Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “SOCAR-da dekarbonizasiya üzrə tərəqqi: çətinliklər və nailiyyətlər” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, Boston Consulting Group (BCG) Xəzər regionu və MBD üzrə icraçı direktoru Anton Kosach, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının region direktoru Hayaşi Nobimitsu və başqaları iştirak ediblər.
İqtisadiyyat naziri M.Cabbarov çıxış edərək nəzərə çatdırıb ki, Azərbaycan dövləti karbonsuzlaşdırmanı enerji siyasətinin prioritet sahəsi hesab edir və atmosferə karbon qazının atılmasının azaldılması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirir: “Bu tədbirlər sırasında yaşıl enerjiyə keçidi qeyd etmək olar. Yaşıl enerjiyə keçid üçün Azərbaycanın böyük potensialı var. Bu potensialdan istifadə həm daxili tələbatı ödəməyə, həm də əldə olunan yaşıl enerjini ixrac etməyə imkan verir. Hazırda işğaldan azad edilən Qarabağda yaşıl enerji istehsalı üçün genişmiqyaslı işlər görülür. Hazırda Azərbaycan nəinki yaşıl enerji istehsalı üzərində çalışır, eyni zamanda, yaşıl enerjinin Avropaya ixracı üçün Özbəkistan və Qazaxıstan kimi ölkələrlə yaxın əməkdaşlıq edir. Bu ölkələrin də geniş yaşıl enerji istehsalı potensialı var. Azərbaycan Mərkəzi Asiyadakı partnyorları ilə Xəzər dənizinin dibi ilə kabel çəkib bu region ölkələrində istehsal olunan enerjini tranzit olaraq Avropaya ixrac etməyi planlaşdırıb. COP29 çərçivəsində hər 3 dövlət bu barədə sənəd imzaladı. Bu əməkdaşlıqla Xəzər dənizi ilə Qara dəniz arasında geniş enerji dəhlizi yaradılacaq”.
SOCAR-ın prezidenti R.Nəcəf isə çıxışında bildirib ki, enerji transformasiyasına nail olmaq üçün şirkət sərmayə yatırmağa və yaşıl enerji istehsalını artırmağa çalışır: “Bu istiqamətdə beynəlxalq təşkilatlar və təcrübəli şirkətlərlə əməkdaşlıq əlaqələri qurulub”.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev şirkətin enerji transformasiyası istiqamətində həyata keçirdiyi işlərin təqdimatını keçirib.
Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının region üzrə direktoru Hayaşi Nobimitsu isə bildirib ki, dekarbonizasiyaya nail olmaq üçün iri banklar sərmayə yatırımının həcmini artırmalı, günəş, külək və dağ çayları bol olan ölkələri müəyyən etməlidirlər. Digər çıxış edənlər də korbonsuzlaşmanın azaldılması üçün yaşıl enerjiyə keçidin zəruri olduğunu bildiriblər. Nəzərə çatdırılıb ki, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq edir: “Azərbaycan kimi təbiəti zəngin olan ölkələr enerji keçidini uğurla başa çatdıra bilərlər. Bu işin müsbət nəticələnməsi üçün həm dövlət, həm də qeyri-dövlət bankları sərmayə yatırmalı və yeni texnologiyalardan səmərəli istifadə etməlidirlər”.
Daha sonra müzakirələr baş tutub və məruzəçilər iştirakçıların suallarını cavblandırıblar.
***
"SOCAR yaşıl təşəbbüslərin təşviqi və istehsal prosesində formalaşan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması istiqamətində məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində fəal iştirakçı kimi nümunəvi model yaradır".
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:
"COP29 çərçivəsində keçirilən "SOCAR-ın dekarbonizasiya fəaliyyəti: çağırışlar və nailiyyətlər" tədbirində şirkətin dekarbonizasiya hədəfləri, bu hədəflərə doğru atılan addımlar, enerji keçidi, aşağı karbonlu bizneslərin inkişaf etdirilməsinə dair fəaliyyətlərdən bəhs etdik. Bununla yanaşı, SOCAR-ın timsalında neft şirkətlərinin təmiz ekoloji mühitin yaradılmasına potensial töhfələri, dayanıqlı həllərə doğru transformasiya və bu istiqamətdə beynəlxalq səviyyəli şirkətlərin ətraf mühitin mühafizəsinə dair öhdəlikləri üzrə fikir mübadiləsi apardıq".