AZ

BDU tələbələrinin bu təşkilatında “kim geri çəkilsə, fiziki məhv ediləcək” tələbi qoyulub...

“...Hacı Zeynalov keçmişin qalığının ailəsində anadan olmuşdur. Atası Zeynalov Həbib Məmməd oğlunun keçmişdə xüsusi apteki olub... Qardaşı Heybət və dayısı Məşədi Əhmədov Hacı Mirzə Hadı oğlu ilə birlikdə xüsusi hamamları olub. İri, böyük ev sahibidir. İnqilabdan sonra yuxarıda deyilənlər müsadirə edilib...” 

"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...

Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...              

(Əvvəli burada:)
 
“Şərqşünaslıq.Tələbə:Zeynalov Hacı 
 
“İstintaq materiallarından aydın olur ki, gizli təşkilatın üzvlərindən biri də Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin V kurs tələbəsi Zeynalov Hacı Həbib oğlu olmuşdu. 01 noyabr 1948-ci ildə Azərb. SSR DİN-nin V şöbəsinin IV bölməsinin rəisinin tərtib etdiyi arayışda göstərilib ki, “H.Zeynalovun fəaliyyəti araşdırılaraq müəyyən edilmişdir ki, o keçmişdə iri ticarətçi, xüsusi mülkiyyətçi ailəsində anadan olmuşdur. XDİK tərəfindən bir neçə yaxın qohumu fəal müsavatçı fəaliyyətinə görə həbs olunub, müxtəlif cəza alıb”. 
 
Bunu nəzərə alaraq müstəntiq onun həbsini zəruri hesab edən qərar qəbul edir. Onun həbs qərarını Dövlət Təhlükəsizliyi Naziri general-mayor Yemelyanov 2 noyabr 1948-ci il tarixdə təsdiq etmişdir.
H.Zeynalovun həbs edilməsi haqındakı qərarda qeyd edilir ki, Azərb. SSR DİN tərəfindən həbs edilən İsmixan Rəhimov 28 sentyabr 1948-ci ildəki ifadəsində göstərmişdir ki, 1944-cü ildən Bakı şəhərində ali məktəb tələbələri içərisində qarşılarına azadlıq, müstəqillik, mili Azərbaycan respublikası yaratmağı qoyan antisovet milətçi gənclər təşkilatı mövcud olmuşdur.
 
 “...Bu təşkilatın fəal üzvlərindən biri Zeynalov Hacı Həbib oğlu olmuşdur. O, təşkilatın keçirilmiş bütün iclaslarında iştirak etmişdir. Bu iclasın bəzisi hətta onun evində keçirilmişdir. Zeynalov özü şəxsən Kirov adına ADU-nun tələbələrini antisovet millətçi gənclər təşkilatına hazırlamış və cəlb etmişdir”.
 
Yuxarıda deyilənləri nəzərə alan müstəntiq H.Zeynalovu həbs edərək evində axtarış aparılması qərarına gəlib. Qərar V şöbənin rəisi, podpolkovnik Lavruxin tərəfindən təsdiq olunur.
 
H.Zeynalov həbs olunarkən tərtib etdiyi anketdə 1923-cü ildə Lənkəran şəhərinə doğulduğunu, ADU-nun şərqşünaslıq fakültəsinin V kursunda oxuduğunu, subay və azərbaycanlı olduğunu göstərmişdir.
 
O, bacısının 1914-cü ildə anadan olmuş Məmmədova Tahirə Həbib qızı, atasının 1889-cu il doğumlu Zeynalov Həbib Məmməd oğlu, anasının 1893-cü il doğumlu Zeynalova Maral Məcid qızı olduğunu qeyd etmişdir. 
 
Nədənsə o, anket məlumatlarında II Dünya müharibəsinin rus-alman döyüşlərində həlak olan qardaşları Kərim və babasının adı qoyulmuş Məmməd barədə məlumat verməmişdi. 
 
Müstəntiqin qərarı ilə H.Zeynalovun evində DİN-in əməkdaşı və iki qonşunun iştirakı ilə axtarış aparılmış və bu barədə protokol yazılmışdır. 
 
Protokoldan aydın olur ki, onun evində müxtəlif kitablar, yemək kartoçkası, yazı bloknotu, dəftər, 70 səhifədən çox əlyazma, məktublar, tələbə, komsomol bileti və həmkarlar təşkilatını üzvü olması barədə sənəd olmuşdur.
 
İstintaq materillarından aydın olur ki, H.Zeynalovun valideynləri də orada yaşadığı üçün evin qapısı möhürlənməmişdir.
 
Maraqlıdır ki, evdən qiymətli əşya, pul, silah-sursat tapılmamışdır. Görünür, elə buna görə axtarışdan şikayət edilməmişdir.
 
H.Zeynalovun həbsindən bir qədər sonra, 25 fevral 1949-cu ildə universitet komsomolu “ayıqlıq” göstərərək onu öz sıralarından xaric etmişdir.
 
Cinayət işində maraqlı sənədlərdən biri Lənkəran şəhər xalq deputatları soveti icraiyyə komitəsinin sədri və katibinin imzası ilə H.Zeynalovun ailəsi haqqında göndərdiyi arayışdır. Orada qeyd edilir ki, “...Hacı Zeynalov keçmişin qalığının ailəsində anadan olmuşdur. Atası Zeynalov Həbib Məmməd oğlunun keçmişdə xüsusi apteki olub. Vətəndaş Zeynalov Həbib Məşədi Məmməd oğlunun qardaşı Heybət və dayısı Məşədi Əhmədov Hacı Mirzə Hadı oğlu ilə birlikdə xüsusi hamamları olub. İri, böyük ev sahibidir. İnqilabdan sonra yuxarıda deyilənlər müsadirə edilib”. 
H.Zeynalovun ilk istintaq 3 oktyabr 1948-ci ildə saat 11:00-da başlamış, 16:00-da qurtarmışdır.
 
İstintaqın əvvəlində müstəntiq ondan anket məlumatlarını təsdiq edib-etmədiyini, əlavəsi olub-olmadığını soruşub. O, məlumatları təsdiq edib göstərir ki, atası yaşlıdır, mağazada gözətçi işləyir, yaşlı qadın olan anası evdar qadındır. Qardaşlarının hər ikisi – Zeynalov Kərim və Zeynalov Məmməd II Dünya müharibəsində həlak olublar. Antisovet qiyamlarda, sovet işğal sisteminə qarşı dəstələrdə, qaçaqçılıq hərəkatında iştirak etməyib.
 
Müstəntiq ondan tərcümeyi-halı haqqında daha ətraflı məlumat verməyi tələb edib. O, anket məlumatlarında yazdıqlarını təkrar etsə də, həyatı haqqında bir çox yeni məsələlərə aydınlıq gətirib. Ən çox maraq doğuran isə sovet dövründə böyük qəbahətlərdən hesab olunan atasının muzdlu əməkdən istifadə etməsi haqqındakı sözlərdir.  
 
“Mən Zeynalov Hacı Həbib oğlu 1923-cü ildə Lənkəran şəhərində ticarətçi ailəsində doğulmuşam. Atam muzdlu əməkdən istifadə edib. 1933-cü ilə qədər Lənkəran şəhərində xüsusi apteki olub. Qardaşı ilə birlikdə 1933-cü ilə qədər hamamları var idi. Atam Zeynalov Həbib 1933-cü ildən ailəsi ilə birlikdə Bakıya köçüb müxtəlif idarələrdə, müxtəlif işlərdə işləyib. Hazırda isə mağazada gözətçidir. 1933-34-cü tədris ilində 132 saylı məktəbin I sinfinə getmiş, 1942-cildə oranı bitirmişəm. Məktəbi bitirdikdən sonra 1942-43-cü tədris ilində Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşam. Hal-hazırda diplom işinə çıxmışam. ADU-ya girənə qədər Nəqliyyat texnikumunda oxumuş, 01 noyabr 1943-cü ilə qədər səfərbərlik əsasında qulluq etmiş, 958 saylı hərbi anbarın qoruqçusu olmuşam. Həbs olunan vaxt həm də Azərb. SR EA “Xəbərlər”inin redaksiyasında işləmişəm”. 
 
Bu məlumatdan sonra müstəntiq ondan “Yaxın qohumlarından keçmiş kulak, səsdən məhrum edilmiş və Sovet hakimiyyət orqanları tərəfindən həbs olunanlar varmı” deyə soruşub. 
 
“Cavab: Yaxın qohumlarımdan yoxdur. Atamın əmisi Zeynalov Heybət keçmişdə həbs olunub. Nə üstündə həbs olunub, nə qədər iş alıb bilmirəm. Hazırda Bakı şəhərində Qalada yaşayır. Kiminlə yaşadığını heç bir əlaqəm olmadığı üçün bilmirəm. Digər həbs olunanımız yoxdur”.
 
Suallardan biri də xaricdə qohumlarının olub-olmaması ilə bağlı olmuşdur.
 
Görünür ki, müstəntiqin H. Zeynalovun İranda qohumlarının olması ilə bağlı məlumatı olmuşdur. Bəlkə də, bu sualla o,H.Zeynalovun suallara nə qədər doğru cavab verdiyini yoxlamaq istəmişdi. H. Zeynalov cavabında atasının çoxdan İrana köçüb orada yerləşən Xanım adında bacısının və bacısı oğlunun yaşadığını, ancaq yeznələrinin adını bilmədiyini, onları görmədiyini, heç bir əlaqələrinin olmadığını bildirir.
 
Müstəntiqin H.Zeynalova növbəti sualı əlaqələri, tanışları, yoldaşları haqqında məlumat verməyi ilə bağlı olmuşdur...
 
(...)
 
Müstəntiqin yoldaşlarından kiminlə aralarında inciklik, ədavət, şəxsi qərəzlik olduğu sualına isə o belə cavab verib: “Mustafayev Mirəbdülvahab. 48-50 yaşlarında. Mən onun qızını istəyirdim, evlənmək fikrim var idi. O buna razılıq vermədi, məni “axmaq şair” adlandırdı. Hətta məni təhdid etdi. Hesab edirəm ki, o mənə böhtan ata bilər”.
 
Bu “girişdən” sonra müstəntiq əsas məsləyə keçərək onun antisovet və millətçi fəaliyyətə görə həbs olunduğunu bildirib, belə fəaliyyətin mahiyyəti haqqında danışmağı tələb edir. Lakin o bunu inkar edib.
 
Növbəti istintaq səhərisi, 4 oktyabr 1948-ci ildə, saat 20:35-də başlayıb.   
 
Müstəntiq H.Zeynalova istintaqda onun antisovet və millətçi fəaliyyətlə məşğul olduğu haqda təkzibedilməz sübutların olduğunu bildirib tələb edir ki, həqiqəti söyləsin. Lakin H.Zeynalov bunların doğru olmadığını bildirib. 
 
Müstəntiq yenidən ondan doğru danışmağı, müqaviməti dayandırmağı, əks halda “ifşa olunacağını” söyləyib. 
 
“ Cavab: ... mən heç bir antisovet və millətçi fəaliyyətlə məşğul olmamışam... mahiyyət haqqında heç nə bilmirəm”  
 
Beləliklə, ikinci istintaq da yekunlaşır. Bundan iki gün sonra, 6 oktyabr 1948-ci ildə saat 20:30-da üçüncü istintaq olub. 
 
Bu dəfə müstəntiqin ilk sualı keçən istintaqda dostlarının heç də hamısı haqqında məlumat verməməsi, bu səbəblə də digərləri barədə də geniş danışması ilə bağlı olmuşdur...
 
(...)
 
Müstəntiq H.Zeynalovdan 3 oktyabr 1948-ci ildə istintaqa Gülhüseyn Abdullayevlə yaxın dost olduğunu, tez-tez görüşdüklərini, bir-birinin evinə gedib gəldiyini, ancaq 1946-cı ildən ayrıldığını, az-az görüşdüyünü söylədiyini, indi isə buna aydınlıq gətirməsini istəyib. 
 
“Cavab: 1946-cı ilə qədər Abdullayev Gülhüseyn bizim evə yaxın yerdə, qalada yaşayırdı, subay idi. Ona görə tez-tez görüşürdük. 1946-cı ildə, Abdullayev Gülhüseyn ADU-nu bitirdikdən sonra evləndi, yaşayış yerini dəyişdi. Onun evli, mənim isə subay olmam səbəbi ilə artıq bir-birimizin evinə gedib gəlmədik”. 
 
Belə girişdən sonra müstəntiq əsas məsələyə keçib H.Zeynalovdan  antisovet, millətçi fəaliyyətə görə həbs olunduğundan bu barədə geniş, doğru danışmağı tələb edib. O isə əvvəlki kimi antisovet millətçi gənclər təşkilatının üzvü olmadığını, belə fəaliyyət göstərmədiyini bildirir. Bununla da  istintaq gecə 01:25-də qurtarır.
 
15 oktyabr 1948-ci ildə Dövlət Təhlükəsizliyi nazirliyinin şöbə rəisinin müavini kapitan Pivarov bu istintaqlara əsaslanaraq H.Zeynalovun günahkar olması barədə qərar qəbul edib.
 
Qərarda deyilir: “Sovet hakimiyyətinə qarşı düşmən münasibət bəslədiyindən, antisovet millətçi gənclər təşkilatının üzvü, ətrafı içərisində antisovet millətçi fikirlər aşılayan, bu istiqamətdə  iş aparan Zeynalov Hacı Həbib oğlu Azərbaycan SSR cinayət məcəlləsinin 72, 73-cü maddələri ilə günahkar hesab edilsin”.
 
Üçüncü istintaqdan doqquz gün sonra,15 oktyabr 1948-ci ildə dördüncü istintaq həyata  keçirilib.
 
Müstəntiq H.Zeynalova ittiham aktının  təqdim olunduğunu, onun Azərbaycan SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələri ilə ittiham olunduğunu bildirib göstərir ki, “... Sovet hakimiyyətinə qarşı düşmən əhval-ruhiyyədə olmaqda, antisovet təşkilatın üzvü, ətrafında sovet hakimiyyətinə qarşı antisovet millətçi görüşlər təbliğ etməkdə ittiham edilirsən. Özünü günahkar hesab edirsənmi ? ”.  
 
Təqsirləndirilən bunları qəbul etməyərək iddiaları rədd edib.
 
Müstəntiq istintaqda H.Zeynalovun antisovet millətçi gənclər təşkilatının üzvü olması və antisovet millətçi təbliğat aparması haqqında “kifayət qədər təkzibedilməz” məlumatlar olması səbəbi ilə müqaviməti dayandırmağı, hər şeyi səmimi boynuna almağı təklif edir. Cavab əvvəlki kimi “ Bu mənə qarşı böhtandır, rədd edirəm” olub.
 
Bu cavabdan sonra müstəntiq kimin ona böhtan ata biləcəyini soruşub. 
 
“Cavab: Mənə böhtan ata bilən adamlar aşağıdakılardır: Ələsgərov Azər və Zeynalov Hidayət Ələkbər oğlu. Çünki onlarla normal münasibətim olmayıb.  Hər ikisi ilə 1946-cı ildə, gününü xatırlamıram,  qısqanclığa görə mübahisə etmişəm ”.
 
Müstəntiq yenidən əsas məsələyə keçib təqsirləndiriləndən antisovet millətçi fəaliyyəti haqında danışmağı tələb etsə də, yenə rədd cavabı alıb.  O bu cavabla kifatətlənməyərək yenidən istintaqa H.Zeynalovun antisovet millətçi gənclər təşkilatına üzv olması barədə dəqiq məlumatlar olduğunu bildirib soruşur: “Bu belədirmi?. Cavab: Rədd edirəm”. 
 
Bu sual cavab bir neçə dəfə təkrar olunsa da, psixoloji təzyiq ən son həddə çatdırılsa da, müstəntiq onu qane edən cavabı ala bilmir.
 
Belə bir vaxtda müstəntiq otağa istintaq altında olan Rəhimov İsmixan Məmməd oğlunu dəvət edir. Hər iki şəxs onlara verilən suala cavab olaraq azadlıqda olarkən bir-birlərini tanıdıqlarını, aralarında şəxsi incikliyin, ədavətin olmadığını bildirirlər. Bundan sonra müstəntiq İ.Rəhimova özünü nədə günahkar hesab etdiyi barədə qısa məlumat verməyi söyləyir. O, cavabında istintaqda özünü antisovet millətçi gənclər təşkilatının üzvü olmaqda günahkar olduğunu etiraf etdiyini bildirir.  
Bundan sonra müstəntiq ondan özündən başqa antisovet millətçi gənclər təşkilatının başqa hansı üzvlərinin olduğunu soruşub. 
 
“Cavab: Antisovet millətçi gənclər təşkilatının digər üzvlərindən başqa mənimlə üzbəüz əyləşən Zeynalov Hacı Həbib oğlu da bu təşkilatın iştirakçısı olub. Zənnim məni aldatmırsa, təşkilatın üç iclasında o iştirak edib. Bu üç iclasdan ikisi onun evində olub”.
 
Belə cavabdan sonra müstəntiq üzünü H.Zeynalova tutub onunla üzbəüz əyləşən İ.Rəhimovun söylədiklərini eşidib-eşitmədiyini soruşur. “Bəli” cavabını aldıqdan sonra antisovet millətçi fəaliyyəti haqqında geniş, ətraflı danışmağı tələb edir.
 
Artıq etirafdan başqa yol qalmadığını görən H.Zeynalov geniş ifadə verib. 
 
“İstintaqdan xahiş edirəm səmimi olmadığım üçün məni bağışlasın. İndi başa düşürəm ki, həqiqəti danışmaq lazımdır. Birinci dəfə məni antisovet ruhda 1943-cü ildə Gülhüseyn Abdullayev hazırlayıb. O, mənimlə söhbətlərində antisovet fikirlər söylədi. Bu vaxtdan mən onun həmfikri və antisovet millətçi gənclər təşkilatının üzvü oldum”. 
 
Bununla da saat 17:00- da dördüncü istintaq başa çatıb. 
 
Saat neçədə başlandığı qeyd edilməyən beşinci istintaq 18 oktyabr 1948-ci ildə olmuşdur.
 
Müstəntiq H.Zeynalovdan əks-inqilabçı millətçi ruhda  təşkilata kimin vasitəsilə cəlb edilməsi barədə ətraflı məlumat verməyi söyləyir. 
 
“Cavab: Məni ilk dəfə orta məktəb illərindən tanıdığım Abdullayev Gülhüseyn Hüseyn oğlu antisovet ruhda hazırlayıb. Biz Voroşilov rayonu 132 saylı məktəbdə oxuyurduq, həm də qonşu idik. Demək olar ki, hər gün bir-birimizin evinə gedirdik. 1943-cü ildə mən Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil oldum. Abdullayev Gülhüseyn Hüseyn oğlu isə filologiya fakültəsində oxuyurdu. Bu bizi daha da yaxınlaşdırdı. 1943-cü ildən başlayaraq G.Abdullayev mənimlə görüşdə sistemli olaraq müasir Azərbaycan gəncliyinin və Azərbaycan ədəbiyyatının vəziyyətindən narazılığını bildirirdi. O söyləyirdi ki, Azərbaycan ədəbiyyatı xarici sözlərlə zibillənib. Belə bir vəziyyətdə onun inkişafı mümkün deyil. Sonra o bildirirdi ki, “Respublikada yaşayan Azərbaycan ədəbi gənc kadrlar sıxışdırılır. Mən onun antisovet görüşləri ilə razılaşdım. Bir neçə belə söhbətdən sonra Abdullayev Gülhüseyn əmin oldu ki, artıq mən onun həmfikriyəm. Onda mənə söylədi ki, səni bir neçə antisovet görüşlü adamlarla tanış edəcəm”.
 
H.Zeynalova növbəti sual Gülhüseyn Abdulayevin onu “antisovet millətçi gənclər təşkilatının” üzvləri ilə hansı şəraitdə tanış etməsi ilə bağlı olub. 
 
“Cavab: 1943-cü ilin oktyabr və ya noyabr ayında gündüz saat təqribən 5-6 arası mən öz evimdə idim. Əvvəlcə G.Abdullayev, onun ardınca İ.Rəhimov, K.Əliyev A.Vahidov bizə gəldi. Dərhal G.Abdullayev bildirdi ki, onlar hamısı antisovet millətçi gənclər təşkilatının üzvləridir. Doğrudur, mən onları bir dost kimi xeyli müddət idi ki, tanıyırdım. İştirak edənlərdən Kamil Əliyev çıxış edib dedi: 
 
“Burada iştirak edənlərin hamısı bizim antisovet millətçi gənclər təşkilatının üzvləridir. Hamı bir nəfər kimi intizama ciddi əməl etməlidir. Kim əməl etməsə, təşkilatın işindən geri çəkilsə, fiziki cəhətdən məhv ediləcək. Bir sözlə, bu çox ciddi işdir. Hamı buna belə yanaşmalıdır. Bundan sonra G.Abdullayev çıxış edib məni şəxsən xəbərdar etdi ki, ciddi olum, verilən tapşırıqları yerinə yetirim, intizama əməl edim. Sonra İ.Rəhimov çıxış edib söylədi ki, Gülhüseyn çox lazımlı, çox əlverişli adam seçib. Bununla iclas qurtardı”.
 
Belə cavabdan sonra müstəntiq ondan ikinci iclasın harada və nə vaxt keçirildiyini, hansı məsələlərin müzakirə edildiyini soruşur. Cavabında o, ikinci iclasın birincidən altı-yeddi gün sonra, onların evində toplandığını bildirib, iştirak edənlərin Gülhüseyn Abdullayev, İsmixan Rəhimov, Aydın Vahidov, Kamal Əliyev, Azər Ələsgərov və Musa Abdullayev olduğunu söyləyir. O, Azər Ələsgərov və Musa Abdullayevin təşkilata yeni qəbul olunduğunu deyir. 
 
“... M.Abdullayevi İ.Rəhimov təqdim edib müsbət xarakterizə etdi. A.Ələsgərovu isə G.Abdullayev və mən iştirakçılarla tanış etdim. Onu müsbət cəhətdən xarakterizə etdik”.
 
Müstəntiq Azər Ələsgərovun təşkilata konkret olaraq kim tərəfindən cəlb edilməsini soruşur. O, bu işi G.Abdullayevlə birgə gördüyünü, ancaq yığıncaqda Gülhüseynin ona A.Ələsgərovu antisovet ruhda formalaşdırarkən ehtiyatsız hərəkət etməsi, konspirasiyaya əməl etməməsi barədə də eyham vurduğunu söyləyir. 
 
Müstəntiq ondan iclasda hansı məsələlərin müzakirə edilməsi barədə danışmağı tələb edir.
 “Cavab: Bu iclasda İ.Rəhimov məlumat verdi ki, G.Abdullayevlə birlikdə Səməd Vurğuna necə antisovet ruhda məktub hazırlamışıq. Ancaq onu  hansı yolla göndərdikləri barədə məlumat verdiyini xatırlamıram. Məktubun məzmunu, üzvlərin vəzifələrindən danışıldı. Mənə üzvlük haqlarını yığmaq tapşırıldı. Mənə qədər bu işi İ.Rəhimov həyata keçirmişdi. Digər üzvlərə nə tapşırıldığı yadımda deyil”. 
 
Müstəntiqin növbəti sualı iclası kimin aparması, sədrin kim olması ilə bağlı olur. O, dəqiq yadında olmadığını, “...səhv etmirəmsə İ.Rəhimov” olduğunu söyləməklə cavab verir. 
 
Bundan başqa H.Zeynalov təşkilatın rəhbərlərinin kim olması barədə sualı  da cavablandırarkən İsmixan Rəhimovun adını çəkib. 
Təşkilatın proqramının olub-olmaması barədə suala H.Zeynalov “xeyr” cavabını versə də, bildirir ki, “... bu barədə mənim evimdə keçirilən ikinci iclasda danışmışdıq. .. Mənə təşkilatın proqramının layihəsini hazırlamaq tapşırılmışdı. Deyilmişdi ki, hamı mənə işdə kömək etsin. Xüsusilə İ.Rəhimov mənə kömək etməli idi”.
Bununla da gecə saat 24:00-da beşinci istintaq yekunlaşıb.  
Təxminən bir ay sonra, 19 noyabr 1948-ci ildə altıncı istintaq olmuşdur.  
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Seçilən
47
moderator.az

1Mənbələr