AZ

Pərviz Şahbazov strateji enerji layihələrindən danışdı

"Bugünkü təşəbbüslərlə biz bərpa olunan enerjiyə sürətli keçidə olan sadiqliyimizi nümayiş etdirəcəyik".
 
Moderator.az xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov "Yaşıl enerji, Hidrogen və Qlobal Enerji Ehtiyatı və Şəbəkələrinə həsr olunmuş Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı bildirib.
 
Nazir Azərbaycanın enerji sahəsindəki strateji layihələrinə diqqət çəkib:
 
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin enerji keçidinə verdiyi güclü dəstək, Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları təşəbbüsü, eləcə də Xəzərdən Avropaya yaşıl enerjinin tədarükü üçün şaxələndirilmiş enerji infrastrukturunun yaradılmasına yönəlmiş uzaqgörən siyasəti sayəsində ölkəmiz regionda bərpa olunan enerjinin avanqardı kimi strateji layihələr həyata keçirir. Bu səylər Azərbaycanın gələcəyini təmiz enerji üzərində qurmaqla yanaşı, bölgədə və dünyada yaşıl enerjinin inkişafını sürətləndirmək və maneələri aradan qaldırmaq məqsədi daşıyan COP29-un enerji təşəbbüslərinin də hərəkətverici qüvvəsidir.
 
Azərbaycanın irəli sürdüyü 5 komponentdən ibarət 3 enerji təşəbbüsü COP28-in bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyən konkret həllər təqdim edir. Bunlardan biri yaşıl enerji dəhlizi və yaşıl enerji zonalarının yaradılmasını təşviq edən “Yaşıl Enerji Vədi”dir. Yaşıl enerji dəhlizləri bərpa olunan enerjinin geniş miqyasda ötürülməsi və istehlak mərkəzlərindən uzaqda yerləşən yüksək potensiallı enerji mənbələrinin istifadəsi üçün effektiv vasitədir. Yaşıl enerji dəhlizlərinin inkişafı üçün regional əməkdaşlıq və uyğun tənzimləyici çərçivələrin yaradılması, həmçinin dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, HVDC kabellərinin istehsalının artırılması əsas prioritetlərdir. Azərbaycan hazırda Xəzər-Qara Dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyata keçirir. Bu dəhlizlər Azərbaycanın yalnız enerji ixracında deyil, həm də qlobal dayanıqlı inkişafda öncül bir mövqeyə sahib olmaq niyyətini əks etdirir".
 
Pərviz Şahbazov yaşıl enerji zonalarından da bəhs edərək qeyd edib ki, bu zonalar xalis sıfır emissiyaya çatmaq yolunda strateji əhəmiyyətə malikdir:
 
"Bərpa olunan enerji resursları ilə zəngin ərazilərdə qurulan və yalnız təmiz enerjinin istifadəsinə əsaslanan bu zonalar investisiyaların cəlbinə, dayanıqlı iqtisadi artımın təmin olunmasına və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir.
 
İkinci təşəbbüs, Enerjinin Saxlanması və Enerji Şəbəkələri üzrə Qlobal Vəd 2030-cu ilə qədər enerji saxlanc sistemlərinin qoyuluş gücünün 6 dəfə artırılaraq 1500 QVt-a çatdırılmasını nəzərdə tutur. Bu kollektiv hədəf  saxlanc sistemlərinə sərmayələrin təşviqi və yeni texnologiyaların  tətbiqi kimi elementləri də əhatə edir. Təşəbbüsün digər komponenti enerji şəbəkələrinə və ötürmə sistemlərinə sərmayələrin artırılmasını, mövcud infrastrukturun modernizasiyası və genişlənməsini nəzərdə tutur. Bu çərçivədə 2030-cu ilədək qlobal səviyyədə 25 milyon kilometr,  2040-cı ilə qədər isə daha 65 milyon kilometr şəbəkənin əlavə edilməsi və ya yenilənməsi öhdəliyi daxil edilib.
 
Bu təşəbbüs mövcud şəbəkə infrastrukturunun dəyişkən bərpa olunan enerjini dəstəkləməkdəki çatışmazlıqlarını aradan qaldırmaq, daha böyük həcmlərdə yaşıl enerji güclərini şəbəkəyə inteqrasiya etmək və enerji təchizatı ilə tələbat arasında tarazlığı təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.
 
Üçüncü təşəbbüs COP29 Hidrogen Bəyannaməsi adlanır. Hidrogen sıfır emissiyalı gələcəyə gedən yolda güclü bir enerji mənbəyidir. Onun tətbiqi sənaye, nəqliyyat və enerji sektorlarını daha yaşıl və dayanıqlı edəcək, bərpa olunan enerjinin potensialını tam olaraq açacaq. Hidrogen Bəyannaməsi hidrogen sahəsindəki ambisiyaları və enerji keçidində hidrogenin rolunu dəstəkləyən ümumi öhdəlikləri, eləcə də hidrogen standartlarının və sertifikatlaşdırılmasını təşviqinə yönəlik tədbirləri əhatə edir.
 
Yaşıl hidrogen Azərbaycanın enerji ixrac portfelinin diversifikasiyası və dekarbonizasiya siyasətinin vacib elementidir və COP çərçivəsində hidrogen strategiyasını açıqlaması da bu istiqamətdəki qətiyyətini göstərir".
 
Energetika naziri əlavə edib ki, bu təşəbbüslər iqlim hədəflərinə çatmaq üçün həm dövlət, həm də qeyri-dövlət aktorlarına güclü stimul verəcək.

Seçilən
30
5
moderator.az

6Mənbələr