AZ

Azərbaycanın COP29-da rolu: Qlobal məqsəd və hədəflər

Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dünyanın ən mötəbər tədbiri olan COP29 paytaxt Bakıda keçirilir. Bir neçə gündür ki öz işini uğurla davam etdirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin say tərkibinə, müzakirə olunan məsələlərin əhatə dairəsinə diqqət yetirsək Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini aydın şəkildə görərik.

Dünyanın 200 ölkəsinin yekdil qərarı ilə Azərbaycanın ekologiya dünyasının bir nömrəli tədbiri olan COP29-a uğurla ev sahibliyi etməsi cənab İlham Əliyevə olan yüksək etimad və dövlətimizin fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsinin nəticəsidir. Hazırda ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti davamlı uğurlara yol açır, yeni dostlar və tərəfdaşlar qazanmasına geniş imkanlar yaradır. Azərbaycanın xarici siyasətində müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas prioritet təşkil edir. Yeni dövrün çağırışları bu sahədə uğurların davamlılığını şərtləndirir. Ölkəmizdə yaşıl enerjiyə keçid əsas hədəfdir. Azərbaycanın yaşıl enerji tərəfdaşlarının coğrafiyası getdikcə genişlənir. Bunu indiyədək imzalanan sənədlər, eyni zamanda, COP29-un dünyanın marağında olması bir daha təsdiqləyir.
Lakin dövlətimizin yaratdığı yeni reallıqlarla barışmaq istəməyən, uğurlarımızı həzm edə bilməyən, xüsusilə də Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra ikili standartlar mövqeyindən yanaşan Fransa və Avropa İttifaqı kimi qüvvələr bizə qarşı qarayaxma kampaniyası aparır. Qərb ölkələrindəki bəzi siyasətçilər, özünü müstəqil adlandıran, lakin, dövlət nəzarətində olan QHT-lər feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevriliblər və ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Fransa və Avropa İttifaqının Azərbaycanda COP29-un boykotunu birgə təşkil etməyə göstərdiyi səylərə baxmayaraq, bir çox aparıcı Avropa ölkələri - İtaliya, İspaniya, Danimarka, Çexiya, Slovakiya, Polşa, Macarıstan, Belçika, daim praqmatik və müstəqil siyasət yürüdən Böyük Britaniya və digər ölkələr Bakıda dövlət və hökumət başçıları səviyyəsində təmsil olunublar. Hətta Parisin Nigeriya və Toqoya diplomatik təzyiqlər edərək, onların rəhbərliyinin Bakıya səfərdən imtina etməsinə çalışsalar da, onlar Fransa və Avropa İttifaqının geosiyasi ambisiyalarına məhəl qoymadan Bakıda keçirilən iqlim konfransında geniş şəkildə iştirak edirlər.
Cənab İlham Əliyev həmin qüvvələrə layiqli cavab olaraq deyib: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
COP29-da dövlət başçılarının, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin fəal iştirakı, Azərbaycanın ünvanına səsləndirilən xoş sözlər, ölkəmizlə bağlı təəssüratlar respublikamıza beynəlxalq baxışın nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Ölkəmizin qlobal problemlərin, o cümlədən iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində göstərdiyi səylər real addımlarda özünün aydın ifadəsini tapır. Bu gün Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur.
Təsadüfi deyildir ki, dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksək səviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.
Noyabrın 13-də COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunub. Bu Bəyannamənin qəbul edilməsi COP29-a Azərbaycanın Sədrliyinin növbəti uğurudur.
Azərbaycanın beynəlxalq arenada oynadığı rol, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına verdiyi töhfələr göz qabağındadır. Azərbaycanın BMT-dən sonra dünyada ikinci ən böyük siyasi təsisat olan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artırılması yönümündə atdığı addımlar qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə müxtəlif sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edilib. Bütün bunlar iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı olacaq.
Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Multikulturalizm dövlət siyasətidir və həyat tərzidir. Xalqımız etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.
COP29-un çoxsaylı iştirakçıları, qonaqların böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayacaq. Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilər hazırda genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Liderlər Sammitindəki çıxışlarda da qeyd olunduğu kimi, dağılmış şəhərlərimiz, kənd və qəsəbələrimiz Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində yenidən bərpa edilir.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın dünya dövlətlərini qlobal əməkdaşlığa növbəti çağırışının təqdimatı oldu. Bu gün ölkəmiz “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Bir sözlə yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dünya dövlətləri ilə əməkdaşlığın, inteqrasiyanın tərəfdarıdır və bütün ölkələrlə qarşılıqlı sağlam münasibətlərin qurulmasına daim hazırdır.

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri

Seçilən
36
sesqazeti.az

1Mənbələr