AZ

Lənkəranın qızılı payızından qızılı reportaj

Bu gün düşüncələrim, duyğularım sarıya boyanıb, qızılı rəngdə, elə bu ovqatdadır. Bəri başdan bildirim: yazdıqlarım da qızılı rəngə çalır, huşyar oxucu payız ovqatının rəng çalarını, palitrasını elə ilk sətirdə, ilk baxışda tuta biləcək, duyacaq, hiss edəcək, hələ bəlkə həzinliyindən xəfif-xəfif üşüyəcək də.

Payızmı deyim, ilin son baharımı, ömrümüzün qürub çağımı? Fərqi nə? Bu deyimlər mənanı dəyişmir. Dəyişən təbiətin yaşıl donunu sarı ilə əvəzlənməsi, payız ovqatına köklənməsidir. Payız gecikən sevgilərin vida çağı, sevən qəlblərin, ilıq da olsa, hərarətlənməsidir həm də.

...Görən payızın rəngi niyə sarıdır? Axı, sarı qorxunun rəngidir. Bəlkə əlində olanını itirməyindən qorxur, bu cah-cəlallı dövranının bitirməyinin qorxusundan sarısını udub payız?  Ötən günlərinin xiffətindən saralıb bəlkə? Nə sirdirsə, bu sarılıqda bir ilahi gözəlllik, əsrarəngizlik, məna gizlənir. Payız dünyamızın axirət körpüsümü – bilmirəm... Bildiyim budur ki, payız Allahın da sevdiyi fəsildir. Adı Qurani-Kərimdə keçən cənnət meyvələrinin hamısı bu fəsildə yetişir: nar, alma, üzüm, xurma, zeytun və s. Bəlkə elə cənnətin özüdür payız –biz agah deyilik?

…Hər nə isə, ən yaxşısı budur ki, ömrümüzün daha bir payızını dolu-dolu yaşayaq. Və bu böyük fürsətə görə hər birimizin Uca Yaradana şükranlıq borcumuzu da unutmayaq.

Ən yaxşısı, ovqatınızı “qızıl” duyğulara kökləyim, sizə cənnət məkandan –  “cənub mirvarisi, qızıl Lənkəran”dan söz açım. Heç bilirsiniz Lənkəran payızda necə gözəl görünür? Sapsarı narıngilərin, portaxalların, limonların qızılı görünüşü, sitrus meyvə bağlarının sarı donu, xoş rayihəsi könül oxşayır. Payızda bu yerdə arzular da qızılı rəngə çalır, röyalara limon qoxusu qarışır. Amma heç bir qoxu bu yerlərin tanıtımı olan dəmirağacından aldığınız xoş rayihənin yerini verə bilməz! Düzünü deyim, ilin bu vədəsində Talış meşələrinin görünüşünü, gözəlliyini təsvir etmək qələmin gücündə deyil! Bu ilahi cazibəni vəsf etməyə  sözün çalarları yetmir. Necə deyərlər, min eşitməkdənsə, bir görməyiniz lazımdır. Ən yaxşısı, təbiətin ilahi vədəsinin – qızılı payızının möcüzəli sehrinə düşmək, könlünüzdə sapsarı xəyallar dünyası qurmaq istəyirsinizsə, yolunuzu Lənkərandan salın... Gecikməyin!

Esmira İSMAYILOVA, 

Lənkəran

Fotolar Xalid KƏRİMOVUNDUR

 

Seçilən
32
xalqqazeti.az

1Mənbələr