AZ

Danimarkada QƏRİBƏ HADİSƏ: Evindən 80-ə yaxın silah çıxdı

Danimarkada silah amnistiyası çərçivəsində bir şəxs evini təmizləyərkən tapdığı 80-ə yaxın odlu silah, 140kq. döyüş sursatı və əl qumbarasını polisə təhvil verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Danimarka hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, şəxsiyyəti açıqlanmayan şəxs 62 tapança və 18 digər odlu silah, o cümlədən tüfəng və avtomatlar, həmçinin döyüş sursatı, müxtəlif kiçik silah hissələri və əl qumbarasını təhvil verib. Polis tapılan silahların İkinci Dünya müharibəsinə aid olduğunu güman edir.

Qeyd edək ki, silahlar icazəsiz silahların cinayətkar qruplaşmalara keçməsinin qarşısını almaq üçün hakimiyyət tərəfindən elan edilmiş ümummilli amnistiya çərçivəsində polisə təhvil verilib. Yerli polisdən bildirilib ki, insanlar noyabr ayına qədər cinayət məsuliyyətinə cəlb edilmədən silahlarını təhvil verə bilərlər.

Xatırladaq ki, son illərdə Skandinaviya ölkəsində ərazi və narkotiklər uğrunda mübarizə aparan cinayətkar dəstələr arasında zorakılıq halları artıb. Amnistiyanın ilk 12 günündə rəsmi məlumatlara görə, təxminən 8.402 maddə təhvil verilib.

Mayıl Soltanov

Seçilən
59
yenicag.az

1Mənbələr