklərin insanların məişət həyatına təsiri nəticəsində miqrasiya halları artıb.

Bəs, görəsən, bu gün iqlim dəyişmələrinin qarşısının alınması üçün nə qədər vəsait tələb olunur? Bu istiqamətdə real addımlar atmaq mümkündürmü?

Qeyd edək ki, iqlim dəyişmələrinin qarşısının alınması üçün bir çox həll yolları mövcuddur. Mütəxəssislər hesab edirlər ki, bu istiqamətdə əsas addım istixana qazı emissiyalarının mümkün qədər qısa müddətdə azaldılması və sıfıra endirilməsi olmalıdır. Həmçinin, əsas enerji mənbələrini bərpaolunan enerjiyə dəyişmək qalıq yanacaqlarından istifadənin dayandırılması ən yaxşı çıxış yolu sayılır. Bunlara günəş, külək, dalğa, geotermal enerji kimi texnologiyalar daxildir. Avtomobillərin əksəriyyəti, təyyarələr və gəmilər qalıq yanacaqlardan istifadə edir. Avtomobildən istifadənin azaldılması, elektrikli nəqliyyat vasitələrinə keçid təkcə hava çirklənməsini azaltmayacaq, həm də iqlim dəyişikliyini dayandırmağa kömək edəcək.

Hesablamalara görə, iqlim dəyişmələrinin qarşısını almaq və təsirlərini azaltmaq üçün hazırda təqribən illik 3-6 trilyon ABŞ dolları vəsait tələb olunur. Xüsusilə, Paris Sazişində nəzərdə tutulmuş 1,5°C hədəfinə çatmaq üçün 2030-cu ilə qədər hər il təqribən 4 trilyon ABŞ dolları tələb olunduğu qeyd edilir. Bu məbləğ enerjidə keçid proseslərinin sürətləndirilməsi, bərpa olunan enerjilərə keçid, karbon tullantılarının azaldılması və davamlı infrastrukturun qurulması üçün istifadə olunmalıdır. Bu xərclər elmi və texnoloji inkişaflarla, siyasi iradə ilə və ölkələrin iqtisadi səviyyələri ilə əlaqəli olaraq dəyişə bilər. Bu istiqamətdə real addımların atılması mümkündür, lakin bu, qlobal əməkdaşlıq və müxtəlif sahələrdə ardıcıl strategiyalar tələb edir. İqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün aşağıdakı addımlar mühüm hesab olunur:

1. Bərpa olunan enerjiyə keçid – Günəş, külək, və digər bərpa olunan enerji mənbələrinə sərmayə qoymaq və karbonsuzlaşdırmanı sürətləndirmək.

2. Enerji səmərəliliyinin artırılması – Texnologiyaların təkmilləşdirilməsi ilə enerjinin daha səmərəli istifadə edilməsinə nail olmaq.

3. Meşələrin və təbii ekosistemlərin qorunması – Meşələr, yaşıl sahələr və digər təbii ekosistemlərin qorunması və genişləndirilməsi karbonun atmosferdən sorulmasına kömək edir.

4. Karbon təmizləyici texnologiyalara sərmayə – Karbon tutma və saxlama texnologiyaları ilə atmosferdən karbon çıxarılması.

5. İqlim müqaviməti və adaptasiya tədbirləri – Quraqlıq, sel, və digər ekstremal hadisələrə qarşı müqavimətli infrastrukturun qurulması.

Əsas problem maliyyələşdirmənin, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə, kifayət qədər olmamasıdır. Bu səbəbdən beynəlxalq fondların və hökumətlərin birgə fəaliyyəti, habelə özəl sektorun dəstəyi çox vacibdir.

Maliyyə çatışmazlığı səbəbindən bu vəsaitlərin yığılması və istifadə edilməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə çətin olsa da, qlobal iqlim təşəbbüsləri və beynəlxalq dəstək vasitəsilə müəyyən qədər mümkün ola bilər. Yeri gəlmişkən, 2009-cu ildə dünya ölkələri razılaşıblar ki, inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə iqlim fəaliyyətinə dəstək üçün hər il 100 milyard dollar ayrılacaq. 2015-ci ildə bu məbləğin Paris Sazişi çərçivəsində 2020-25-ci illər üçün etibarlı olacağı təsdiqlənib. COP29-un əsas mövzularından biri 2025-ci ildən sonra üçün Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) müəyyən edilməsidir. Burada bəzi ziddiyyətli məqamlar da var. Belə ki, inkişaf etməkdə olan ölkələr maliyyənin 1,1 trilyon ilə 1,3 trilyon dollar arasında tələb olduğunu desələr də, inkişaf etmiş ölkələr bu məbləğin 100 milyard dollar səviyyəsində saxlanmasını və ya bir qədər artırılmasını istəyirlər. Mübahisəli məqamlardan biri də bu vəsaiti kimlərin verəcəyi ilə bağlıdır. Norveç və ABŞ  daxil bəzi ölkələr Çin və neftlə zəngin digər ölkələrin də iqlim fondlarına töhfə verməli olduğunu düşünürlər. Beynəlxalq təşkilatların hesabatına görə, 100 milyard dollarlıq hədəfə ilk dəfə 2022-ci ildə nail olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib ki, COP29 konfransı sözügedən məsələlərin geniş şəkildə müzakirəsi üçün ən yaxşı platforma sayılır: “COP hər il dünyanın diqqətini özünə cəlb edən yüksək səviy­yəli tədbirdir. Azərbaycan COP29-a ev sahibli­yi etməklə BMT-nin İqlim Dəyişmələ­ri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi üzərinə götürdüyü öhdəliklər, “yaşıl enerji” sektorunda reallaşdırdığı layihələr haqqında dünya ictimaiyyətinin diqqətinə məlumatlar çatdırmaq imkanı əldə edir. Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Belə ki, torpaqlarımız 30 il işğal altında olduğu dövrdə Ermənistan tərəfindən Azərbay­canın ətraf mühitinə böyük ziyan vurulub. COP29-da bu zərərin aradan qaldırılma­sı üzrə də respublikamızın həyata keçir­diyi fəaliyyətlərlə bağlı təqdimatlar etmək imkanı olacaq. Azərbaycan konvensiya çərçivəsində üzərinə götürdüyü öhdəliklər əsasında 2030-cu ilə qədər ümumi enerji istehlakın­da alternativ enerjinin payının 30 faizə qə­dər artırılması üzrə şərti öhdəlik götürüb. Ötən əsrin 90-cı illərində alternativ enerji­dən, ümumiyyətlə, istifadə olunmurdusa, artıq son illərdə bu istiqamətdə önəmli uğurlar əldə olunub. Hətta Azərbaycanın enerji ixracatçısı ölkəsinə çevirilməsi də qarşıya mühüm hədəf kimi qoyulub.

İqlim dəyişmələrindən irəli gələn fəsad­ların aradan qaldırılması və ətraf mühi­tin mühafizə edilməsi dövlət və ya özəl qurumları düşündürməklə bərabər, hər bir vətəndaşı da narahat etməlidir”.

Seçilən
65
hafta.az

1Mənbələr