AZ

QHT sədri Zenfira Mustafayeva: “Dünyamızı xilas edək!”

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bu il Azərbaycanda keçirilən COP-29 tədbiri ilə bağlı fikirlərini QHT.az-la bölüşüb. O, ölkəmizin əsrarəngiz təbiəti və bənzərsiz iqlim müxtəlifliyinə diqqət çəkərək, Azərbaycanın dünya miqyasında təbii zənginliklərə malik olduğunu vurğulayıb:

"Hər il dünya liderlərinin birgə iştirakı ilə keçirilən COP tədbirləri bu il, bəlkə də yer kürəsində ən gözəl ölkələrdən biri olan Azərbaycanımızda keçirilir. Ölkəmiz öz əsrarəngiz təbiəti ilə seçilir, çünki 9 iqlim qurşağına malikdir. Elə bir nemət yoxdur ki, Vətənimizdə yetişməsin. Çay plantasiyaları, sitrus meyvələri, şaftalı, alma, heyva, nar, ərik, gilas bağları, tərəvəz tarlalarımız mövcuddur. Ölkəmizə gələn qonaqlar bizim nemətləri dadıb, Vətənimizin gözəlliyini görüb heyran qalırlar".

Zenfira Mustafayeva qeyd edib ki, COP-29 tədbirinin əsas məqsədi yer kürəsinin qlobal istiləşmə, şəhərləşmə, susuzluq, oksigen qıtlığı və atmosfer çirklənməsindən qorunması üçün beynəlxalq səviyyədə həll yolları tapmaqdır:

"Bu tədbirlərin əsas məqsədi planetlər arasında yeganə canlı varlıqların yaşaması üçün hər cür şəraiti olan yer kürəsinin gələcəyini qorumaqdır. Qlobal istiləşmənin, şəhərləşmənin, susuzluğun, oksigen qıtlığının və atmosfer təbəqəsinin çirklənməsinin qarşısını almaq, həmçinin canlı növlərinin məhv olmasının qarşısını almaq bu tədbirin əsas hədəflərindəndir".

Sonda QHT sədri vurğulayıb ki, bu qlobal problemin qarşısını yalnız bütün dövlətlərin liderləri bir araya gələrək həll edə bilərlər:

"Bu gün liderlər Bakıda toplaşıblar və inanırıq ki, bu görüşlər yer kürəsinin gələcəyini qorumaq üçün mühüm nəticələr verəcək. Çünki insanın və digər canlı növlərinin gələcəyi təhlükə altındadır. COP-29 tədbirində iştirak edən bütün dövlət rəsmilərinə və qonaqlara uğurlar arzu edirik".

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
34
qht.az

1Mənbələr