AZ

"İqlim dəyişikliyi ilə mübarizə üçün hər il 400 milyard dollar sərf olunmalıdır"

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Zimbabve Yunan Pravoslav Arxiyepiskopluğunun arxiyepiskopu Sərafim Kikotisdir.

O, Trend-ə açıqlamasında bildirib ki, 2019-cu ildə iqlim dəyişikliyi ilə mübarizə üçün hər il ən azı 100 milyard dolların sərf olunması barədə yazılar dərc olunurdu. İndi isə hər il 400 milyard lazımdır.

Arxiyepiskop, əvvəlcə Azərbaycan xalqına qonaqpərvərliyinə görə minnətdar olduğunu bildirib:

"Burada bizi çox qonaqpərvər bir xalq qarşıladı. Buna görə təşəkkürümü bildirirəm. İqlim dəyişiklikləri ilə bağlı məsələyə gəldikdə isə, Cənab Antonio Quterreş Paris Qlobal Sazişinin hələ də yazılı olaraq qaldığını söylədi. Lakin bildiyiniz kimi, beynəlxalq ictimaiyyətə bu Paris Qlobal Sazişi 9 il əvvəl təqdim edilib. Hər il görüşlərimiz olanda beynəlxalq ictimaiyyəti birləşdirə bilməyən liderlər burada olmur. Bizə üç lider lazımdır - Çin, ABŞ və Rusiya liderləri. Əgər bu 3 nəfər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını birləşdirmək üçün masaya əyləşsələr, düzünü desəm, bütün liderlər bəşəriyyəti və planeti qoruyacaqlar. Uşaqlarımızın məsuliyyətsizliyimizin qurbanı olmasını istəmirəm".

"Ümid edirik ki, liderlər əhəmiyyətli məsələlərdə razılığa gələcəklər və ümid edirik ki, biz gələn il Braziliyada iqlim dəyişikliyi ilə mübarizədə maliyyənin necə bölüşdürülməsinə qərar verə biləcəyik. Çünki 2019-cu ildə iqlim dəyişikliyi ilə mübarizə üçün hər il ən azı 100 milyard dolların sərf olunması barədə yazılar dərc olunurdu. İndi isə bizə hər il 400 milyard lazımdır. Beləliklə, başa düşməliyik ki, insanların yaşaması üçün təbiətə ehtiyacı var, amma təbiətin insanlara ehtiyacı yoxdur", - deyə arxiyepiskop vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
20
3
milli.az

4Mənbələr